Reklam
Ziraat Bank New 160×600
Koronavirus
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

İKT-nin inkişaf etdirilməsi: Rəqəmsallaşmada Azərbaycan modeli

Müasir dövrümüzdə İnformasiya Kommunikasiya Texnologiyaları (İKT) cəmiyyətin inkişafına təsir göstərən əsas amillərdən birinə çevrilib.

Yeni texnologiyaların tətbiqi dünyanın bütün ölkələrində eyni səviyyədə inkişaf etməsə də, əksər dövlətlər bu sahənin inkişaf etdirilməsi üçün ardıcıl addımlar atıblar. İndiki dövrdə ölkələrin iqtisadi rəqabət aparmaq qabiliyyəti onların informasiya kommunikasiya texnologiyalarından səmərəli istifadəsindən əhəmiyyətli dərəcədə asılıdır. Bu gün Azərbaycanda informasiya-kommunikasiya texnologiyaları (İKT) sahəsindəki fəaliyyət ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi strateji xətt üzrə uğurla davam etdirilir. Onun 2003-cü ildə təsdiq etdiyi “Azərbaycan Respublikasının inkişafı naminə informasiya-kommunikasiya texnologiyaları üzrə Milli Strategiya (2003-2012-ci illər)” bu istiqamətin ölkəmiz üçün vacibliyini və əhəmiyyətini vurğulayan ilk rəsmi sənəd olub.

Ulu öndər Heydər Əliyevin siyasi təşəbbüsü sayəsində 1994-cu ilin sentyabrında “Əsrin müqaviləsi”nin imzalanması ölkənin yeni sosial-iqtisadi inkişaf modelinin həyata keçirilməsi üçün zəruri əsaslar formalaşdırmaqla yanaşı, müasir rabitə və informasiya texnologiyalarının sürətlə tətbiqində də böyük canlanma yaradıb. Siyasətin əsas məqsədlərinə İKT sahəsində hüquqi bazanın yaradılması, insan faktorunun inkişafı, vətəndaşların məlumat almaq, onu yaymaq və istifadə etmək hüquqlarının əldə edilməsi, elektron hökumətin, elektron biznesin formalaşması, ölkənin iqtisadi, sosial və intellektual imkanlarının təkmilləşdirilməsi, biliklərə əsaslanan, rəqabətə davamlı istehsalın qurulması kimi əsas məsələlər daxildir.

2003-cü il dekabrın 10-12-də isə Cenevrədə BMT və Beynəlxalq Telekommunikasiya ittifaqı tərəfindən İnformasiya Cəmiyyəti üzrə keçirilən Ümumdünya Sammitində Prezident İlham Əliyev nitq söyləyib, Azərbaycanda İKT-nin inkişaf etdirilməsi sahəsində dövlət siyasətinin əsas prinsipləri və Milli fəaliyyət Proqramının başlıca istiqamətlərindən bəhs edib. Son illər ərzində bu sahə üzrə normativ-hüquqi bazanın təkmilləşdirilərək Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğunlaşdırılması, telekommunikasiya və poçt xidmətləri bazarının daha da liberallaşdırılması və özəl sektorun inkişafı məqsədilə mühüm işlər görülüb. 2004-cü ildə «Poçt rabitəsi haqqında», «Elektron imza və elektron sənəd haqqında», 2005-ci ildə «Telekommunikasiya haqqında», «Elektron ticarət haqqında» Azərbaycan Respublikasının Qanunları qəbul olunub. Azərbaycan Respublikası Prezidentinin 21 oktyabr 2005-ci il tarixli Sərəncamı ilə «Azərbaycan Respublikasında rabitə və informasiya texnologiyalarının inkişafı üzrə 2005-2008-ci illər üçün Dövlət Proqramı» («Elektron Azərbaycan») təsdiq edilib.

