“Son günlərində Rəisinin Azərbaycanla münasibətləri normallaşdırmaq istiqamətində atdığı addımlar heç də şəxsi təşəbbüs deyildi”.
Bunu Yenicag.az-a açıqlamasında İranda hakimiyyətə gələcək yeni prezidentin Azərbaycanla münasibətləri necə tənzimləyəcəyindən danışan politoloq Vəli Əlibəyov deyib.
Onun sözlərinə görə, İran-Azərbaycan münasibətlərindəki yaxınlaşma nə həlak olan İran prezidenti İbrahim Rəisinin, nə də bundan sonra gələcək liderin şəxsi təşəbbüsü ola bilməz.
“Çünki elə çox yox, yaxın keçmişdə İrandan Azərbaycana qarşı hədələrin səsləndiyinin, Azərbaycan səfirliyinə qarşı terror aktının hər kəs şahidi oldu. Son günlərində Rəisinin Azərbaycanla münasibətləri normallaşdırmaq istiqamətində atdığı addımlar heç də şəxsi təşəbbüs deyil. Bu bilavasitə geo-siyasi amillər və İranın dövlət maraqları ilə əlaqəlidir.
Son proseslərə nəzər yetirdikdə İranla Azərbaycan arasında münasibətlərdə hansısa dəyişiklik nəzərə çarpmır. Bu isə deməyə əsas verir ki, hakimiyyətə gələcək yeni İran prezidenti də Tehranın indiyə qədərki xarici siyasətinə sadiq qalacaq”, – deyə politoloq bildirib.
Nəsimi Ələsgərli
www.yenicag.az