“Hüquqi maarifləndirmə” adı ilə silinən milyonluq qrantların nəticəsində…
Xanlar Xoca: “Ölkənin demək olar ki, 90% əhalisi öz hüquq və vəzifələrini bilmir”
Adətən vətəndaşların dövlət qurumlarında, müəssisələrində, eləcə də özəl təşkilatlarda tez-tez çətinliklə qarşılaşdığının şahidi oluruq. Müəssisə əməkdaşları hər vəchlə vətəndaşın problemini həll etməkdən yayınır. Adi arayış almaq istəyən vətəndaş günlərlə “süründürülür”.
Təbii ki, burada ilk problem vətəndaşın öz hüquq və vəzifələri bilməməsindədir. Belə olan halda da vətəndaş aidiyyatı qurumdan probleminin həllini tələb edə bilmir. Müxtəlif maneələrlə rastlaşır. Nəticədə daha ciddi problemlər yaranır. Vətəndaşlar öz hüquq və vəzifələrini nə dərəcədə bilirlər? Hansı sahədə axsamalar var? sualları ilə Advokat Hüquq Şirkətinin direktoru Xanlar Xocanın fikrini öyrənməyə çalışdıq:
“Ümumiyyətlə, milyonlarla qrant alan QHT-lərə baxıram, cəmiyyətdəki hüquqi savadsızlığa baxıram məəttəl qalıram ki, bu qədər pulları hara xərcləyirlər. Bu günün özündə də dövlətdən qrant alanlar var, guya hardasa hüquqi maarifləndirməklə bağlı təlim keçirlər, Amma nəticə yoxdur. Bu gün vətəndaşlar hətta nikah yaşını, səsvermə hüququ yarandığı yaşı bilmirlər. Əgər bu gün ölkə vətəndaşı nikah yaşının 16 olduğunu düşünürsə deməli hüquqi maarifçilik sahəsində ciddi problemlər var və burda məsuliyyət vətəndaş cəmiyyətinin üzərinə düşür. Ölkənin demək olar ki, 90% əhalisi öz hüquq və vəzifələrini bilmir, Ən çox da problemlər ailə və mülkiyyət məsələləri ilə bağlı olur. İnsanlar ailə qurarkən nikahı rəsmiləşdirmədikləri üçün sonra ciddi problemlər yaşayır. Daha sonra qeyd edək ki, sənədsiz torpaq sahəsində ev tikdirənlər sonradan problemlər məngənəsində qalanda başqalarını günahlandırırlar. Həmçinin son zamanlar təhsil sahəsində boşluq yaranıb. Bəzi gənclər xaricdə zirzəmidə yerləşən “universitet” lərə adlarını yazdırıb, heç dərsə belə getmirlər. Sabah onların “diplomu” Azərbaycan Respublikasında tanınmayanda dövləti günahlandıracaqlar. Halbuki vətəndaşlar öz hüquq və vəzifələrini bilsələr qanuna müvafiq addım atarlar ki, sonra problem yaşamasınlar. İndi nikaha girməzdən əvvəl tibbi arayış tələb edilir. Bunu əgər vətəndaşlara düzgün çatdırmasaq asan yola-dini nikaha can atanların sayır sürətlə artacaq və bu da əlavə problem yaradacaq”.
Kamran