!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İranın din pərdəsi altında təbliğat-təxribatı: "Yeni medianın bütün vasitələrindən Azərbaycana qarşı istifadə edilib"

!Reklam – Yazi

“2020-ci ilə qədər İranın təbliğat və təxribatı qapalı idi, savaşdan sonra isə açıq müstəviyə keçib. Açıq müstəvidə düşmənçilik edən rejimə qarşı hansısa jurnalist, sosial şəbəkə istifadəçisi rəğbət bəsləyirsə, onun təbliğatına qoşulursa, onun haqqında hüquqi ölçü götürülməlidir”.

Bunu İranla əlaqəli iki redaksiyada axtarışlar aparılması, saxlanılanlar və İranın Azərbaycanın informasiya məkanında qurduğu şəbəkənin hansı səviyyədə olmasını şərh edən media eksperti Müşfiq Ələsgərli Yenicag.az-a açıqlamasında səsləndirib.

Müşfiq Ələsgərli bildirib ki, nəinki mətbuatda sosial şəbəkədə də İranın çox ciddi şəbəkəsi var:

“Baxıram, daha çox iki redaksiyanın üzərində dayanırlar. Problem bir qədər daha qabarıq və ciddidir. Yaşadığımız zaman yeni media dövrüdür. Yeni medianın kompanenti isə təkcə KİV-də çalışan jurnalistlər deyil. Bunun sosial şəbəkə qolu var. Məsələ ondadır ki, İran yeni medianın bütün üsul və vasitələrindən Azərbaycana qarşı istifadə edib. Birincisi, öz ərazisində yaratdığı, ənənəvi KİV-lər. Misal üçün “Səhər” telekanalı, “Nur.az” saytı və digərləri. İkinci istiqamət, Azərbaycanın özünün media şəbəkəsinə müdaxilə edib, burada müəyyən təsirə saldığı insanlar var. Bütün bunların hamısından daha çox diqqət çəkən və narahatlıq doğuran medianın sosial media seqmentidir. Əsas problem buradadır. Təkcə “Telegram” platforması üzərindən 300-dən çox kanal və ya qrup yaradıblar və Azərbaycana qarşı təbliğat aparıblar. “Facebook”, “Youtube” üzərindən yaranan çoxsaylı səhifələr, qruplar və kanallar var. İran bunlar üzərindən öz təbliğatını aparır. Klassik mediadan, jurnalistikadan danışırıqsa, burada azsaylıdır, əsas problem sosial şəbəkə üzərindəndir. Təkcə jurnalistlər deyil, ümumilikdə xəbər istehsalçıları bilərəkdən, yaxud bilməyərəkdən İranın təbliğatına qoşulurlar. İki redaksiyada aparılan yoxlamalar sadəcə bir siqnaldır. Artıq hər kəs hesabını götürməlidir ki, qarşıda düşmən dövlət var və davranışımızı da o münasibətə uyğunlaşdırmalıyıq”.

İranın media təbliğatını qurmaq üçün dindən istifadəsinə gəldikdə isə ekspert bunları deyib:

“İran öz xeyrinə və Azərbaycanın ziyanına təbliğatını qurmaq üçün iyrənc metodlardan istifadə edib. Onların “Telegram” kanallarından birinin adı belə gedir – “İmam Zaman aşiqləri”. İnsanın ilk ağlına gələn budur ki, orada yəqin dini inanclarda olan 12-ci imam, qeybə çəkilmiş imam haqqında söhbət gedir. Girib kanala baxırsan, məlum olur ki, orada nə dini mövzulardan, nə hansısa imam haqqında heç bir bilgi yoxdur. Orada Azərbaycanın dövlət qurumları, siyasəti hədəfə götürülüb, xüsusilə də Azərbaycanın iştirakçısı olduğu regional layihələrin əleyhinə materiallar yayımlanır. Bu iyrənc bir şeydir. Siyasətin dinə aidiyyatı yoxdur. İran agenturası bu cür dini adlar altında insanları cəlb edə bilir”.

Ekspertin sözlərinə görə, İranın Azərbaycana qarşı aktiv informasiya siyasəti aparması 2020-ci ildən başlayır:

“2020-ci ilə qədər İran Azərbaycana qarşı olan təbliğat və təxribat siyasətini qapalı formada aparırdı. İkinci Qarabağ savaşından sonra İranın bu cür siyasəti açıq şəkildə üzə çıxıb. İran pərdələri götürüb, o qədər tələsir ki, artıq bunu gizlədə bilmir. Azərbaycan ordusu torpağı işğaldan azad etməyə gedərkən iranın hansısa silahlıları qarşısına çıxırsa, bunu dini pərdə ilə pərdələmək mümkün deyil. İran Arazın o tayından durub Azərbaycan ordusunun dislokasiya yeri barədə materialları erməni tərəfə ötürürdü, bunu də din pərdəsi altında pərdələmək mümkün deyil. Əgər İranın təhlükəsizlik zabitləri başqa ad altında Xankəndiyə gəlirlərsə, orada pərən-pərən olmuş separatçı qüvvələri təzədən toplayırlarsa, təlimatlanıdırıb təlimə cəlb edirlərsə, Azərbaycan ordusuna qarşı qaldırırlarsa, bunun müsəlmançılığa aidiyyatı yoxdur.

Bu faktlar onu göstərir ki, qarşımızda düşmənimizlə dost olan ikinci bir düşmən dayanır. 2020-ci ilə qədər kimlərsə İranın yalançı təbliğatının təsirinə düşmüşdüsə, onları bəlkə də anlamaq olar. Ancaq 2020-dən sonra İranın hərəkətləri çox açıq şəkildə görünür.

Tehrandakı səfirlikdə baş verən terror aktı artıq İranın pərdələrini götürdü və qarşımızda səhnədə düşmən görünür. Bundan sonra kimsə İrana simpatiya bəsləyirsə, onun təbliğatına qoşulursa, artıq buna bəraət qazandırmaq mümkün deyil”.

Səxavət Məmməd

www.yenicag.az

351
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv