XIV Leonu İznikə bağlayan GİZLİ SƏBƏBLƏR – Papa məhz buna görə Türkiyəyə GEDƏCƏK
“İlk öncə onu qeyd etmək lazımdır ki, Roma Papası nədən məhz İznikə gəlmək istəyir? Tarixdən də məlumdur ki, eramızın 325-ci ilində məhz indiki İznik – o zamankı Nikeya şəhərində xristian kilsələrinin rəhbərləri və ilahiyyatçılar toplaşaraq, xristian dinindəki qarışıqlığı və fikir ayrılıqlarını aradan qaldırmaq, ortaq məxrəcə gəlmək məqsədilə bir konsul təşkil etdilər. Həmin toplantıya Roma imperatoru Konstantin də qatıldı və orada qəbul edilən müəyyən qərarlarla kilsə daxilindəki fikir ayrılıqlarını aradan qaldırmağa nail oldular”.
Bunu Yenicag.az-a açıqlamasında politoloq Oktay Qasımov deyib.
O, Roma Papası XIV Leonun Türkiyə səfərinin pərdəarxası məqamlarını şərh edib.
Analitikin sözlərinə görə, bu, xristian aləmində ilk belə böyük toplantı olduğu üçün ona xüsusi önəm verilir:
“Elə bu səbəbdən həmin konfransın 1700 illiyi ilə bağlı əvvəlcədən müəyyən planlar da olub. Bildiyiniz kimi, İznik toplantısı 325-ci ilin 20 mayında keçirilib. Tarixi mənbələrdə bu belə qeyd olunur. O ki qaldı Papanın bölgəyə səfərinə, əlbəttə ki, bu məsələ Türkiyə cəmiyyətində müəyyən fikir ayrılıqları və müzakirələrə səbəb olub. Nəzərə almaq lazımdır ki, Roma Papası xristian dünyasının ruhani lideri olmaqla yanaşı, həm də müəyyən siyasi gücə malik bir şəxsiyyətdir”.
Müsahibimiz əmindir ki, Türkiyə tərəfindən Papanın bu səfərinə maneə yaradılmaması və icazə verilməsi də, əslində, dünyada dəyişən şərtlərlə bağlı dəyərləndirilməlidir:
“Doğrudur, xristian aləmində, xüsusilə İstanbul və Qüdsə dair hər zaman müəyyən iddialar, istəklər və hədəflər mövcud olub. Mən düşünmürəm ki, bu hədəflər Vatikanda dəyişib. Amma, eyni zamanda, hesab etmirəm ki, Papanın bu bölgəyə səfəri növbəti bir səlib yürüşü anlamı daşıyır. Səlib yürüşlərinin baş verməsinə səbəb olan şərtlər və tarix konteksti tamam fərqli idi. Doğrudur, həmin şərtlərin müəyyən elementləri bu gün də qalmaqdadır. Yenə də xristian aləminin bəzi dəyişməz hədəfləri mövcuddur”.
“Xüsusilə də Türkiyə və İstanbul məsələsində, helenizm tərəfdarlarının düşüncəsində hər hansı bir dəyişiklik yoxdur. Amma düşünmürəm ki, Papanın İznikə səfəri və ziyarəti Türkiyə dövlətinə ciddi təsir göstərə bilər. Türkiyə kifayət qədər güclü dövlətdir. Onun ərazisində fəaliyyət göstərən Fənər Rum Patriarxlığı mövcuddur. Doğrudur, katoliklərlə pravoslavlar arasında bir sıra məsələlərdə ciddi ziddiyyətlər olsa da, ortaq nöqtələr də var. Xüsusilə də qeyd etdiyim hədəflərlə bağlı müəyyən uyğunluqlar müşahidə olunur”, – deyə o, əlavə edib.
O. Qasımovun fikrincə, bəzi çevrələrdə bu səfər müəyyən proseslərin başlanğıcı və ya bir mərhələsi kimi dəyərləndirilə bilər:
“Lakin ümumilikdə mən bu səfərin siyasi deyil, daha çox ruhani xarakter daşıdığı qənaətindəyəm və düşünmürəm ki, bu səfər nəticəsində Türkiyə hər hansı bir itki ilə üzləşəcək. Əksinə, bu səfərin Türkiyə üçün müəyyən qazanc vəd etdiyini söyləmək olar. Çünki Türkiyə bir daha nümayiş etdirəcək ki, onun ərazisində yerləşən xristian abidələrinə və müqəddəs yerlərə sayğı göstərilir, onlar qorunur və mühafizə olunur”.
Rafi Müslümov