!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İranda prezident seçkiləri: “Əhmədinejadın namizədliyi ona görə qeydə alınacaq ki...”

!Reklam – Yazi

“Hazırda İrandakı prezident seçkilərinə namizədliyini təsdiq edənlər hələlik iddiaçılardır”.

Bu sözləri Yenicag.az-ala söhbətində Orta Doğu Araşdırmaları Mərkəzinin sədri, İranşünas Sədrəddin Soltan deyib.

 

O, İran prezidenti İbrahim Rəisinin helikopter qəzasında həlak olmasından sonra bu ölkədə start götürən növbədənkənar prezident seçkiləri marafonundan, habelə sabiq İran prezidenti Mahmud Əhmədinejadın namizədliyini yenidən verməsindən söz açıb.

S. Soltan xatırladıb ki, ayın 12-nə qədər İranın ali dini lideri Ayətullah Seyid Əli Xamneyinin rəhbərliyi altında olan Nəzarət Şurası namizədliyini verənləri araşdırıb, “ələkdən keçirəcək”.

“Məhz bundan sonra prezidentliyə namizədlərin adı elan olunacaq. Ona görə də Mahmud Əhmədinejadın “ələkdən keçməsinin” mümkünlüyü məsələsi hazırda maraqlıdır. Ötən seçkidə Mahmud Əhmədinejadın namizədliyi, ümumiyyətlə, iddiaçı kimi belə qeydiyyata alınmamışdı. Fikrimcə, Mahmud Əhmədinejad prezident seçkilərinə ona görə buraxılacaq ki, daha çox ajiotaj yaratsın, seçkini cəlbedici etsin. Çünki o, prezidentlik müddəti başa çatdıqdan sonra hökuməti sosial sahələr üzrə kəskin şəkildə tənqid edirdi. Ola bilsin ki, razılaşdırılmış şəkildə onu buraxacaqlar ki, seçkiqabağı kampaniyası zamanı tənqidi fikirlər söyləsin”, – deyə o əlavə edib.

Analitik diqqətə çatdırıb ki, İranın çağdaş tarixində keçmiş prezidentin yenidən hakimiyyətə qayıtması təcrübəsi yoxdur:

“Buna əvvəllər Əli Əkbər Haşimi Rəfsəncani bir neçə dəfə cəhd etsə də, alınmadı. Haşimi Rəfsəncani Mahmud Əhmədinejadla bir yerdə prezidentliyə namizədliyini irəli sürsə də, Əhmədinejad ona qalib gəldi. Ona görə də Əhmədinejadın prezident olacağını mümkün saymıram.

O ki qaldı İranın yeni hakimiyyətinin region ölkələrinə münasibətinə, İranda prezident kim olursa-olsun, Tehran hakimiyyəti ilə region dövlətləri arasında münasibət dəyişməz qalacaq. O mənada ki, prezident xarici siyasəti müəyyənləşdirən şəxs deyil. Eləcə də hökumət xarici siyasəti müəyyənləşdirmir. Hökumət və ona daxil olan Xarici İşlər Nazirliyi İran ali rəhbərliyinin müəyyən etdiyi siyasətin icraçılarıdır. Yəni prezident ona verilən tapşırığı icra edən dövlət xadimidir. O, müstəqil xarici siyasət yürüdə, xarici siyasi konsepsiyaları həyata keçirə bilmir”.

“Ola bilər ki, prezident açıqlamalarında hər hansı xoş deməyə bilər ki, bunun da bədəli sonradan ödənilir. Lakin bütövlükdə Mahmud Əhmədinejad, Səid Cəlili, Əli Laricani və “X” şəxs olursa-olsun, hakimiyyətdə kimin gəlməsindən asılı olmayaraq, İranın region ölkələri ilə münasibətləri fundamental olaraq dəyişə bilməz. O halda dəyişə bilər ki, rejim bütövlükdə xarici siyasi kursunda dəyişiklik etsin və sözügedən kursu prezident həyata keçirsin. Amma bu da indiki perspektivdə inandırıcı görünmür”, – deyə o, fikirlərini yekunlaşdırıb.

Rafi Müslümov

www.yenicag.az

511
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv