“Əvvəl 40 minə satılırdı, indi isə...” – Maşın bazarında DİQQƏTÇƏKƏN QİYMƏTLƏR

media-hightechnic-468x90

Son illər Azərbaycan avtomobil sektorunda mühüm dəyişikliklər müşahidə olunmaqdadır. Xüsusilə də son 15 ildə bu sahədə görünməmiş bir dinamika yaranıb. Bazarda isə həm müsbət, həm də narahatlıq doğuran tendensiyalar paralel şəkildə inkişaf edir. Ekoloji təmiz avtomobillərə tətbiq olunan güzəştlər nəticəsində vətəndaşların yeni nəqliyyat vasitələrinə çıxış imkanı isə xeyli artıb.

Yenicag.az ilə söhbətində Azərbaycan Avtomobil Dilerləri Assosiasiyasının sədri Eyyub Əliyev diqqətə çatdırıb ki, artıq bir neçə ildir ekoloji cəhətdən təmiz nəqliyyat vasitələrinə xüsusi güzəştlər tətbiq olunur.

media-img_5339

Onun sözlərinə görə, bu güzəştlər nəticəsində həmin avtomobillərin qiymətləri xeyli aşağı düşüb və bu da vətəndaşlar üçün onları daha əlçatan edib:

“Bu, təqdirəlayiq haldır. Mən assosiasiya rəhbəri və vətəndaş olaraq bu məsələdə dövlətimizə təşəkkürümü bildirmişəm. Eyni zamanda, sevindirici haldır ki, uzun illərdən bəri istifadə olunan köhnə avtomobil parkımız tədricən ekoloji təmiz nəqliyyat vasitələri hesabına yenilənir. Bu da çox müsbət bir göstəricidir.

Bu tip avtomobillərə tətbiq olunan güzəştlər nəticəsində illərdir ölkəmizdə süni şəkildə şişirdilmiş ikinci əl bazarında, xüsusən yaşı 10-15 ildən yuxarı olan avtomobillərin baha qiymətə satılmasına bazarın özü tərəfindən tənzimlənmə gətirilib. Belə avtomobillərin satışı nəzərəçarpacaq dərəcədə azalıb və onların qiymətində enmə müşahidə olunur. Əvvəllər 15 illik avtomobillər bazara çıxarılırdı və 35-40 min manat civarında qiymətləndirilirdi. Hazırda isə bazar bu qiymətləri real vəziyyətə uyğunlaşdırıb. Bu, avtomobil satan şəxslər üçün mənfi hal sayıla bilər, amma avtomobil alan vətəndaşlar üçün sevindirici bir nəticədir”.

E. Əliyev söyləyib ki, bazarda sevindirici məqamlarla yanaşı, bəzi mənfi hallar da mövcuddur:

“Məsələn, ötən il ölkədə 32 mindən çox yeni, yəni “0 km” avtomobil satılıb. Bu avtomobillərin 45 faizi fərdi şəxslərin, yəni alverçilərin və fərdi avtosalonların, 55 faizi isə rəsmi distribütorların payına düşüb. Bu, 2024-cü ilin statistik göstəricisidir. Lakin 2025-ci ilin ilk üç ayı üzrə rəsmi dilerlərin bazar payı 30 faizdən aşağı düşüb ki, bu da artıq narahatedici siqnaldır. Rəsmi dilerlər ölkəyə investisiya qoyur, avtosalonlar və servis mərkəzləri inşa edirlər, yüzlərlə işçi işlə təmin olunur. Hazırda bu sektorda təxminən 4 minə yaxın insan çalışır. Bu prizmadan baxdıqda, rəsmi dilerlərin mövqeyinin zəifləməsi neqativ haldır və bu məsələnin diqqətlə izlənilməsi və aradan qaldırılması istiqamətində tədbirlər görülməlidir”.

Assosiasiya sədri əlavə edib ki, rəhbərlik etdiyi qurum bu gün də aidiyyəti dövlət qurumları ilə sıx əməkdaşlıqdadır:

“Dövlət-özəl sektor dialoqu uğurla davam edir. Sevindirici haldır ki, dövlət qurumları assosiasiyamızın və özəl sektor nümayəndələrinin təkliflərinə həssas yanaşır, onların araşdırılması üçün işçi qruplar yaradır. Bu, rəsmi dilerlərin zəifləmiş mövqeyinin gələcəkdə gücləndirilməsinə ümid verir. Ümid edirəm ki bu gün bazarda haqsız rəqabət fəaliyyəti ilə bağlı təkliflərimiz dəyərləndiriləxək və faydalı qərarlarla müsbət dəyişiklik olacaq.

