İran iqtisadiyyatını ÇÖKDÜRMƏ PLANI: "SEPAH zabitləri iki aydır maaş ala bilmir"
“ABŞ rəhbərliyində müəyyən əminlik var ki, hərbi əməliyyatlar yenidən başlamadan belə İranı iqtisadi boğma siyasəti ilə bəzi şərtlərə razı sala biləcək”.
Bu fikirləri Yenicag.az-a açıqlamasında politoloq Natiq Miri bildirib. 
Politoloq post-müharibə dövründə İran iqtisadiyyatının çökdüyünü və dövlətin vətəndaşlara maaş verə bilmədiyini bildirib:
“İranda neft hasilatı tam gücü ilə davam edir. Digər tərəfdən bu neftin satışına ehtiyac var ki, proses ardıcıl irəliləsin. Bu gün İran hasil etdiyi nefti sata bilmir. Hazırda dənizlərdə 155 milyon barel İran nefti dolaşır. Bir tərəfdən İran neftinin alınmasına ABŞ səviyyəsində sanksiya tətbiq edilib ki, bir çox dövlətlər bu nefti almağa və ikili sanksiyalara məruz qalmaqdan qorxur. Digər tərəfdən, neftin ixracı üçün dəniz yolları tamamilə blokadaya alınıb. Ona görə də hasil olunan nefti sata bilmirsənsə, deməli, İran daxilindəki anbarlara vurmaq məcburiyyətindəsən. Bu anbarların həcmi də məhduddur. Artıq bu həcmin çox qısa zamanda, hardasa, 2 həftə ərzində tamamilə dolacağı bildirilir.
Bundan sonra İran hasil etdiyi nefti ya birbaşa torpağa buraxmalıdır, bu isə çox böyük təhlükə vəd edir, ya da hasilatı dayandırmalıdır, bu du da İran üçün perspektivdə çox ciddi maliyyə itkiləri deməkdir. Hasilat dayandırılarsa, sonradan bu hasilatı yenidən bərpa etmək üçün problemlər və böyük maliyyələrə və zamana ehtiyac olacaq. Ən nəhayət, gün ərzində yüz milyonlarla dollar neftdən İran büdcəsinə gəlir gəlirdi ki, bu gəlirlər artıq ya dayanıb, ya da minimuma endirilib. Sosial ödənişlər, müəllim və həkimlərin maaşları bir yana, heç SEPAH zabitləri belə iki aydır maaş ala bilmir. Digər tərəfdən, güc orqanları və digər işçilərin maaşlarını ödəmək məcburiyyətindəsiniz. Son ayda insanlara əməkhaqqı olaraq cəmi 7 dollar ödənildiyi haqqında məlumatlar yayılıb. Bu insanlar 7 dollara evlərinə nə alıb apara bilər ki? Ona görə də orta və aşağı dolanışıq səviyyəsi olan ailələrin ehtiyatları zəngin insanlar kimi çox deyil. Bu, dolayı yolla həm də daxildə ciddi sosial gərginliyi artırır. Hər bir halda, Trampın nə deməyindən asılı olmayaraq, İranda vəziyyət, həqiqətən, çox çətindir. Bu səbəblərə görə ABŞ rəhbərliyində müəyyən əminlik var ki, hərbi əməliyyatlar yenidən başlamadan belə İranı iqtisadi boğma siyasəti ilə bəzi şərtlərə razı sala biləcək.”
Nurlan Cəfəri













