İrəvanda bazar SİYASƏTİ – Separatçıların budəfəki AZARI NƏDİR?
“Əgər Paşinyan Qarabağa yönəlmiş əsassız iddialara tam son qoya bilsə, bu, onun Ermənistanın siyasi həyatında mövqelərini xeyli gücləndirəcək”.
Bunu Yenicag.az-a açıqlamasında politoloq Aydın Quliyev deyib.
O, qondarma rejimin “müstəqillik günü” ilə bağlı separatçıların aktivlik göstərməsinə Ermənistanın Baş naziri Nikol Paşinyanın mümkün reaksiyasını şərh edib.
Analitik bildirib ki, keçmiş “Dağlıq Qarabağ” hərəkatı ilə bağlı proseslərə Ermənistan rəhbərliyinin bundan sonrakı reaksiyası barədə qəti fikir söyləmək çətindir:
“Ola bilər ki, Ermənistan hakimiyyəti ümumiyyətlə buna heç bir reaksiya verməsin. Yəni daxili siyasətdə həmin qüvvələrə diqqət göstərməklə onları gücləndirmək riskini nəzərə alaraq, məsələyə əhəmiyyət göstərməsin. Lakin ehtimal var ki, Ermənistan rəhbərliyi həm də sülh prosesinə sadiqliyini nümayiş etdirmək, həmçinin Azərbaycanla imzalanmış sülh sazişinə uyğun olaraq revanşist və separatçı qüvvələrə daim müqavimət göstərmək niyyətində olduğunu bildirmək üçün müəyyən addımlar atsın”.
Onun sözlərinə görə, bütün bunlara baxmayaraq, Qarabağ iddiaları ilə bağlı qüvvələrin Ermənistanın siyasi həyatından birdəfəlik yox olacağına inanmaq sadəlövhlük olar:
“Çünki ermənilərin beyninə yeridilmiş saxta ideologiya mövcuddur. Buna görə də Ermənistanda revanşçıların həmin mövzuya yenidən müraciət etməsi qaçılmazdır. Lakin əgər Paşinyan hökuməti doğrudan da Azərbaycanla sülh sazişinin imzalanmasını özünün dəyişməz siyasi kursu kimi qəbullanırsa və sülhü Ermənistanın inkişaf yolunun mühüm və həlledici mərhələsi hesab edirsə əsassız iddiaları dayandırmalıdır”.
Yekunda A. Quliyev onu da söyləyib ki, Paşinyan artıq sülhün imzalanmasını öz hakimiyyət maraqlarının əsası kimi görür:
“Çünki Qarabağ kimi absurda çevrilmiş iddialara son qoyaraq o, yavaş-yavaş Ermənistan cəmiyyətinə bunun xalq üçün faydalı olduğunu qəbul etdirməyə başlayır. Əgər Paşinyan Qarabağa yönəlmiş əsassız iddialara tam son qoya bilsə bu, onun Ermənistanın siyasi həyatında mövqelərini xeyli gücləndirəcək. Nəticədə isə onun hakimiyyətinin uzanması üçün bir o qədər ehtimal və şans yaranacaq”, – deyə o bildirib.
Nəsimi Ələsgərli