!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İranda seçki MARAFONU: Namizədliyini verən “kilid şəxslər” – Ən populyar ADLAR

!Reklam – Yazi

İranda prezident İbrahim Rəisinin mayın 19-da helikopter qəzasında həlak olmasından bir həftə sonra başlayan seçki prosesi çərçivəsində 4-ü qadın olmaqla, əksəriyyəti mühafizəkar kəsim üzvü olan 80 nəfər namizədlik üçün müraciət edib.

Qeyd edək ki, hazırda namizədliyini verən şəxslər İranda keçiriləcək prezident seçkilərində yalnız birinci mərhələni adlayıb və onlar namizədliyə iddiaçı adlanırlar. Belə ki, İranın ali dini lideri Seyid Əli Xamneynin rəhbərlik etdiyi Nəzarət Şurası namizədlərin bioqrafiyasını araşdırdıqdan sonra növbəti tura artıq kimlərin buraxılacağı məlum olacaq. Ölkədə prezident seçkilərinin iyunun 28-də keçirilməsi qərara alınıb.

İrandakı seçki marafonunun davam etməsi fonunda prezidentliyə namizədliyini verən şəxslərin adları açıqlandıqca, onların seçki platformaları barəsində də bəzi nüanslar gün üzünə çıxır. Ümumilikdə isə namizədliyə iddiaçıların çoxu yerli mediaya açıqlamasında əhalinin maddi sıxıntıları, eləcə də iqtisadi böhranlarla bağlı reformlar edəcəklərini bəyan ediblər.

Yenicag.az İrandakı seçki marafonunda namizədliyini verən “kilid şəxs”lərin qısa bioqrafiyasını təqdim edir:

Hazırkı seçkilərdə populyar adlardan biri İranın sabiq prezidenti Mahmud Əhmədinejaddır. 2003-2005-ci illər arasında Tehran meri vəzifəsini icra edən Əhmədinejad 2005-ci ilin iyununda keçirilən prezident seçkilərində Əli Əkbər Haşimi Rəfsəncaniyə qalib gəlib və 2005 və 2013-cü illərdə iki müddətlik bu vəzifədə olub. İran siyasətində hələ də nüfuzlu ad hesab edilən keçmiş prezident Əhmədinejad 2017-ci ildə seçkilərə buraxılmayıb. Radikal baxışları və mühafizəkar kimliyi ilə ölkədə ön sıralarda olan Əhmədinejad 2021-ci il seçkilərində helikopter qəzasında həlak olan İbrahim Rəisi ilə rəqabət aparmaq istəsə də, Nəzarət Şurası onun namizədliyinə növbəti dəfə veto qoyub.

Hakimiyyətdə olduğu müddətdə “ədalət” və “yoxsulluğa qarşı mübarizə” diskussiyaları ilə adından söz etdirən Əhmədinejad xüsusilə kənd yerlərindən aldığı səslərlə hakimiyyətə gəlib. Prezidentliyi dövründə yoxsullara birbaşa maliyyə yardımı təşəbbüsü ilə çıxış edən Əhmədinejad yoxsullara dövlət dəstəyini genişləndirən subsidiyalarla da tanınır.

Siyahıda ikinci yeri İran siyasətində əsas personalardan biri olan Əli Laricani tutur. 2008-2020-ci illər arasında 12 il İran parlamentinin sədri vəzifəsini icra edən Əli Laricani mötədil mühafizəkar şəxsiyyəti ilə tanınır.

Parlament sədri, Milli Təhlükəsizlik Ali Şurasının Katibliyi, Mədəniyyət və İslami İrşad Nazirliyi və İran Radio və Televiziya Korporasiyasının prezidenti kimi vəzifələrdə çalışan Laricaninin 2021-ci il seçkiləri üçün namizədlik ərizəsinə Nəzarət Şurası tərəfindən veto qoyulub. Şura indiyə qədər vetonun səbəbini açıqlamayıb.

