İran üçün yolun sonu: Kapitulyasiya, yoxsa böyük müharibə?
“Tramp öz şərtləri ilə İranı kapitulyasiya sənədinə imza atmağa məcbur edir”.
Bu sözləri Yenicag.az-a açıqlamasında politoloq Elçin Xalidbəyli bildirib.

Politoloq Trampın İran planı və rəsmi Tehranın mümkün gedişlərindən bəhs edib:
“Hazırda Yaxın Şərqdə yaranmış hərbi böhran dalana dirənib. Danışıqlar masası arxasında bu müharibə ilə bağlı düyünlərin açılması demək olar ki, qeyri-mümkündür. Hər iki tərəfin tələbləri bir-birinə kəskin ziddiyyət təşkil edir. ABŞ öz şərtləri ilə faktiki olaraq İrandan kapitulyasiya aktını imzalamağı tələb edir. Bu isə İranın maraqlarına cavab vermədiyi üçün rəsmi Tehran müqavimət göstərməyə çalışır.
Tehranın tələb və şərtləri Ağ Ev üçün ciddi problemlər yaradır; olduqca ziddiyyətli və qəliz bir situasiya yaranıb. Hazırda İran Ali Dini Liderin adından bəhanə kimi istifadə etməyə çalışır və vaxt qazanmaq niyyəti güdür. ABŞ isə təzyiqləri artıraraq İranı öz tələblərini qəbul etmək məcburiyyətində qoymaq istəyir.
Görünən odur ki, sülh danışıqları böyük risk altına düşüb. Prezident Tramp atəşkəsin müddətini uzatsa da, tərəflər arasında anlaşma ehtimalı olduqca aşağıdır”.
E. Xalidbəyli yaxın vaxtlarda Yaxın Şərqdə hərbi əməliyyatların yenidən başlaya biləcəyini qeyd edib:
“Düşünürəm ki, müharibənin uzun illər dondurulmuş münaqişə modelinə keçmə ehtimalı da mövcuddur. Bununla belə, ABŞ atəşkəs dövründə sərf etdiyi silah-sursat və hərbi texnika ehtiyatlarını bərpa etməyə imkan tapıb, bölgəyə yeni qüvvələr göndərməyə başlayıb. Bu o deməkdir ki, Vaşinqton atəşkəs dövründə sülhlə yanaşı, həm də yeni hərbi əməliyyatlara ciddi hazırlıq görüb. Yaxın vaxtlarda hərbi əməliyyatların yenidən bərpası kifayət qədər real görünür”.
Nurlan Cəfəri













