İrakli Kobaxidze: “Bizi ruspərəst adlandırmaq anti-Gürcüstan təbliğatının tərkib hissəsidir”
Gürcüstanın Baş naziri İrakli Kobaxidze hakim “Gürcü arzusu – Demokratik Gürcüstan” hökumətinin “rusiyapərəst siyasət” yürütməsi ilə bağlı iddiaları əsassız və anti-Gürcüstan təbliğatının bir hissəsi adlandırıb.
Yenicag.az “Radio Tavisupleba”ya istinadla xəbər verir ki, Baş nazir bu barədə sosial şəbəkə hesabındakı paylaşımda bildirib.
“Hökumətimizi rusiyapərəst adlandırmağın yeganə səbəbi odur ki, biz xarici göstərişlərlə hərəkət etmirik, hakimiyyətin bütün qollarını xarici agentlərdən təmizləmişik, suverenliyimizi qoruyuruq, LGBT təbliğatına yol vermirik və müharibədə iştirak etmirik”, – deyə o, yazıb.
Kobaxidze qeyd edib ki, indiyədək Gürcüstan hökumətinin Rusiya yönlü siyasət yürütməsi barədə konkret sübut təqdim olunmayıb:
“Biz faktlara əsaslanmayan, Göbbels üslubunda aparılan bir təbliğatla üz-üzəyik. Əvvəlcə düşmən obrazı yaradılır, sonra isə hökumət həmin obrazla əlaqədə ittiham olunur”.
Xatırladaq ki, Avropa İttifaqı son aylarda Gürcüstan hökumətini Qərbyönlü siyasətdən imtina edərək Rusiya və Çinlə yaxınlaşmaqda ittiham edib. Gürcüstan rəhbərliyi isə bu iddiaları suveren siyasətə müdaxilə cəhdi kimi dəyərləndirir.