İran üçün qiyamət ssenarisi: Rejim xalqı qaranlığa və yoxsulluğa sürükləyir? - ŞƏRH

media-hightechnic-468x90

“İran rejimi qarşıdakı onilliklərdə xalqını qaranlığa və yoxsulluğa aparır”

Bu sözləri Yenicag.az-a açıqlamasında politoloq Natiq Miri bildirib.

media-33-1772703145

Politoloq İran rəsmilərinin son günlər ABŞ-ni təhdid etməsini və masaya qoyduqları şərtlərdən kənara çıxmayacaqlarını bəyan etmələrini sərt tənqid edərək, bunu yanlış siyasət adlandırıb:

“Ortada çox böyük bir yalan var. İki tərəf də yalan danışır. Açıqlamaların əksəriyyəti daha çox beynəlxalq ictimai rəyə və daxili auditoriyaya hesablanıb. Digər tərəfdən, beynəlxalq enerji və neft bazarında qiymətlərin kosmik səviyyəyə qalxmaması üçün bəyanatlar verilir. ABŞ, ən azından Trampın açıqlamaları səviyyəsində ciddi uğura nail ola bilir, məsələn, neftin qiyməti kəskin qalxmır. İran isə ABŞ əleyhinə açıqlamalar verməklə neftin qiymətinin daha da artmasına səbəb olur. Belə bir vəziyyət İrana neft satışında xeyir verməklə bərabər, qlobal iqtisadiyyatda böhran yaratdığı üçün Tramp üzərində ciddi təzyiq formalaşdırır.

Bu baxımdan, İran daha çox vaxta oynayır. Onlar hesab edir ki, Trampın zamanı yoxdur. Konqres seçkilərinə bir neçə ay qalıb və İran bundan maksimum istifadə etməyə çalışır. İranda belə bir qənaət var ki, ABŞ çox çətin vəziyyətdədir və zaman Trampın əleyhinə işləyəcək. Bu hesablamada da müəyyən səhvlər var. Tramp təzyiq olunacaq və siyasətin perspektivləri ilə razılaşacaq bir tip deyil”.

“Rubio açıqlama verərək əməliyyatların sona çatdığını bildirdi. Bunun əsas məqsədi ondan ibarət idi ki, yeni hərbi əməliyyatın başlaması üçün öncəki əməliyyatın bitməsinə ehtiyac var. 1973-cü ildə qəbul olunan qərara görə, Konqreslə razılaşmadan ABŞ-dan kənar coğrafiyada aparılan hərbi əməliyyatlar 60 gün içində bitməlidir. Bu 60 gün isə artıq bitib. Ona görə də, bu əməliyyatın sona çatdığını bəyan etməklə yeni əməliyyatlar keçiriləcək. ABŞ tərəfi bu əməliyyat üçün hazırlanıb və ona ad da qoyub: ‘Kuvalt’ (Balyoz) əməliyyatı. Əməliyyatların adı dəyişir, amma mahiyyəti dəyişmir. Məsələ ondan ibarətdir ki, qanunvericilikdə olan 60 günlük məhdudiyyəti sıfırlamaq və Konqresin ittihamlarından yayınmaq üçün yeni əməliyyat başlanmalıdır”.

Politoloq qeyd edib ki, Trampın dünya ölkələrinə verdiyi sərt mesajlar İran müttəfiqlərini çəkindirməyə hesablanıb:

“Tramp İran müttəfiqlərini çəkindirmək üçün müxtəlif bəyanatlar verir, amma onun özünün nədənsə çəkinəcəyini düşünmək yanlış fikirdir. İranın sadəcə ballistik raketlərlə qalib gəlməsini düşünmək isə absurddur. Əgər raketlərlə qalib gəlmək mümkün olsaydı, İsrailin İrana atdığı raketlərlə İran yerlə-yeksan olmalı idi. Raketlərlə müharibə udulmaz, amma İranın bütün infrastrukturu məhv edilərsə, Tehran hansı maliyyə kontekstində zərərləri bərpa edə biləcəyini düşünməlidir. Kim verəcək bu maliyyəni?

İranın əsas maliyyə qaynağı neftdən gələn pullardır ki, buna da ABŞ imkan vermir. Blokada səviyyəsində İran hansı maliyyə ilə problemləri aradan qaldıracaq və xalqın sosial ödənişlərini təmin edəcək? İranda müəllimlər, həkimlər, hərbçilər, hətta SEPAH üzvləri maaş ala bilmir, bunu İran hansı yolla təmin edəcək? İran görünən odur ki, həmişəki kimi boynundan yuxarı danışmağa çalışır. Onlar indi özlərini dünyada dördüncü qlobal güc kimi görür, amma bu, yuxudan o tərəfə keçməz. Bunlar yanlış hesablamalar və yanlış siyasətdir. Nəticə etibarilə bu siyasət onillərlə İran cəmiyyətini qaranlığa və yoxsulluğa düçar edəcək. Bu isə rejimin məhvinə gətirə bilər. Onlar unutmamalıdırlar ki, etiraz edən kütlə heç yerə getməyib”.

Nurlan Cəfəri

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05