Hazırda Azərbaycanın sosial-iqtisadi həyatında mühüm rol oynayan informasiya kommunikasiya texnologiyaları sahəsi inkişaf səviyyəsinə görə fərqlənir. Müasir dövrdə informasiya-kommunikasiya texnologiyalarının cəmiyyətin inkişafına təsir göstərən əsas amillərdən birinə çevrildiyini inkar etmək olmaz. Onun əhatə dairəsi dövlət strukturlarını və vətəndaş cəmiyyəti institutlarını, sosial-iqtisadi sahələri, elm və təhsili, mədəniyyəti, bütövlükdə, insanların həyat tərzini təşkil edir. Bu baxımdan ölkəmizdə bu sahə üzrə innovasiya yönümlü fəaliyyətin inkişaf etdirilməsi və gücləndirilməsi istiqamətində davamlı tədbirlər həyata keçirilir. Bu tədbirlər çərçivəsində İKT sahəsinin inkişafında dövlət dəstəyinin artırılması, informasiya cəmiyyəti və iqtisadiyyatının təşkilində digər ölkə təcrübələrinin öyrənilməsi və tətbiqi, bu sahədə sahibkarlıq fəaliyyətinin genişləndirilməsi, İKT üzrə innovasiya fəaliyyəti ilə məşğul olan subyektlərə stimullaşdırıcı xarakterli maliyyə ayrılması, eyni zamanda müxtəlif yeni texnoloji vasitələr və mexanizmlərin hazırlanması istiqamətlərində yardım və s. nəzərdə tutulur. Bu istiqamət üzrə ölkəmizdə inkişaf dinamikasını daha da artıran amillərdən biri “Elektron Hökumət”in (ingilis dilində e-Government) formalaşdırılması hesab edilir. Bu, müasir informasiya texnologiyalarından istifadə etməklə dövlət qurumları tərəfindən ölkə ərazisində yaşayan bütün vətəndaşlara, hüquqi və fiziki şəxslərə, xarici vətəndaşlara və vətəndaşlığı olmayan şəxslərə informasiya və e-xidmətlərin göstərilməsinə şərait yaradır.

Yaradılan imkanların əsas məqsədi sosial xidmət təminatında dövlət qulluqçuları və vətəndaşlar arasında olan “məsafəni” azaltmaq, həmçinin, bu münasibətləri sadələşdirmək və şəffaflaşdırmaqdır. Dövlət orqanları tərəfindən elektron xidmətlərin geniş tətbiqi, onların sayının və keyfiyyətin artırılması, vətəndaşların xidmətlərdən məmnunluğunun yüksəldilməsi bu məqsədə çatmağın vasitələridir. “Elektron Hökumət” virtual məkanın, müasir texnologiyaların imkanlarından, dövlət orqanlarında informasiyalaşdırmanın yüksək səviyyəsindən istifadə edərək ölkə vətəndaşlarına göstərilən xidmətlərin keyfiyyətcə yeni formada təqdim edilməsinə xidmət edir.

Eyni zamanda Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 13 iyul tarixli 685 nömrəli Fərmanına əsasən yaradılıb. Dövlət Agentliyi fəaliyyət istiqamətlərinə uyğun olaraq, Azərbaycan Respublikasında “ASAN xidmət” mərkəzlərinin vahid şəkildə idarə edilməsini, xidmət mərkəzlərində fəaliyyət göstərən dövlət orqanlarının əməkdaşlarının fəaliyyətinin əlaqələndirilməsini, nəzarət və qiymətləndirmənin aparılmasını, dövlət orqanlarının informasiya bazalarının qarşılıqlı inteqrasiyasını, elektron xidmətlərin təşkili prosesinin sürətləndirilməsini, bu sahədə idarəetmə sisteminin təkmilləşdirilməsini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır. Dövlət başçısının qarşıya qoyduğu əsas vəzifələrdən biri dövlət xidmətlərinin göstərilməsində yeni standartlara nail olunmasıdır. Bu standartlar, dövlət və özəl xidmətlərin vahid məkanda operativlik, şəffaflıq, müasirlik, texnoloji imkanların yüksəkliyi və s. prinsiplərinə uyğun göstərilməsi əsasında formalaşdırılıb. Ümumiyyətlə, Azərbaycanda rəqəmsal hökumətin inkişafı, maliyyə sektorunda tətbiq edilən həllər, qanunvericiliyin yeni texnoloji trendlərə uyğunlaşdırılması prosesi yüksək sürətlə davam etdirilməkdədir.