Digər tərəfdən, mayın 26-da ölkə mətbuatında çıxan xəbərlərdə Laricaninin bu dəfə Xamneyidən namizədlik icazəsi aldığı iddia edilib. Namizədlik ərizəsi qəbul olunarsa, Laricaninin prezident seçkilərində ən güclü namizədlərdən biri ola biləcəyi qiymətləndirilir.

İran ictimaiyyətində seçkilərdə ən “dişli” namizədlərdən biri isə Səid Cəlilidir. Belə ki, S. Cəlili hazırda İranın ali dini lideri Ayətullah Əli Xamneyinin Ali Milli Təhlükəsizlik Şurasında nümayəndəsi və Parlament ilə Konstitusiya Keşikçiləri Şurası arasında mübahisələri həll edən konstitusiya qurumu olan Qurucu Şuranın üzvü kimi fəaliyyət göstərir.

Keçmiş prezident Mahmud Əhmədinejadın dövründə 2007-2013-cü illər arasında Ali Milli Təhlükəsizlik Şurasının baş katibi vəzifəsini icra edən Cəlili eyni dövrdə İranın nüvə danışıqlarında baş müzakirəçi vəzifəsində də çalışıb.

Mühafizəkar xətti ilə tanınan Cəlili 2021-ci il seçkilərində namizəd olub və daha sonra İbrahim Rəisi lehinə namizədliyini geri götürüb.

İranın sabiq prezidenti Ruhaninin birinci müavini İshaq Cahangiri də iyunun 28-də keçiriləcək prezident seçkilərində namizədliyini irəli sürüb.

Cahangiri 2013-cü il prezident seçkilərində islahatçıların potensial namizədi olub, lakin o, Əkbər Haşimi Rəfsəncaninin lehinə seçkilərdən geri çəkilib və daha sonra Rəfsəncaninin təşviqat meneceri kimi fəaliyyət göstərib. Bundan əlavə, Cahangiri Tikinti Partiyasının həmtəsisçisi və 2006-2010-cu illərdə partiyanın baş katibi olub. O, həmçinin 2009-cu il prezident seçkilərində Mirhüseyn Musəvinin prezidentlik kampaniyasının üzvü olub. 2013-cü il iyulun 23-də Cahangirinin növbəti birinci vitse-prezident olacağı və andiçmə mərasimindən sonra Ruhani tərəfindən təyin ediləcəyi bildirildi . İyulun 29-da isə inauqurasiya günündə vəzifəyə təyin olunması rəsmi olaraq təsdiqləndi. O, rəsmi olaraq avqustun 4-də Ruhani tərəfindən Məhəmməd Rza Rəhiminin yerinə birinci vitse-prezidenti təyin edilib.

2017-ci ilin aprelində Cahangirinin prezident seçkilərində namizəd kimi qeydiyyatdan keçəcəyi açıqlandı. O, 20 aprel 2017-ci ildə Nəzarət Şurası tərəfindən yoxlanılaraq təsdiqləndi və rəsmi olaraq prezidentliyə namizəd oldu. Çoxları onun prezidentliyə namizəd olmaq qərarını müzakirələr boyu Ruhanini dəstəkləmək və sonra səsvermə başlamazdan əvvəl geri çəkilmək üçün taktiki qərar kimi qiymətləndirdi. Qeyd edək ki, səslənən iddialar daha sonra öz təsdiqini tapdı. Cahangiri 16 may 2017-ci ildə namizədlikdən geri çəkildi. Daha sonra isə Ruhani seçkidə qalib gəldi və Cahangiri yenidən birinci vitse-prezident vəzifəsinə təyin edildi.

Qeyd edək ki, Rəisinin həlak olmasından sonra start götürən seçki marafonu çağdaş İran tarixində maraqlı və qalmaqallı seçkilərdən biri sayılır. Namizədliyini verən şəxslərin bioqrafiyasına nəzər yetirsək, görərik ki, onlar İrana qarşı tətbiq olunan sanksiyalar fonunda ölkədə yeni bir dövrün başlayacağı vədlərini verərək, hakimiyyətə gəlmək niyyətindədirlər.

Rafi Müslümov

COP29

www.yenicag.az

192
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv