“Azərbaycan-Qətər iqtisadi əməkdaşlığının səviyyəsini siyasi əməkdaşlıq səviyyəsinə qaldırmalıyıq”.
Bunu Azərbaycan Prezidenti İlham Əliyev Qətər Dövlətinin Əmiri Şeyx Təmim bin Həməd Al Tani ilə geniş tərkibdə görüşündə deyib.
Azərbaycan Prezidenti İlham Əliyev görüşdə çıxış edərək deyib: “Zati-aliləri, əziz qonaqlar. Sizi Azərbaycanda salamlamaq istəyirəm. Sizi ölkəmizdə qəbul etməkdən çox məmnunam. Nümayəndə heyətinizin səfərinə böyük önəm verilir. Əminəm ki, səfəriniz ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərini daha da gücləndirəcək.
Bu gün biz, nümayəndə heyətimizin üzvləri ölkələrimiz arasında sıx əməkdaşlıq üçün yaxşı hüquqi bazanı yaradacaq bir çox sənədləri imzalayacağıq. Mükəmməl siyasi münasibətlərimiz mövcuddur. Beynəlxalq təşkilatlarda, xüsusilə həmişə bir-birimizi dəstəklədiyimiz BMT-də, İslam Əməkdaşlıq Təşkilatında uğurla əməkdaşlıq edirik. Beynəlxalq təşkilatlarda tərəfimizdən irəli sürülmüş təşəbbüslərə dəstək göstərdiyiniz üçün Sizə minnətdarıq”.
Dövlət başçısı bildirib ki, iqtisadi əməkdaşlığımızın səviyyəsini siyasi əməkdaşlıq səviyyəsinə qaldırmalıyıq və hesab edirəm ki, bu sahədə çoxlu imkanlar mövcuddur: “Bu gün imzalanacaq sənədlərdən biri xüsusilə bunun üçün yaxşı baza yaradacaq. Əminəm ki, birgə komissiyanın yaradılması ölkələrimiz arasında iqtisadi və ticari əməkdaşlığı artıracaq. Enerji əməkdaşlığı, turizm, kənd təsərrüfatı, texnologiyalar, daşımalar və investisiya qoyuluşu sahələrində yaxşı imkanlar görürük. Düşünürəm ki, bütün bu sahələr əməkdaşlıq üçün cəlbedicidir”.
İlham Əliyev bildirib ki, Qətər dünyada çox dinamik, iqtisadi cəhətdən sabit və çiçəklənən bir ölkə kimi tanınır: “Biz xalqlarımız arasında bu iqtisadi körpünü yaratmalıyıq. Hesab edirəm ki, yaxın gələcək üçün ən vacib hədəflərdən biri qarşılıqlı ticarət dövriyyəsinin səviyyəsinin artırılması olmalıdır və bunun üçün yaxşı imkanlar mövcuddur. Eyni zamanda, daha da çox sayda Qətər vətəndaşlarının Azərbaycana səfər etməsi bizi məmnun edir. Bildiyiniz kimi, indi sizin vətəndaşlarınız üçün sadələşdirilmiş viza rejimi tətbiq olunur və ziyarətçilərin sayı artmaqdadır. Bu da əlbəttə ki, xalqlar arasında əlaqələr üçün xüsusi fürsət yaradacaq. Birbaşa uçuşlarımız var, indi Azərbaycana çıxışınız daha da asanlaşıb. Bu da əlbəttə ki, turizmin inkişafına stimul verəcək və öz növbəsində xalqlarımız arasında daha da sıx münasibətlərin formalaşmasına gətirib çıxaracaq. Biz ölkələrimiz arasında bundan da sıx münasibətlərin formalaşmasını istəyirik.
Zati-aliləri, mənim dəvətimi qəbul etdiyiniz və Azərbaycana səfərə gəldiyiniz üçün Sizə çox minnətdaram. Səfəriniz qarşılıqlı hörmət, inam, dostluq və qardaşlıq əsasında qurulmuş münasibətlərin daha da inkişaf etdirilməsinə əlavə imkan verəcək. Bir daha Azərbaycana xoş gəlmisiniz”.
www.yenicag.az