İmtahan nəticələri bugün açıqlanacaq
Tələbə Qəbulu üzrə Dövlət Komssiyası (TQDK) tərəfindən iyunun 6-da keçirilmiş buraxılış imtahanlarının nəticələrinin bu gün axşam saatlarında elan olunması nəzərdə tutulur.
Yenicag.az TQDK saytına istinadən xəbər verir ki, nəticələr elan olunduqdan sonra imtahanda iştirak etmiş şagirdlər öz nəticələri ilə TQDK-nın internet saytında və ya iş nömrəsini 7727 nömrəsinə göndərməklə tanış ola biləcəklər.
Xatırladaq ki, TQDK iyun ayının 6-da növbəti SAT imtahanını keçirib. Bu imtahanının nəticələri iyun ayının 25-i imtahan verənlərin “College Board”-un internet səhifəsindəki şəxsi hesabında açıqlanmış olacaq.
Qeyd edək ki, SAT (Scholastic Aptitude Test) müxtəlif siniflərdə təhsil alan məktəb şagirdlərinin oxuma, yazma və riyazi biliklərini yoxlayan standartlaşdırılmış test imtahanıdır və hər il imtahana iki milyondan artıq məktəb məzunu daxil olur. SAT imtahanının nəticəsi beynəlxalq səviyyədə tanınmaqla, ABŞ-da və dünyanın müxtəlif ölkələrində kollec və universitetlərə qəbul prosesində məktəb məzunlarının ali təhsil almağa hazırlığını qiymətləndirməyə imkan verən obyektiv imtahan göstəricisi kimi qəbul olunur. Ali təhsil ocaqlarının qəbul komissiyaları üçün SAT imtahanının nəticəsi müraciət edən məktəb məzunlarını eyni şkalada müqayisə etməyə imkan verir, həmçinin onlara təqaüd verilməsi qərarlarını müəyyən etməkdə obyektiv mənbə hesab olunur.