İran Zəngəzur dəhlizinə niyə QARŞI ÇIXIR? – Tehranı narahat edən ÜÇ ƏSAS SƏBƏB

media-hightechnic-468x90

“İranın ali dini lideri Seyid Əli Xameneinin beynəlxalq məsələlər üzrə müşaviri Əli Əkbər Vilayətinin məlum açıqlaması ciddi siyasi ajiotaj yaratdı və bu, əslində, İranın dəsti-xəttində bir yenilik deyil. Təəssüf ki, İran artıq uzun müddətdir ki, Zəngəzur dəhlizi məsələsində destruktiv mövqe sərgiləyir, bu dəhlizin açılmasını təhdid kimi görür, öz strateji əhəmiyyətinin azalacağından ehtiyat edir. Halbuki Azərbaycan dəfələrlə bəyan edib ki, bu dəhliz heç bir dövlətin geridə qalmasına deyil, əksinə, bütün regionun inkişafına töhfə verəcək bir layihədir”.

Bunu Yenicag.az-a açıqlamasında politoloq Sultan Zahidov deyib.

media-sultanzahidov1

Siyasi təhlilçi Ə. Ə. Vilayətinin sonuncu açıqlamasından sonra Tehran hakimiyyətinin regional proseslərə müdaxiləsini şərh edib.

Onun sözlərinə görə, Vilayətinin son açıqlaması bir daha göstərdi ki, İranın siyasi elitasında Zəngəzur dəhlizinə qarşı çıxan qüvvələr mövcuddur:

“Mən bu fikri ona görə səsləndirirəm ki, İran daxilində bu məsələyə o qədər də narahatlıqla yanaşmayan qüvvələr də var. Məsələn, Xarici İşlər Nazirliyi tərəfindən verilən açıqlamada bildirilmişdi ki, regionda yeni nəqliyyat xətlərinin açılması İran üçün ciddi narahatlıq doğurmamalıdır. İran siyasi mühitində iki əsas təbəqə formalaşıb: biri mühafizəkarlar, digəri isə daha müasir və mülayim mövqedə olanlar. Mülayim kəsim məsələlərə daha rasional və fərqli baxışla yanaşır. Bu, əslində, İran daxilində gedən siyasi mübarizənin göstəricisidir”.

“Ermənistan məsələsinə gəldikdə isə düşünürəm ki, İran rəhbərliyində bəzi güclər Azərbaycan-Ermənistan münasibətlərində müəyyən normallaşmadan ciddi şəkildə narahatdır. Onlar, hətta iki ölkə arasında sülh sazişinin imzalanmasını belə istəmirlər. Bunun əsas səbəblərindən biri odur ki, bu münaqişə İran üçün hər zaman təsir və təzyiq vasitəsi olub. Münaqişə davam etdikcə, İran tərəflərə daha asan təsir göstərə bilib. Eyni zamanda Ermənistanın blokadada qalması da İranın maraqlarına uyğun idi, çünki bu yolla İran Ermənistanı özündən daha çox asılı vəziyyətə salırdı. Üçüncü bir məsələ isə ondan ibarətdir ki, Zəngəzur dəhlizinin ABŞ şirkətlərinin nəzarəti altında açılması ideyası İranı narahat edir. Əgər tərəflər bu ideyaya razılıq versələr, İran bunu birbaşa təhdid kimi qəbul edir. Çünki İran düşünür ki, bu dəhliz vasitəsilə ABŞ onun sərhədlərinə nəzarət etmək imkanına malik olacaq. Bu isə tamamilə istisna deyil, çünki burada ABŞ-nin də geosiyasi maraqları var”, – deyə o, əlavə edib.

S. Zahidovun fikrincə, məhz bu səbəbdən İran bu məsələlərə qarşı narazılığını açıq şəkildə ifadə edir:

“Ermənistan məsələsində isə İranın vaxtaşırı səsləndirdiyi tənqidlər daha da artır. İranın siyasətində əsas “qırmızı xətlərdən” biri bölgəyə kənar güclərin gətirilməməsidir. Lakin Ermənistan son illərdə həm Avropa İttifaqının, həm də Fransanın regiondakı iştirakını artırmağa çalışır. Bu isə İran-Ermənistan münasibətlərinə də təsirsiz ötüşmür. Ermənistan bir tərəfdən Rusiyadan uzaqlaşmağa və təhlükəsizlik siyasətini diversifikasiya etməyə çalışır, digər tərəfdən isə Qərbə inteqrasiya etməyə cəhd göstərir. Lakin Qərblə olan münasibətləri İranla əlaqələrinə təsir göstərir. Paşinyan çalışır ki, balanslı siyasət yürüdərək nə “şiş yansın, nə də kabab”. Amma bu siyasəti yerinə yetirmək kifayət qədər çətin məsələdir. Çünki İran ABŞ-ni özünə ekzistensial təhdid kimi görür. Ermənistan, əgər Rusiyaya qarşı balans yaratmaq istəyirsə, yalnız Avropa ilə münasibətlər kifayət etməz. ABŞ ilə də inteqrasiyanı və əməkdaşlığı dərinləşdirməlidir. Məhz bu səbəbdən də 2025-ci ilin yanvar ayında Ermənistanla ABŞ arasında strateji tərəfdaşlıq haqqında nizamnamə imzalanmışdı”.

Rafi Müslümov

 

 

 

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 29.07.2025

media-ziraat-160x600
media-ziraat-160x600