Ümid edirik ki, bu ilin sonuna qədər Assosiasiyanın üzvləri və özəl sektor nümayəndələrini narahat edən əsas məsələlər öz həllini tapacaq. Bizim əsas məqsədimiz isə Azərbaycanda sivil avtomobil bazarının və avtomobil biznesinin formalaşmasıdır. Nəticədə, vətəndaş bu prosesdən qazanan tərəf olacaq, çünki rəsmi zəmanətli avtomobillərin satışı artdıqca, həm yollardakı qəza riski azalacaq, həm də vətəndaşlar daha təhlükəsiz nəqliyyat vasitələrindən istifadə edəcəklər”.

O, həmçinin söyləyib ki, hazırda ölkəyə sükanı sağdan sola keçirilmiş avtomobillər idxal olunur və bu cür avtomobillər qəzalarda əsas səbəbkar kimi çıxış edir:

“Yenə də təəssüflə qeyd etmək lazımdır ki, fərdi şəxslər tərəfindən idxal olunmuş avtomobillərin gələcəkdə texniki qüsurlar səbəbindən istehsalçı zavod tərəfindən geri çağırılması hallarında məsuliyyət alıcının üzərində qalacaq. Çünki fərdi yolla alınan avtomobillərə belə çağırışlar çatmır və nəticədə vətəndaş problemli avtomobillə tək qalır. Rəsmi distribütor vasitəsilə alınan avtomobillərdə isə bu cür problemlər yarananda məsələni distribütor həll edir. Bu yaxınlarda bəzi yapon markalarının ölkədə satışa çıxarılan avtomobilləri texniki səbəblərə görə geri çağırılıb və vətəndaşlara yeni avtomobillərlə əvəz olunub. Məhz bu səbəbdən də istəyirik ki, vətəndaşlarımız daha rahat və təhlükəsiz avtomobillərdən istifadə etsinlər. Bizim assosiasiyanın əsas məqsədi hər zaman ölkədə sivil avtomobil bazarının formalaşması və avtomobil parkının yenilənməsi olub. Bu proses, təbii ki, ekologiyaya da müsbət təsir göstərir”.

E. Əliyev xatırladıb ki, Prezident İlham Əliyevin imzaladığı “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair milli prioritetlər” sənədində beşinci prioritet olaraq “Təmiz ətraf mühit və yaşıl artım ölkəsi” hədəfi yer alır:

“Bu sənədin mahiyyəti ondan ibarətdir ki, ölkəmizdə ekoloji vəziyyət yaxşılaşdırılsın və vətəndaşlarımız üçün sağlam gələcək qurulsun. Ən çox zərərverici amillərdən biri isə köhnə və yararsız avtomobillərdir. Prezidentin bu sahədə verdiyi mühüm qərar və sərəncamlar da göstərir ki, avtomobil parkının yenilənməsi vacib məsələdir. Biz də vətəndaş olaraq bu çağırışlara cavab verməli və öz sahəmiz üzrə töhfə verməliyik”.

“Düşünürəm ki, ölkədə bu istiqamətdə maarifləndirmə işlərinə ehtiyac var. Dövlət və özəl sektor bu sahədə fəaliyyət göstərir, lakin əlavə təşviqat tədbirləri də görülməlidir ki, vətəndaşlar köhnə və təhlükəli avtomobillərdən imtina edib yeni, daha təhlükəsiz avtomobillərə üstünlük versinlər. Ümid edirəm ki, yaxın illərdə ölkədə həyata keçirilən utilizasiya proqramı və digər tədbirlər nəticəsində gənc və sağlam bir avtomobil parkı formalaşacaq. Dövlətin bu istiqamətdə gördüyü işlərin bəhrəsini həm dövlətimiz, həm də vətəndaşlarımız görəcək”, – deyə o, fikirlərini tamamlayıb.

Rafi Müslümov

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600