Baş redaktor: “Bu gün Azərbaycan mətbuatı Prezident İlham Əliyevin diqqət və qayğısı ilə tam əhatə olunub”
“Azərbaycan mətbuatı dövlətimizin, Prezident İlham Əliyevin diqqət və qayğısı ilə tam əhatə olunub. Prezident İlham Əliyevin imzaladığı Sərəncam, istər mətbuat tariximizin dərin köklərini, istərsə də müasir medianın inkişafına verilən dövlət dəstəyini əks etdirir. Sərəncam milli mətbuatımızın keçdiyi yolu, eləcə də ictimai formalaşmadakı rolunu yüksək qiymətləndirir”.
Bunu Yenicag.az-a açıqlamasında Prezident İlham Əliyevin mətbuatın 150 illik yubileyi ilə bağlı imzaladığı Sərəncam barəsində fikirlərini səsləndirərkən “Bakivaxti.az” xəbər portalının baş redaktoru Qalib İbrahimoğlu deyib.
O, bu istiqamətdə atılacaq addımların yeni nəsil jurnalistlərin peşəkarlıq səviyyəsinin artırılmasına və milli mətbuat ənənələrinin yaşadılmasına mühüm töhfə verəcəyini bildirib:
“1875-ci il iyulun 22-də Həsən bəy Zərdabinin təşəbbüsü ilə nəşrə başlayan “Əkinçi” qəzeti ilə Azərbaycan milli mətbuatının əsası qoyuldu. Bu tarix yalnız bir qəzetin yaranması kimi qiymətləndirilməməlidir, bu, eyni zamanda, xalqın maariflənməsi, ictimai fikir və söz azadlığı uğrunda atılan mühüm bir addım idi. Möhtəşəm bir yol keçən milli məbtuatımızın 150 illiyinin təntənəli şəkildə qeyd olunması əlamətdar bir hadisədir”.
Q. İbrahimoğlu söyləyib ki, milli kimliyimizin, düşüncə azadlığımızın formalaşmasında mətbuatın yeri danılmazdır:
“Məbuat Azərbaycanda söz və fikir azadlığı, ictimai dialoq və maarifçilik ənənələrini yaşadır, qoruyur. Bu gün Azərbaycan mətbuatı dövlətimizin, Prezident İlham Əliyevin diqqət və qayğısı ilə tam əhatə olunub. Elə dövlətimizin başçısının Azərbaycan milli mətbuatının 150 illik yubileyinin keçirilməsi haqqında imzaladığı Sərəncam da bu diqqət və qayğının daha bir təzahürüdür. Azərbaycan milli mətbuatının yubileylərinin qeyd olunması ölkə həyatında ictimai-siyasi və mədəni hadisə kimi xüsusi yer tutur. Milli mətbuat tarixinin öyrənilməsi və yeni nəsillərə ötürülməsi baxımından belə yubileylərin qeyd olunması mühüm rola malikdir. Prezident İlham Əliyevin imzaladığı Sərəncam, istər mətbuat tariximizin dərin köklərini, istərsə də müasir medianın inkişafına verilən dövlət dəstəyini əks etdirir. Sərəncam milli mətbuatımızın keçdiyi yolu, eləcə də ictimai formalaşmadakı rolunu yüksək qiymətləndirir”.
Müsahibimiz diqqətə çatdırıb ki, Sərəncam çərçivəsində jurnalistlərin mükafatlandırılması və yubiley tədbirlərinin keçirilməsi, medianın ictimai funksiyasına verilən dəyərin göstəricisidir:
“Bu, həm də jurnalistləri peşəkarlığa, etik davranışa və ictimai məsuliyyətə təşviq edən bir stimul rolunu oynayır. Prezidentin Sərəncamı Azərbaycan dövlətinin mətbuata verdiyi önəmdir. Bu Sərəncam, eyni zamanda, Ulu öndər Heydər Əliyevin milli mətbuatımızın yubileylərinin qeyd olunması ilə qoyduğu ənənənin davamıdır. Medianın cəmiyyətdə obyektivlik, məsuliyyət və şəffaflıq prinsipinə əsaslanaraq fəaliyyət göstərməsi üçün dövlət dəstəyinin davamlı olduğuna işarədir. Bu Sərəncam demokratik cəmiyyətin vacib sütunu olan azad və məsuliyyətli medianın inkişafı üçün siyasi iradənin mövcudluğunun nümayişidir”.
Onun sözlərinə görə, Sərəncama əsasən, yubiley tədbirlərinin təşkili Azərbaycan Respublikası Prezidentinin Administrasiyası, Medianın İnkişafı Agentliyi və Azərbaycan Mətbuat Şurasına tapşırılıb, Nazirlər Kabineti isə bu tədbirlərin maliyyələşdirilməsi məsələlərini həll edəcək:
“İmzası ilə dövlətə, dövlətçiliyə, Azərbaycan jurnalistikasının inkişafına qulluq edən jurnalistlərin əməyi milli mətbuatın yubileylərində qiymətləndirilir. Hesab edirəm ki, mətbuatımızın 150 illiyi münasibətilə də atılacaq bu addım jurnalistlərə stimul verəcək. Milli mətbuatın 150 illiyi münasibətilə müxtəlif konfransların, mükafatlandırma mərasimlərinin və digər irimiqyaslı layihələrin keçirilməsi planlaşdırılır. Atılacaq addımların yeni nəsil jurnalistlərin peşəkarlıq səviyyəsinin artırılmasına və milli mətbuat ənənələrinin yaşadılmasına mühüm töhfə verəcəyinə əminəm”.
Cəvahir