İrandakı etirazlar tamamilə yatırıldı
İran hakimiyyəti ölkə boyu tüğyan edən kütləvi etirazları genişmiqyaslı güc tətbiq etməklə demək olar ki, tamamilə yatırıb.
Yenicag.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.
Bildirilib ki, artıq ölkədə vəziyyət stabilləşib və aksiyalar səngiməyə başlayıb. Lakin etirazlar sakitləşsə də, yanvarın 16-da hökumət iştirakçıların kütləvi həbsinin yeni dalğasını elan edib.
Agentlik yazır ki, hazırda İran daxilində internet hələ də bloklanmış vəziyyətdədir. Buna baxmayaraq, bəzi sakinlər xaricə məlumat ötürə biliblər. Onların sözlərinə görə, yanvarın 11-dən bəri paytaxt Tehranda sükut hökm sürür, küçələr boşdur və vəziyyətə dronlarla havadan nəzarət edilir.
İnsan haqları təşkilatları, xüsusilə “Hengaw” bildirir ki, əvvəllər aksiyaların mərkəzi olan şəhər və qəsəbələrə çoxlu sayda hərbi qulluqçu və təhlükəsizlik qüvvələri yerləşdirilib. İranın “Tasnim” agentliyi bu gün yaydığı məlumatda iğtişaşlarda iştirak edən və “terrorçu qrupların üzvü” hesab edilən bir neçə min nəfərin saxlanıldığını təsdiqləyib.
Qeyd edək ki, etirazların pik həddində nümayişçilər bəzi şəhər və rayonların nəzarətini ələ keçirdiklərini bəyan etmişdilər./Qafqazinfo/












