Azər Həsrət: “Azərbaycan heç vaxt İrana qarşı üçüncü tərəf üçün körpü rolunu oynamayıb”
“Pezeşkian ağıllı və məntiqli qərar verərək Azərbaycan ərazisinə dron göndərməyin qarşısını aldı.”
Bu sözləri Yenicag.az-a açıqlamasında siyasi şərhçi Azər Həsrət verib.

İran parlamentinin deputatı Kamran Qəzənfəri mediaya açıqlamasında İranın əslində müharibə zamanı Azərbaycan Respublikasını da dron hədəfi planlaşdırdığını, amma prezident Pezeşkianın bunun qarşısını alaraq belə şeyə ehtiyac olmadığını deməsindən sonra bundan imtina etdiklərini bildirib.
Azər Həsrət bu açıqlamanın doğruluq payının olduğunu qeyd edib:
“Mən həmişə demişəm, Pezeşkian ağlı başında olan elm adamıdır, sadəcə dindar deyil. O, elmin gücünü bilir, ona görə də məntiqlə, ağılla düşünməyi bacarır. Pezeşkian reallıqları hamıdan yaxşı başa düşür ki, Azərbaycan Respublikası heç vaxt İrana qarşı üçüncü tərəf kimi istifadə olunmasına körpü rolunu oynamayıb, oynaya bilməz. Azərbaycan mahiyyəti etibarilə buna yol verməyib, olması da mümkün deyil. Pezeşkian da bunu çox gözəl anlayır. Bu sərsəm şəxsin dedikləri əslində həqiqətdir. Biz özümüz də dəfələrlə bildirmişik ki, SEPAH və ona yaxın qruplar Azərbaycanı davamlı şəkildə hədəf olaraq göstəriblər və Naxçıvana tərəf dron uçurulması, Naxçıvan Hava Limanının vurulması da yadımızdan çıxmayıb. Düşünürəm ki, bu açıqlamada hansısa manipulyasiyadan söhbət getmir, həqiqətən də belə bir şey olduğuna mən əminəm. Görünür, Pezeşkianın sözü vaxtında və yerində deyilib ki, bunlar hədlərini aşmaqdan çəkiniblər. Ümumiyyətlə, bu gün mən sosial mediada gördüm, Pezeşkian elm adamları ilə görüşdə dövlət idarəetməsinin təkmilləşdirilməsi siqnallarını verməyə başlayıb. Xatırladım ki, Pezeşkian prezident seçildikdən sonra onun İranı islahatlara aparacağının anonsunu verənlərdən biriyəm. Əgər adamın ağlı başındadırsa və elm adamıdırsa, İranın nə qədər bərbad idarəetməyə malik olduğunu görməmiş deyil və vəziyyətdən çıxış yollarını göstərmək məcburiyyətindədir. Artıq bu proses gedir. Digər tərəfdən də Amerika ilə masa arxasında oturublar. ABŞ İranın islahatlara məcbur edilməsi üçün əlindən gələni edir və edəcək. İran dəyişəcək. Bundan sonrakı mərhələdə İranın Azərbaycan Respublikasına təhdidləri də aradan qalxmış olacaq.”
Nurlan Cəfəri