İKT sahənin inkişafı ilə bağlı atılan digər addım Rabitə və Yüksək Texnologiyalar Nazirliyi nəzdində məqsədi qabaqcıl texnologiyaları Azərbaycana gətirmək, elm tutumlu sənayenin inkişafına xidmət edən Yüksək Texnologiyalar üzrə Tədqiqat və İnkişaf Mərkəzinin yaradılmasıdır. Mərkəz XXI əsr konverqensiya texnologiyasını həyata keçirir, bu da “nanotexnologiya”, “biotexnologiya”, “neyroelektronika” və “süni intellektin” birləşərək gələcəyin təkamül sənayesini formalaşdırır və özünəməxsus qanunauyğunluqla avtomatlaşdırılmış formada təşəkkül tapır. Burada qurulan və Almaniya, ABŞ istehsalı olan avadanlıqların müasirliyi, eyni məkanda toplanması qarşıya qoyulan məqsədə nail olmağa zəmin yaradır. Mərkəzdə sonuncu nəsil zəngin laboratoriyalar qurulub, o cümlədən Fotometrik laboratoriya, Bio-kimya nanotexnoloji laboratoriya, A-CVD karbon nanotexnologiyalar laboratoriyası, Optik spektrometriya laboratoriyası, Elektron mikroskop laboratoriyası (AFM-Atom Qüvvət Mikroskopu, SEM- Skanedici Elektron Mikroskopu). Həmçinin Avropa standartlarına uyğun müasir “Clean room” yaradılıb ki, burada yüksək texnoloji məhsullar alınır.

İKT-nin, o cümlədən, internet iqtisadiyyatının inkişaf etdirilməsi bütün dünyada olduğu kimi, Azərbaycanda da ənənəvi iqtisadi sahələrin inkişafında mühüm rol oynadığı şübhəsizdir. Belə ki, internet iqtisadiyyatı yeni istifadə və iştirak mühitlərinin yaranmasına, məhsuldarlığın artırılmasına, rəqiblər üzərində strateji üstünlüyün əldə olunmasına, tərəfdaşlarla münasibətlərin möhkəmləndirilməsinə, informasiya resurslarından optimal istifadəyə və bütövlükdə, cəmiyyətin rifahının yaxşılaşdırılmasına şərait yaradır. Bütün bu məqsədlərə çatmaq və nəzərdə tutulan işləri sistemli şəkildə həyata keçirmək üçün “Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiya” hazırlanıb.

Ümumilikdə müasir dövrdə baş verən hərbi toqquşmalar və müharibələr qarşı tərəf üzərində üstünlük əldə etmək üçün təkcə silah gücünə deyil, həm də informasiyanın, texnoloji üstünlüklərin əhəmiyyətli olduğunu göstərir. 44 günlük Vətən müharibəsi zamanı Azərbaycan xalqı cəbhə ilə yanaşı, İKT-nin imkanlarından istifadə edərək informasiya müharibəsində də öz sözünü dedi. Zəfərlə başa çatan İkinci Qarabağ müharibəsindən sonra işğaldan azad edilmiş torpaqlarımızda texnoloji əsaslarla şəhərsalmanın həyata keçirilməsi istiqamətində artıq bir çox işlərə start verilib. Yenidənqurma işlərinin əsasında texnoloji imkanlarla zəngin “Ağıllı kənd” layihəsi durur. Bu layihənin həyata keçirilməsində əsas məqsəd kənd yerlərində yaşayan insanların şəhərdə əldə edə biləcəyi bütün xidmətlərə kəndlərdə də rahat çıxışının olmasını təmin etməkdir. Eyni zamanda, insanlara kənddə daha çox gəlir əldə etmək və məşğulluq imkanı yaradılmalıdır. Üçüncü məqam isə kənd sakinlərinin dövlət xidmətlərinə çıxışının təmin olunması üçün tam şəraitin formalaşdırılmasıdır. Yəni “Ağıllı kənd” konsepsiyasında xidmət, qazanc və dövlət xidmətlərindən yararlanmaq baxımından kənd və şəhər fərqi faktiki olaraq aradan qalxmış olur. Bu yenilik rəqəmsallaşma və elektron xidmətlərdə əldə etdiyimiz yeni nailiyyətlərin göstəricisidir. Mütəxəssislər hesab edirlər ki, yaxın bir neçə il ərzində informasiya-kommunikasiya texnologiyalarının tətbiqindən ölkəmizin əldə etdiyi gəlirlərin miqyası neftdən əldə olunan mənfəətə bərabər olacaq.

Bir sözlə desək, mövcud informasiya və rabitə sahələrinin intensiv və yüksək səviyyədə inkişafı yeni xidmət növlərinin, o cümlədən mobil telefon rabitəsinin, internetin ölkəmizdə təşəkkül tapması və genişlənməsi ilə səciyyələnir.

Gülşən Şərif

Material Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “İnformasiya və kommunikasiya texnologiyalarının inkişafı etdirilməsi” mövzusunda hazırlanmışdır.

www.yenicag.az

266
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100