İranın qardaşlıq maskası DÜŞDÜ: “Türkiyəni bir masada görmək istəmirlər”
“Rəsmi Tehranın Türkiyədə görüşmək istəməməsinin arxasında İran qardaş ölkə ilə rəqabəti davam etdirməsinin göstəricisidir.”
Bu fikirləri Yenicag.az-a açıqlamasında politoloq Pərviz Mirizadə bildirib.

Politoloq rəsmi Tehranın ABŞ – İran görüşünün Türkiyədə deyil, Omanda keçiriləcəyi halda qatılacağını açıqlamasına münasibət bildirib:
“İran ətrafında hal-hazırda hərbi-siyasi vəziyyət olduqca mürəkkəbdir. ABŞ-nın Yaxın Şərqdə yerləşən hərbi bazalarına əlavə qüvvələr yerləşdirməsi, eyni zamanda Hind okeanı istiqamətində özünün donanmasına məxsus aviadaşıyıcılar və onların güc qruplarına raket daşıyıcıların yerləşdirilməsi İrana qarşı mümkün hərbi müdaxilə ehtimalını qüvvətləndirən detallar sırasındadır. Belə bir situasiyada bütün region ölkələri ehtimal olunan mümkün hərbi müdaxilənin məhz hərbi təsirlərinə və ssenarilərinə hazırlaşır, Amerikanın mümkün hücumlarına qarşı narahatlıqlarını dilə gətirirlər. Onlardan biri də qardaş Türkiyədir. Türkiyə proseslərin kəskinləşdiyi vaxtdan etibarən məhz Tehranla Vaşinqton arasında dialoqun qurulmasında vasitəçilik rolunu gündəmə gətirən dövlətlərdən biridir. Bu yaxınlara qədər İran rəsmiləri ilə Vaşinqton rəsmilərinin Türkiyədə görüşmək ehtimalı gündəmdə idi. Lakin, Tehran rəsmiləri görüşün Türkiyədə deyil, Omanda olmasını, Türkiyə və ərəb dövlətlərinin prosesdə iştirak etməməsi şərti ilə ABŞ ilə danışıqlara gedəcəyini dilə gətirib. Bütün bunlar ondan qaynaqlanır ki, hal-hazırda İran regionda nə qədər mürəkkəb vəziyyətdə olsa da ərəb dövlətləri ilə yanaşı qardaş Türkiyə ilə də rəqabət halındadır. Bu da mövcud situasiyada moderatorluğu və təşəbbüsləri öz əlində cəmləşdirilməsini istəmir. Buna görə də məhz ABŞ ilə danışıqların başqa ölkələr, xüsusilə neytral statusda olan ölkədə keçirilməsini önə çəkir. Bütün bunlar Tehranın Türkiyəyə qarşı qeyri-səmimi münasibətinin göstəricilərindən biridir.”
Politoloq regionda bundan sonra baş verə biləcəklərin nə olma ehtimalı olması sualına isə belə cavab verib:
“Hesab edirəm ki, İran rəsmiləri Amerikanın tələb etdiyi radikal dəyişikliklərə getməyəcək. Mümkün qədər prosesi uzatmaqla çalışacaqlar ki, zərbələrdən özlərini qoruya bilsinlər. Bunun isə nə dərəcədə uğurlu alınacağını zaman göstərəcək. İndiki halda məhz ərəb ölkələrinin və Türkiyənin prosesdən uzaqlaşdırılması cəhdləri məhz Tehranın qeyd etdiyimiz dövlətlərə qarşı etibarsızlığının göstəricilərindən biridir.”
Nurlan Cəfəri












