Paşinyan üçün başqa yol qalmayıb: Ermənistanı uçurumdan çıxaracaq tək fürsət - ŞƏRH
“Paşinyan başa düşür ki, inteqrasiyanın alternativi yoxdur və Ermənistandakı gələcək nəsil üçün tək çıxış yolu sülhdür.”
Bu sözləri Yenicag.az-a açıqlamasında politoloq Tofiq Abbasov bildirib.
Politoloq son günlər Ermənistanda seçki təbliğatı mərhələsində müxalifət liderlərinin ölkədə çaxnaşma yaratmaq cəhdləri və “Azərbaycan kartı”nı oynaması haqqında geniş şərh verib:
“Ermənistanda seçkilərlə bağlı vəziyyət olduqca gərgindir. Hazırda Ermənistan siyasi arenasında hər bir namizədin mövcudluğunu müşahidə etmək mümkündür. Namizədlər son günə qədər seçici səsi uğrunda mübarizəni davam etdirəcəklər. Bu baxımdan, biz hazırda iki çaları görürük: ağ və qara. Əgər ağ Nikol Paşinyan və tərəfdarlarıdırsa, qaralar da digər namizədlərdir. Nikolun rəqibləri artıq oyunbazlığa qədər gedirlər. Onların tək məqsədi hakimiyyəti ələ keçirməkdir. Məsələ ondadır ki, Köçəryan idbar bir adam olduğuna görə xalq tərəfindən qətiyyən qəbul olunmur. Onlar xüsusilə əsas diqqəti guya Qarabağ ermənilərinin ağır vəziyyətinə yönəltməyə çalışacaqlarını deyirlər. Amma hakimiyyət təmsilçiləri Moskvada jurnalistin sualına cavab verərkən, onların heç bir faciəsinin olmadığını, Ermənistanda rahat yaşadıqlarını və bütün sosial problemlərinin həll olunduğunu bildirmişdilər. Qərbdəki diaspor təşkilatları, kilsə və digər qüvvələr çalışır ki, ölkədə “anti-paşinyan” cəbhəsini gücləndirib tərəddüd edən seçiciləri qazansınlar. Fikrimcə, hazırda favorit hələ də Paşinyandır. Paşinyan demək olar ki, Ermənistanı oyanış prosesinə gətirib çıxarıb”.
“Müxalifət mitinqlərində azərbaycan dilində səsləndirilən ifadələrlə çalışırlar ki, Azərbaycan mövzusunu bir qədər kölgəyə salsınlar. Amma məsələ ondadır ki, hazırda seçkiyə açıq-aşkar müdaxilə edən Rusiya və Fransa, eləcə də Qərb amili onlar üçün Azərbaycan amilindən daha güclü deyil. Faktiki olaraq, Azərbaycanın yaratdığı post-müharibə reallıqları Ermənistanda konkret əməli mahiyyət daşıyan addımlar atıb. Tranzit yollar açılıb, sülh gündəliyində də onlar üçün böyük şanslar vəd edilir. Digər tərəfdən isə TRACECA layihəsi var ki, o da Azərbaycanın yaratdığı nəticədir. Azərbaycan Çindən Avropaya doğru gedən yolda Ermənistana böyük qənaət vəd edir. Təsadüfi deyil ki, Prezident İlham Əliyev bu yaxınlarda açıq-aşkar bildirdi ki, Ermənistanın tranzit ölkəsinə çevrilmə şansı həddən artıq çoxdur və onlar bundan gərək istifadə etsinlər”.
Politoloq qeyd edib ki, hazırda Ermənistanın gələcəyi üçün sülh xaricində ikinci alternativ yoxdur və digər variantlar Ermənistanı uçuruma aparacaq:
“Həqiqətən də bu belədir və bu, Ermənistan üçün böyük fürsətdir. Bölgədə olub bölgədən uzaq durmaq onlar üçün əlverişli olmayacaq. Ermənistan müstəqilliyini elan etdikdən sonra özünü təcrid etmiş vəziyyətdə idi. Bu, həm də bəzi xarici qüvvələrin xeyrinə idi ki, Ermənistan Azərbaycanla barışmasın, Türkiyə ilə münasibətləri düzəltməsin. Doğrudur, öncə Paşinyan özü də bu proseslərə qatılmışdı, amma məğlub olduqdan sonra anladı ki, bu proseslər Ermənistanın zərərinədir. Bütün bunları düşünərək hazırda o, real Ermənistanı qurduqlarını açıq şəkildə bəyan edir. Paşinyan düşünür ki, yeni nəsil anlamalıdır ki, gələcəkdə onları çox gözəl imkanlar gözləyir və qonşularla mehriban atmosferdə yaşayaraq qonşuluq siyasətini gücləndirməlidirlər. İnteqrasiyanın alternativi yoxdur, yolu birdir. Ona görə də düşünürəm ki, seçki günü Ermənistanda heç bir sensasiya baş verməyəcək. Təbii ki, terrorçu ünsürlər hər hansı təxribat yaradaraq vəziyyəti nəzarətdən çıxarmasalar”.
Nurlan Cəfəri












