Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

İqtisadçıdan bahalaşma ilə bağlı YENİ XƏBƏRDARLIQ: “Manatın məzənnəsində dəyişiklik olarsa...” - ŞƏRH

“Bahalaşma dalğasının ərzaq sektoru və ictimai iaşə obyektlərində özünü büruzə verəcəyi gözləniləndir”.

Bunu qiymət artımlarının vətəndaşların aylıq gəlirlərindəki xərclərinin xüsusi çəkisinə təsiri fonunda ölkədə yoxsulluq səviyyəsi ilə bağlı vəziyyəti dəyərləndirən iqtisadçı Samir Əliyev Yenicag.az-a açıqlamasında deyib.

İqtisadçının sözlərinə görə, ümumilikdə qiymət artımı davam edəcək və bu, əhalinin sosial vəziyyətinə mənfi təsir göstərəcək:

“2020-ci ildən etibarən, baş verən proseslər əhalinin sosial vəziyyətinin pisləşməsinə təsir edib. Bir tərəfdən əhalinin gəlirlərinin azalması prosesi baş verib. Yəni karantin tədbirləri çərçivəsində əksər insanlar dövlət tərəfindən yardım alsa da, verilən yardım vətəndaşın qazandığı gəlir səviyyəsində olmayıb. Bu, ölkədə “kölgə iqtisadiyyatı”nın mövcudluğu ilə əlaqədardır.

Məsələn, şəxsin rəsmi gəliri 500 manat olsa da, o, ümumilikdə 1000 manat alırdı. Hökumət də şəxsi məhz rəsmi gəliri ilə təmin edirdi. 1000 manat almağa öyrəşən ailənin 500 manat alması isə müəyyən çətinliklərə yol açıb. İş yerləri bağlanıb və insanlar işsiz qalıblar.

Digər tərəfdən isə kommunal xidmətlər və ərzaq məhsullarında qiymətlərin bahalaşması vətəndaşların xərclərinin artmasına səbəb olub. Düzdür, hazırda qeyri-ərzaq mallarının qiymətində ucuzlaşma müşahidə olunur. Gələcəkdə iş sahələrinin hər biri aktiv fəaliyyətə başladıqda, bu sahələrdə də qiymət artımı yaşanacaq. Mövcud şəraitdə isə əhalinin ərzaq məhsullarına tələbatı daha çox artıb”.

Digər sahələrdə də qiymət artımının gözlənilən olduğunu vurğulayan Samir Əliyev qeyd edib ki, nəqliyyat sektorunda da bahalaşma mütləq baş verəcək:

“Bahalaşma dalğasının ərzaq sektoru və ictimai iaşə obyektlərində özünü büruzə verəcəyi gözləniləndir. Bununla yanaşı, nəqliyyat sektorunda da bahalaşma mütləq baş verəcək. Hazırda artım müşahidə olunmasa da, nəqliyyat sektorunda qiymətlərin bahalaşacağı labüddür.

Əslində, qiymət artımı zəncirvari prosesdir. Bir sahədə qiymət artımı olursa, bu, digər xidmət sahələrinə də təsirsiz ötüşmür. Hazırkı artımlar manatın məzənnəsinin sabit olduğu vəziyyətə aiddir. Manatın məzənnəsində dəyişiklik olarsa, qiymət artımı üçün növbəti təkan olacaq”.

Gülşən Şərif

Loading...

www.yenicag.az

3073