İrəvandan sülh gündəliyi bəyanatı: Real sənəd, yoxsa siyasi manevr?

media-hightechnic-468x90

“İrəvan sülh gündəliyini dəstəklədiyini bəyan etsə də, fundamental məsələlərdən yayınır”

media-banner_tkm

Bu sözləri Yenicag.az-a açıqlamasında politoloq Aytən Qurbanova bildirib.

Politoloq, Ermənistanın baş naziri Nikol Paşinyanın “sülh sazişinin imzalanması ilə Ermənistan və Azərbaycan arasındakı ədavət bitmir və gələcəkdə fərqli sazişlərin imzalanmasına ehtiyac olacaq” fikirlərini geniş şərh edib:

“Paşinyan tərəfindən səsləndirilən “sülh sazişinin imzalanması prosesin sonu deyil” fikri əslində, post-münaqişə mərhələsinin mahiyyətini açıq şəkildə ifadə edən siyasi mesaj kimi qiymətləndirilə bilər. Çünki bu yanaşma göstərir ki, rəsmi İrəvan sülh müqaviləsini yekun nəticə deyil, daha geniş institusional və funksional əməkdaşlıq mərhələsinin başlanğıcı kimi təqdim etməyə çalışır. Məhz bu nöqteyi-nəzərdən yanaşdıqda, məsələ yalnız logistik əlaqələrin bərpası ilə məhdudlaşmır. Şübhəsiz ki, regionda nəqliyyat-kommunikasiya xətlərinin açılması, xüsusilə də Zəngəzur dəhlizi ətrafında aparılan müzakirələr tərəflər arasında iqtisadi qarşılıqlı asılılığın formalaşmasında mühüm rol oynayacaq.

Lakin Paşinyanın vurğuladığı ‘yeni sazişlər zərurəti’ daha geniş əlaqələri əhatə edir. Buraya sərhədlərin delimitasiyası və demarkasiyası, təhlükəsizlik mexanizmlərinin yaradılması, iqtisadi əməkdaşlıq platformalarının qurulması, humanitar əlaqələrin normallaşdırılması və diplomatik münasibətlərin institusionallaşdırılması daxildir. Xüsusilə qeyd olunmalıdır ki, bu cür yanaşma klassik sülh müqavilələrindən fərqli olaraq “mərhələli normallaşma” modelinə işarə edir. Yəni, ilkin siyasi razılaşmadan sonra tərəflər arasında etimadın artırılması üçün paralel və çoxşaxəli sazişlər paketi formalaşdırılır. Bu isə regionda dayanıqlı sülhün yalnız hüquqi sənədlərlə deyil, real əməkdaşlıq mexanizmləri ilə təmin olunmasının vacibliyini önə çəkir.”

Politoloq qeyd edib ki, Azərbaycan və Ermənistan münasibətlərinin normallaşması üçün Paşinyan Konstitusiya ilə bağlı öhdəliklərini yerinə yetirməyi unutmamalıdır:

“Digər tərəfdən isə Paşinyanın müsahibəsində Ermənistan Konstitusiyasına mümkün dəyişikliklər məsələsinə toxunmaması diqqətçəkən məqamdır. Halbuki, Azərbaycanın rəsmi mövqeyinə görə, Ermənistanın normativ-hüquqi bazasında, xüsusilə də Konstitusiyada Azərbaycana qarşı ərazi iddialarını ehtiva edən müddəaların aradan qaldırılması uzunmüddətli sülhün əsas şərtlərindən biridir. Beləliklə, rəsmi İrəvan bir tərəfdən sülh gündəliyini dəstəklədiyini bəyan etsə də, digər tərəfdən fundamental və həssas məsələləri açıq şəkildə öhdəlik kimi qəbul etməkdən yayınır.

Bu isə onu deməyə əsas verir ki, iki dövlət arasında tam hüquqi və siyasi normallaşma prosesi hələlik başa çatmayıb və qarşıdakı mərhələdə danışıqların əsas yükü məhz belə prinsipial məsələlərin üzərinə düşəcək. Nəticə etibarilə, Paşinyanın bəyanatı yalnız logistik əlaqələrin genişləndirilməsi ilə bağlı deyil, daha geniş mənada Azərbaycan-Ermənistan münasibətlərinin kompleks transformasiyasına işarə edir. Lakin bu transformasiyanın real və davamlı olması üçün yalnız texniki və iqtisadi razılaşmalar deyil, həm də siyasi-hüquqi ziddiyyətlərin aradan qaldırılması, o cümlədən Ermənistanın normativ bazasında müvafiq dəyişikliklərin edilməsi həlledici əhəmiyyət kəsb edir.”

Nurlan Cəfəri

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05