Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600

İlham Əliyev və Angela Merkel iş adamları ilə görüşdü - FOTO/YENİLƏNDİ

Reklam: High Technic

11:04

Avqustun 25-də rəsmi qarşılanma mərasimi başa çatandan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Almaniya Federativ Respublikasının Federal Kansleri xanım Angela Merkelin nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü keçirilib.

Yenicag.az xəbər verir ki, Azərbaycan Prezidenti və Almaniyanın Federal Kansleri görüşdə çıxış ediblər.

Azərbaycan Prezidenti İlham Əliyev çıxış edərək dedi:

“Hörmətli xanım Kansler.

Hörmətli qonaqlar.

Mən sizin hamınızı Azərbaycanda səmimiyyətlə salamlayıram. Ölkəmizə xoş gəlmisiniz.

Biz Sizin səfərinizə çox böyük əhəmiyyət veririk. Əminəm ki, səfər çox uğurlu olacaq və Almaniya-Azərbaycan əlaqələri bundan sonra da uğurla inkişaf edəcək.

Biz Sizinlə dəfələrlə görüşmüşük, aramızda siyasi dialoq fəal şəkildə aparılır və çox şadam ki, bu gün Siz Azərbaycandasınız. Bu, tarixi bir səfərdir.

İkitərəfli əlaqələrimizin gündəliyi çox genişdir, siyasi, iqtisadi əlaqələr, ticarət əlaqələri, regional məsələlər – yəni, bütün bu məsələləri bu gün müzakirə edəcəyik. Əminəm ki, səfəriniz əlaqələrimizə yeni təkan verəcək.

Bir daha xoş gəlmisiniz”.

***

Almaniya Kansleri Angela Merkel çıxış edərək dedi:

“Hörmətli cənab Prezident.

Hörmətli Azərbaycan tərəfinin nümayəndələri.

Mən çox şadam ki, Azərbaycandayam. Biz artıq bir neçə dəfə görüşmüşük. Amma mən ilk dəfədir ki, bu ölkəyə səfər edirəm.

Bizim çoxtərəfli münasibətlərimiz var. Biz artıq beynəlxalq təşkilatlar çərçivəsində, beynəlxalq görüşlər çərçivəsində dəfələrlə görüşmüşük və mən hesab edirəm ki, bu səfər bizim münasibətlərimizə yeni təkan verəcək.

Biz həm də mədəniyyət sahəsində əlaqələrimizi də genişləndirə bilərik. Azərbaycanda ilk alman koloniyasının yaradılmasından 200 il keçir. Bəzi insanların bu barədə heç məlumatı yoxdur.

Biz iqtisadi əlaqələrimizi genişləndirə bilərik. Azərbaycan bu regionda Almaniyanın ən böyük ticarət tərəfdaşıdır.

Biz yəqin ki, bəzi kritik məqamlara da toxunacağıq. Bu da insan hüquqları və humanitar vəziyyətdir.

Biz həm də bu regiona çox mane olan məsələ barədə danışacağıq. Bu da Dağlıq Qarabağ münaqişəsidir və biz Almaniya tərəfindən onun həllinə dəstək olmaq istərdik”.

***

Sonra Azərbaycan Prezidenti İlham Əliyevin adından Almaniyanın Federal Kansleri Angela Merkelin şərəfinə nahar verilib.

***

Bu gün geniş tərkibdə görüş başa çatdıqdan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Almaniya Federativ Respublikasının Federal Kansleri xanım Angela Merkelin birgə mətbuat konfransı olub.

***

Avqustun 25-də Heydər Əliyev Mərkəzində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Almaniya Federativ Respublikasının Federal Kansleri xanım Angela Merkelin iş adamları ilə görüşü olub.

Azərbaycan Prezidenti və Almaniyanın Federal Kansleri görüşdə çıxış etdilər.

Azərbaycan Prezidenti İlham Əliyev çıxış edərək dedi:

“Hörmətli xanım Kansler, hörmətli qonaqlar,

Sizi bir daha salamlayıram, bu gün biz Sizinlə çox geniş fikir mübadiləsi apardıq, bir çox məsələlər, o cümlədən iqtisadi-ticarət sahəsindəki əməkdaşlıq müzakirə olundu. Bu gün biz iş adamlarının iştirakı ilə görüşümüzü davam etdiririk. Qeyd etməliyəm ki, Almaniyadan olan şirkətlər Azərbaycanda uzun illərdir fəaliyyət göstərir, onlar bir çox sahələrdə işləyiblər, müxtəlif layihələr icra ediblər. Yalnız dövlət vəsaiti hesabına Almaniya şirkətləri dəyəri 1 milyard dollardan çox layihələr icra ediblər və əminəm ki, gələcəkdə bu rəqəm daha da artacaq.

