İranın siyasi şantajı: Hörmüz boğazı silaha çevrilir, yoxsa tələyə?
“ABŞ və İran münasibətlərində normallaşma baş verərsə, Hörmüz boğazına müştərək nəzarət reallaşacaq”
Bu sözləri Yenicag.az-a açıqlamasında politoloq Sədrəddin Soltan bildirib.

Politoloq Hörmüz boğazındakı son vəziyyət və ABŞ-İran arasında yaşanan gərginliyin mümkün nəticələri haqqında danışıb. S.Soltan iddia edir ki, rəsmi Tehran boğazdan keçid üçün xüsusi icazə tələb etməklə həm əlavə maliyyə vəsaiti qazanmağa, həm də bundan siyasi təzyiq rıçağı kimi istifadə etməyə çalışır:
“İran hakimiyyəti Hörmüz boğazından silah kimi istifadə edəcəyini hələ Yəməndə husilərə qarşı əməliyyatların keçirildiyi dövrdə bəyan etmişdi. ABŞ-nin Fars körfəzində iki tankerə hücumundan sonra isə Tehran qəti şəkildə Hörmüz boğazından hərbi təzyiq vasitəsi kimi istifadə etməyə başladı. Lakin bu addım İran hakimiyyətini çətin vəziyyətə saldı. Belə ki, Vaşinqton Hörmüz də daxil olmaqla İranın digər limanlarını da blokadaya aldı.
ABŞ-nin bu blokadasından daha çox Avropa ölkələri və Hindistan yararlanmağa başladı. Əgər blokada davam edərsə, İranda neft gəlirləri getdikcə azalacaq və neft yataqlarında ciddi texniki problemlər yaranacaq. Neft anbarlarının dolması hasilatın aşağı düşməsinə və istismarın əngəllənməsinə səbəb olacaq. Hazırda İran Hörmüz boğazından siyasi təzyiq vasitəsi kimi yararlanaraq çalışır ki, ABŞ-nin müttəfiqləri boğazda çəkdikləri əziyyətə görə Vaşinqtona təzyiqi artırsınlar”.
Politoloq qeyd edib ki, İran Hörmüz boğazının blokadası vasitəsilə həm də ciddi maliyyə qazancı hədəfləyir:
“Əvvəllər boğazdan keçid demək olar ki, ödənişsiz idi, lakin indi Tehran bu yolla külli miqdarda vəsait əldə etməyə can atır. ABŞ isə boğaz üzərində müştərək nəzarət təklifi irəli sürərək ikili gəlir əldə etmək niyyətindədir. Amerikanın qərb müttəfiqləri boğazın açılması üçün hərbi müdaxiləyə əl atmasalar da, mövzu ilə bağlı danışıqları davam etdirirlər.
Bütün hallarda boğazın bağlanması daha çox Çin, Hindistan və digər ittifaq ölkələrinin zərərinə işləyir. İran rəsmiləri blokadadan böyük gəlir əldə etdiklərini açıqlasalar da, bu vəsait ölkə iqtisadiyyatının dirçəlməsini təmin edəcək gücdə deyil. Yekun olaraq, ABŞ-İran münasibətlərində normallaşma baş verərsə, Hörmüz boğazına müştərək nəzarətin reallaşması qaçılmaz olacaq”.
Nurlan Cəfəri












