İctimai nəqliyyatda artan gediş haqqı: Bu şəxslərə imtiyazlı kart verilməlidir” – Nəqliyyat eksperti

“Qarabağ veteranları, tələbələrə, aztəminatlı ailələrə, iki və ya artıq məktəblisi olanlara imtiyazlı gediş haqqı kartı verilməlidir”.

Bu sözləri metro və avtobuslarda gediş haqqının artırılmasına münasibət bildirən nəqliyyat eksperti İlqar Hüseynli Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, ictimai nəqliyyatda gediş haqqı bütün proseslərə təsir edir. Belə ki, artım ailə büdcəsinə mənfi təsir göstərəcək:

“Ümumiyyətlə, nəqliyyat sektorunda hansısa formada limitli və güzəştli sistem qurulmalıdır. Sovet dövründə tələbələrə daimi gediş haqqı üçün xüsusi kartlar verilirdi. Adi vətəndaşlardan fərqli olaraq, həmin kartla təxmini ikiqat ucuz qiymətə ictimai nəqliyyatdan istifadə edə bilirdik. Hazırda Türkiyədə tələbələrə kifayət qədər az ödənişli bir aylıq kartlar verilir. Fikrimcə, Azərbaycanda da Qarabağ veteranları, tələbələrə, aztəminatlı ailələrə, iki və ya artıq məktəblisi olanlara imtiyazlı gediş haqqı kartı verilməlidir. İctimai nəqliyyatda qiymət artımının hamıya şamil olunması qəbuledilməzdir. Hazırkı sosial qayğıların artdığı və vətəndaşların maddi vəziyyətinin kifayət qədər aşağı olduğu bir dövrdə bu cür qiymət artımı arzuolunan hal deyil. Bu prosesin hara qədər davam edəcəyi naməlumdur. Əgər ailənin dörd üzvü yalnız bir gün ərzində gediş-gəlişdən istifadə edərsə, bu, 3 manat 20 qəpik edir. Hələ gündəlik digər istiqamətləri nəzərdə tutmuram. Bu mənada qəbul olunan qərarı doğru hesab etmirəm. Təəssüf ki, Tarif Şurası artıq qərarını verib və geri dönüş yoxdur”.

Qeyd edək ki, bu gün Tarif Şurasının iclasında aparılan müzakirələrdən sonra 10 qəpik artırılmaqla metroda sərnişindaşıma tarifi 1 gediş üçün 40 qəpik, ölkə üzrə tarifin yuxarı həddi şəhərdaxili avtobus marşrutlarında 40 qəpik, şəhərətrafı və qəsəbələrarası avtobus marşrutları üzrə məsafədən asılı olaraq 0,40-1,00 manat təsdiq edilmişdir. Şəhərlərarası avtobus marşrutlarında isə tarifin yuxarı həddi 1 kilometr üçün 3 qəpik səviyyəsində müəyyən olunub (əvvəlki tarif 2,4 qəpik). Qərar 3 fevral 2023-cü il tarixindən qüvvəyə minir.

Gülşən Şərif