İrandan Azərbaycana qarşı böyük təxribat: Səfirlik fəaliyyətini bərpa edəcək? – MÖVQE

“Səfirliyin bütün əməkdaşlarının və onların ailə üzvlərinin öldürülməsi hədəfdə imiş”.

Bu sözləri İrandakı Azərbaycan səfirliyinin fəaliyyətini tam dayandırması, bundan sonra ehtimal edilən prosesləri dəyərləndirən sabiq dövlət müşaviri Qabil Hüseynli Yenicag.az-a açıqlamasında deyib.

Qabil Hüseynli bildirib ki, Azərbaycanın İrandakı səfirliyinin fəaliyyətini bərpa etməsi mümkünsüz görünür:

“Səfirlik tam heyətdə Azərbaycana qayıdıb, demək olar ki, fəaliyyət göstərmir. Azərbaycan onun diplomatik maraqlarını qorumaq üçün başqa ölkəyə müraciət edə bilər. Bu yəqin ki, Türkiyə olacaq. Bir müddət Azərbaycanın diplomatik hüquqları Türkiyə səfirliyi vasitəsi ilə həyata keçirilə bilər. Təbrizdəki konsulluq isə minimal səviyyədə təmsilçilik fəaliyyətini göstərəcək.

Terror hadisəsinə Azərbaycan birmənalı qiymətini verib.

Terroru törədənlər yenə də nala-mıxa vurmaqda davam edirlər. Bu hadisəni məişət zəminində baş vermiş adi hadisə kimi təqdim edirlər.

Qeyd etmək lazımdır ki, Azərbaycanın İran qarşısında tələbləri var. Hadisəyə siyasi qiymət verilməli, baş verənlər olduğu kimi tanınmalıdır. Hələ ki biz bunun əlamətlərini görümürük.

İran dövləti Azərbaycan xalqından və dövlətindən üzr istəməlidir.

Baş vermiş hadisə kifayət qədər böyükdür və Azərbaycana gözdağı vermək cəhdidir. Bütün bu məsələlər konteksində İran Azərbaycandan üzr istəməli idi, onu da etməyib. Belə olan təqdirdə Azərbaycanın İrandakı səfirliyinin fəaliyyətini bərpa etməsi mümkünsüz görünür.

Məlum olur ki, İran Azərbaycana qarşı daha böyük təxribat hazırlayırmış.

Səfirliyin bütün əməkdaşlarının və onların ailə üzvlərinin öldürülməsi hədəfdə imiş. Terrorçunun zərərsizləşdirilməsi İranın böyük planlarını alt-üst etdi.

İran kimi dövlətlərə çadır, mağara dövləti deyirlər. O qədər aşağı səviyyəli ölkədir ki, başqa bir ölkənin canının yandırmaq üçün onun bütün diplomatik korpusunu məhv etməyi qərara alır.

Qəti və birmənalı demək olar ki, İranla bağlı məsələlər hələ yenicə başlayır. Düzdür, Azərbaycan İranla güc dili ilə danışmaq niyyətində deyil. Orada bizim soydaşlarımız var.

İranda rejim dəyişikliyi baş verənə qədər və İran bütünlüklə dünyəvi dövlət olana qədər o ölkəyə qarşı mübarizə davam edəcək. Hələ ki bu mübarizə İranın nüvə silahı əldə etməməsi üçündür. Hesab edirəm ki, bu mübarizə genişlənəcək. İrandakı siyasi rejimin axırına çıxılacaq”.

Səxavət Məmməd