Bu gün Bakının erməni-bolşevik işğalından azad olunmasının 100-cü ildönümü ilə əlaqədar bayram paradı keçirilir.
Yenicag.az xəbər verir ki, paraddan öncə Azərbaycan prezidenti İlham Əliyev çıxış edib.
O, çıxışında Bakının işğalçılardan azad edilməsindən, Azərbaycan – Türkiyə münasibətlərinin yüksək səviyyədə olmasından danışıb:
“Bu bayram günündə biz birlikdəyik. 100 il əvvəl də birlikdə idik, indi də. 100 il əvvəl Nuri Paşanın komandanlığı altında yeni yaradılmış Azərbaycan ordusu ilə birlikdə Bakı işğalçılardan azad edildi. Bu tarixi münasibət ilə Azərbaycan və Türkiyə vətəndaşlarını təbrik edirəm. Azərbaycanın rəmzi olan Azadlıq meydanından bütün türk bacı və qardaşlarıma salamlarımı, sevgilərimi çatdırıram.
Biz bu ilin mayında Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyini qeyd etdik. İlk dəfə müsəlman dünyasında demokratik respublika yaradılmışdı. Ancaq gənc, müstəqil Azərbaycan böyük çətinliklərlə üzləşmişdi. Azərbaycan hökuməti öz ərazisinə tam nəzarət edə bilmirdi. Gəncə şəhərində yerləşmiş, orada fəaliyyət göstərmişdi. Qafqaz İslam Ordusunun Azərbaycana gəlməsi və Nuri Paşanın rəhbərliyi altında sentyabrın 15-də şiddətli döyüşlər nəticəsində Bakı işğalçılardan xilas edildi. Qədirbilən Azərbaycan xalqı bunu heç vaxt unutmayacaq. Əziz qardaşım Rəcəb Tayyib Ərdoğanla birlikdə şəhidlərimizin məzarlarını ziyarət etdik. Onlara Allahdan rəhmət dilədik. Onların xatirəsi bizim yadımızdadır. Azərbaycan Xalq Cümhuriyyətinin ömrü uzun olmadı. Əfsuslar olsun ki, iki ildən sonra süqut etdi. 1991-ci ildə Azərbaycan öz dövlət müstəqilliyini bərpa etdi. Bizi tanıyan ilk ölkə də Türkiyə olmuşdu. Bu, qardaşlıq nümunəsidir. Dünyada məncə ikinci nümunə yoxdur ki, iki ölkə bir-birinə bu qədər yaxın olsun. Bizim münasibətlərimiz ən yüksək səviyyədədir. Bu il Ərdoğanla 6 görüşümüz olub. Bizim görüşlərimiz müntəzəm olaraq keçirilir. Hər görüşümüzün də xüsusi önəmi var”.
www.yenicag.az