“Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi Qaydaları”nda dəyişiklik edilib.
Yenicag.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev fərman imzalayıb.
Fərmana əsasən, sənəddə aşağıdakı dəyişikliklər edilib:
1. 7.1-ci bəndin birinci cümləsində “saylı Əlavəsində” sözləri “nömrəli əlavəsində” sözləri ilə əvəz edilsin.
2. Həmin Qaydaların 1 nömrəli əlavəsi – “İxracı və idxalı Azərbaycan Respublikası Nazirlər Kabinetinin sərəncamı əsasında aparılan malların Siyahısı” yeni redaksiyada verilsin (əlavə olunur).
3. Həmin Qaydaların 2 nömrəli əlavəsi – “İxracı və idxalı müvafiq dövlət orqanlarının rəyi alınmaqla aparılan spesifik malların (xidmətlərin və əqli mülkiyyətin) Siyahısı” üzrə:
3.1. “İxrac” hissəsinin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsinə nəzarət edilən psixotrop maddələr – Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi” abzası ləğv edilsin;
3.2. “İdxal” hissəsinin üçüncü abzasının “Malların adı” sütunundan “Azərbaycan Respublikasının ərazisində dövriyyəsinə nəzarət edilən psixotrop maddələr,” sözləri çıxarılsın.
4. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
4.1. bir ay müddətində:
4.1.1. ixracı və idxalı Azərbaycan Respublikası Nazirlər Kabinetinin sərəncamı əsasında həyata keçirilən malların Siyahısı üzrə xarici iqtisadi fəaliyyətin mal nomenklaturası kodlarını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiq etsin;
4.1.2. bu Fərmanın 2-ci hissəsində nəzərdə tutulan əlavənin “Qeyd” hissəsinin 1-ci bəndində göstərilən malların xarici iqtisadi fəaliyyətin mal nomenklaturası kodlarını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiq etsin;
4.2. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.
İxracı və idxalı Azərbaycan Respublikası Nazirlər Kabinetinin sərəncamı əsasında həyata keçirilən malların SİYAHISI
1. Döyüş təyinatlı hərbi texnika, hərbi silah, döyüş sursatı, onların layihələndirilməsi və istehsalı üçün avadanlıq, ehtiyat hissələr, həmçinin elmi-texniki məlumat, material və texnologiyalar (Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və hərbi xidmət nəzərdə tutulan digər dövlət orqanlarına münasibətdə).
2. Barıt, partlayıcı maddələr və qurğular, partlayış vasitələri, tezalışan maddələr və pirotexniki məmulatlar.
3. Nüvə materialları, texnologiyaları, avadanlıqları və qurğuları, xüsusi qeyri-nüvə materialları.
4. Qanunla Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələr, psixotrop maddələr, Azərbaycan Respublikasının ərazisində dövriyyəsinə nəzarət edilən psixotrop maddələr, narkotik vasitə və psixotrop maddələrin istehsalında istifadə edilən və dövriyyəsinə nəzarət edilən avadanlıq.
5. Qan, qan komponentləri və onlardan hazırlanan preparatlar.
6. Emal edilməmiş almaz (ixracına münasibətdə).
7. İonlaşdırıcı şüa mənbələri, o cümlədən radioaktiv maddələr (radioaktiv tullantılar da daxil olmaqla), belə mənbələrin və maddələrin istehsalı üçün nəzərdə tutulan avadanlıq, təsərrüfat-məişət və tibbi əhəmiyyətli aparatlar istisna olmaqla, şüa verən aparatlar.
Qeyd:
1. Bu Siyahı yivli və yivsiz idman, ov silahlarının və ya hədəfə atəş açmaq üçün digər silahların, kombinasiya edilmiş yivli və yivsiz silahların, onların hissə və ləvazimatlarının, patronlarının, pnevmatik silahlar üçün gülləciklərin (yalnız ov üçün nəzərdə tutulan barıt, döyüş sursatı istisna olmaqla, yalnız ov və idman üçün nəzərdə tutulan mallar) idxalına və ixracına şamil edilmir və göstərilən malların (əşyaların) idxalı və ixracı Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 24 avqust tarixli 769 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Xidməti və mülki silahın Azərbaycan Respublikasına gətirilməsi və Azərbaycan Respublikasından aparılması Qaydaları”na uyğun olaraq tənzimlənir.
2. Bu Siyahıda və bu Siyahının “Qeyd” hissəsinin 1-ci bəndində göstərilən mallar üzrə xarici iqtisadi fəaliyyətin mal nomenklaturası kodları, Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla, Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilir.
www.yenicag.az