Alman şirkətləri Azərbaycanda yaxşı tanınır, onların keyfiyyəti, texnologiyaları bizim ölkəmiz üçün çox böyük fayda verir. Azərbaycan indi müasirləşmə dövrünü yaşayır, iqtisadi şaxələndirmə bizim əsas prioritetimizdir. Bütövlükdə deyə bilərəm ki, Azərbaycan iqtisadiyyatı çox sürətlə inkişaf edir. Son 15 il ərzində Azərbaycan iqtisadiyyatı 3 dəfədən çox artıb, ölkəmizin makroiqtisadi vəziyyəti sabitdir, xarici borc ümumi daxili məhsulun cəmi 20 faizini təşkil edir, işsizlik 5 faiz səviyyəsindədir. Son 15 il ərzində Azərbaycana 250 milyard dollar sərmayə qoyulubdur. Davos Ümumdünya İqtisadi Forumu Azərbaycan iqtisadiyyatını rəqabətqabiliyyətliliyinə görə dünyada 35-ci yerə layiq görüb və bu, onu göstərir ki, iqtisadi şaxələndirmə siyasəti Azərbaycanda uğurla aparılır. Biz əlbəttə ki, böyük neft-qaz resurslarına malikik, onları ixrac edirik, amma əsas məqsədimiz qeyri-neft sektorunun inkişafıdır və bu sahədə əlbəttə ki, Almaniyadan olan şirkətlər bizə kömək göstərə bilərlər.

Hazırda kənd təsərrüfatının inkişafı, turizm, informasiya-kommunikasiya sektoru, infrastruktur layihələri, o cümlədən dəmir yollarının modernləşdirilməsi, inşaat sektoru və digər sahələr prioritetlər sırasındadır. Əminəm ki, bu gün keçiriləcək söhbət nəticəsində yeni kontraktlar imzalanacaq, yeni əməkdaşlıq formatı yaradılacaqdır.

Beləliklə, Sizi bir daha salamlayıram və əminəm ki, səfərinizin son hissəsi də uğurlu keçəcək”.

***

Almaniya Kansleri Angela Merkel çıxış edərək dedi:

“Biz bu gün ikitərəfli münasibətlər haqqında intensiv fikir mübadiləsi apardıq. Eləcə də Azərbaycanın Avropa İttifaqı ilə münasibətləri haqqında fikir mübadiləsi apardıq. Azərbaycanın geostrateji ərazidə yerləşməsi, İran və Rusiya ilə sərhədlərə malik olması, Türkiyə ilə sıx münasibətləri barədə də danışdıq.

Azərbaycan Avropanın enerji təminatının şaxələndirilməsində Avropa İttifaqı üçün mühüm bir ölkədir. Bu binadan da gördüyümüz kimi, Azərbaycan çox sürətli inkişafa nail olub. Bu baxımdan iqtisadiyyatın şaxələndirilməsi yaxşı faktdır. Alman iqtisadiyyatının da geniş şaxəli olması burada yaxşı partnyorluq üçün əsas yaradır. Azərbaycanda alman xarici ticarət palatası var, burada 150-dən çox alman müəssisəsi fəaliyyət göstərir. Prezident də qeyd etdi ki, ölkənin iqtisadiyyatının inkişafına töhfə vermək üçün digər müəssisələr də ürəkdən dəvət olunur. Bizim bunda böyük marağımız var.

Azərbaycan dünyəvi bir dövlətdir. Biz bu barədə danışdıq. Bu gün Azərbaycan dünyəvi müsəlman dövlətidir. Baxmayaraq ki, biz bu gün dünyanın bir çox ölkələrində islamlaşmanın daha da güclənməsi trendlərini müşahidə edirik.

Azərbaycanın iqtisadiyyatı üçün bu uğurların böyük əhəmiyyəti var. Almaniya bu sahədə yaxşı partnyor ola bilər. Mən çox şadam ki, yaranmış bu imkandan istifadə edib sizi dinləyə biləcəyik. Biz istəyirik ki, iqtisadiyyat nümayəndələri çıxış etsinlər, öz fikirlərini bildirsinlər.

Sonda xatirə şəkli çəkdirildi”.

www.yenicag.az

2526
SFERA
VETENINFO
AZNEWS
INTERPRESS