Reklam: High Technic
hightechnic

İraqı kim qarışdırır?: “Tək Amerika və İran deyil, başqa dövlətlərin də əli var...” - Fevzi Əkrəm Tərzioğlu

Reklam: Sinerji Pro

“Yəni hər iki ölkə İraqdakı təsirini qorumaq uğrunda qətiyyətli görünməyə çalışır”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında İraqda vəziyyətin yenidən kəskinləşməsinin arxasında dayanan səbəbləri izah edən bu ölkədəki türkmanların liderlərindən biri, keçmiş millət vəkili Fevzi Əkrəm Tərzioğlu deyib.

İraqın cənubundakı Bəsrə şəhərində sakinlərin içməli sudan kütləvi zəhərlənmələrinə yönəlik başlayan etiraz aksiyaları artıq ölkə üçün təhlükəli məcraya yönəlib. Qeyd olunan məsələ ilə əlaqədar başlayan etiraz dalğası qısa müddət ərzində İran əleyhinə kütləvi çıxışlarla müşayiət olunub. Şəhərdəki İran konsulluğunun və İranyönümlü “Haşdi Şabi” hərbi birləşməsinin ofisinin yandırılması İraqın növbəti dəfə ABŞ-la İran arasında savaş poliqonuna çevrildiyini göstərir.

Mərkəzi Bağdad hakimiyyətinin ölkədəki vəziyyətə nəzarət edə bilməməsi, üstəlik son parlament seçkilərindən sonra yeni hökumətin hələ də qurulmaması dövlətin bu proseslərə müdaxilə imkanlarını xeyli məhdudlaşdırıb. Görünən budur ki, ərazisinin böyük hissəsi İŞİD işğalına məruz qalan, daha sonra isə kürd muxtariyyatının müstəqillik avantürası ilə üzləşən İraq “yağışdan çıxıb, yağmura düşüb”. 2017-ci ilin sonlarında hökumətin terrorla mübarizənin uğurla başa çatdırıldığı haqda bəyanatından cəmi səkkiz ay sonra İraq nəticəsi bəlli olmayan yeni gərginlik fazasına daxil olub. “Haşdi Şabi” qruplaşmasının vurğulanan hücumları cavabsız buraxmayacağı, bu basqını təşkil edənlərə İŞİD-in aqibətini yaşadacağına dair təhdidləri isə vəziyyətin nə dərəcədə ağırlaşdığını təsdiqləyir.

Bu barədə Yenicag.az-a danışan sabiq millət vəkili Fevzi Əkrəm Tərzioğlunun sözlərinə görə, İraqı öz təsirlərində saxlamaq istəyən ABŞ və İran ölkənin düşdüyü ağır vəziyyətdən istifadə edirlər:

“Bəsrə həm əhalisinin sayına, həm iqtisadi potensialına, həm də strateji əhəmiyyətinə görə İraqın ən mühüm vilayətlərindən biri sayılır. Bəsrədə meydana gələn çaxnaşmaların ilkin səbəbi şəhər sakinlərinin keyfiyyətsiz, lazımi səviyyədə təmizlənməyən içməli sudan zəhərlənmələri oldu. Bunun nəticəsində əhali etiraz aksiyalarına başladı və onların əsas tələbi içməli suyun standartlara uyğun təmizlənməsi idi.

Daha sonra tələblərini bir qədər də genişləndirən əhali işsizlik və başqa problemlərin həll olunması tələbini ortaya gətirdi. Bu aksiyaların nəticəsində hökumət on min nəfərin işlə təmin olunacağını, eləcə də digər problemlərin aradan qaldırılacağını vəd etdi.

Lakin dediyim kimi, aksiyalar o qədər genişlənmişdi ki, artıq hadisələri nəzarətdə saxlamaq mümkün olmurdu. Kütlə aksiyaların səbəb olduğu problemləri sanki unudaraq, məscidləri, dövlət binalarını, kitabxanaları, başqa tikililəri, həmçinin Vilayət Məclisini yandırmağa başladı.

Aksiyanın belə bir məcraya keçməsində Amerika kəşfiyyatının əlinin olması şübhə doğurmur. Burada da əsas məqsəd Bəsrədə və İraqın cənub ərazilərində şiələr arasında qanlı toqquşmalar salmaq idi. İran konsulluğunun binasının yandırılması da əslində, bu məqsəddən irəli gəlirdi.

Ümumiyyətlə, İraqda baş verən bu iğtişaşlarda tək Amerika və İran deyil, başqa dövlətlərin də əli var. Çox təəssüf ki, İraqın düşdüyü vəziyyətdən istifadə etməyə çalışan dövlətlər ölkəmizdə qarışıqlıq salmaqda davam edirlər.
Ayın 15-də keçiriləcək İraq parlamentinin toplantısında yeni hökumət formalaşdırılmalıdır. Hər halda, hökumətin təşkilindən sonra vəziyyətin tam nəzarətə götürüləcəyinə inanırıq.

Sonda bir daha Azərbaycana, Türk dünyasına səslənərək xahiş edirəm ki, bizlərə, İraq türkmanlarına dəstək olun”.

ABŞ və İranın İraqda yenidən vüsət alan nüfuz savaşının mümkün nəticələrini Yenicag.az-a şərh edən politoloq Aydın Quliyev bildirib ki, sözügedən ölkədə vəziyyətin sabitləşdirilməsi mümkün olmasa, qarşıdurmanın yaxın dövlətlərə keçmək ehtimalı artacaq:

“Bir məqamı mütləq nəzərə almaq lazımdır ki, hazırda İraqda vəziyyətin gərginləşməsini Suriyada cərəyan edən proseslərlə birbaşa əlaqələndirmək doğru olmazdı. Çünki İraqdakı indiki durumun əsası Suriyada vətəndaş müharibəsi başlamazdan xeyli əvvəl qoyulub. O baxımdan, bu günlərdə İraqda vəziyyətin kəskinləşməsində Suriya olaylarının təsirini xüsusi qeyd etmək lazım gəlmir.

Sözsüz ki, İraqda 2003-cü ildən sonra yeni sistemin qurulması fonunda yaranan problemlər, o ölkədə maraqları olan dövlətlərin – ABŞ və İran – proseslərə müdaxilə cəhdləri və onların arasında təsir imkanları uğrunda mübarizəsi mütləq qeyd olunmalıdır.

ABŞ-ın İraqda təşəbbüsü özünə qaytarmaq niyyətinin arxasında Vaşinqtonun region üzrə siyasətinin hələ ki gözlənilən nəticələri verməməsi dayanır. İraqda antiİran ovqatının yaradılması, İran konsulluğuna hücum və sair bunun göstəricisidir.

Ancaq unudulmamalıdır ki, geridə qalan müddət ərzində İran da İraqda mövcudluğunu möhkəmləndirmək üçün işlər görüb. İraq ərazisinin İŞİD terrorçularından təmizlənməsində İranın təşkil etdiyi silahlı qrupların iştirakını xatırlamaq kifayətdir. Yəni hər iki ölkə İraqdakı təsirini qorumaq uğrunda qətiyyətli görünməyə çalışır.

Bununla belə, bu gedişat – istər Suriyada hökm sürən gərginlik, istərsə də İraqda vəziyyətin kəskinləşməsi region ölkələrinə yaxşı heç nə vəd etmir. Fikrimcə, bölgədə sabitliyin bərpası uğrunda effektli addımlar atılmasa, gərginliyin digər ölkələrə də keçmək ehtimalı yüksəkdir”.

A.Zeynalov

www.yenicag.az

1264