!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İslamofobiyanın holland nümunəsi, yaxud Avropa dəyərlərini itirir

!Reklam – Yazi

Hollandiyada baş verənlər insan hüquqları, azadlıqlar kimi dəyərlərin Avropa üçün başqa ölkələrə təzyiq vasitəsi olduğunu bir daha təsdiqlədi

Ötən həftənin son günlərində dünyanın gündəmi gərginliklərlə “zəngin” oldu. Bunun da əsas səbəbi Avropanın islamofob, antitürk, antimüsəlman əhval-ruhiyyəsinin artıq kulminasiya nöqtəsinə çatmasıdır. Hər halda istər Almaniyada, istərsə də Hollandiyada (Niderland) baş verənlərə yalnız bu cür qiymət vermək mümkündür. Bu iki Avropa ölkəsinin Türkiyəyə qarşı sərgilədikləri diplomatik prinsiplərdən kənar davranış, həmçinin Hollandiyada dinc etiraz aksiyası keçirən türklərə qarşı polisin itlərlə və at belində hücum etməsi, eyni zamanda, onu sübut etdi ki, əsrlər dəyişsə də, Qərbin müsəlman dünyasına qarşı səlibçilik zehniyyəti dəyişməyib. Yəni 11 əsr öncə Fələstini və başqa əraziləri istila etmək məqsədilə səlib yürüşlərinə qərar verən avropalı kralların antimüsəlman zehniyyəti ilə bu gün bəzi Avropa ölkələrinin siyasətçilərinin zehniyyəti arasında heç bir fərq yoxdur.

Əgər belə olmasaydı, Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun aprelin 16-da qardaş ölkədə keçiriləcək referendum öncəsi Almaniyada yaşayan türklərlə görüşü üçün əvvəlcədən ayrılmış yerdə toplantının keçirilməsi əngəllənməzdi. Əgər belə olmasaydı, Hollandiyanın rəhbərliyi bütün beynəlxalq norma və prinsipləri, diplomatik toxunulmazlıqlar haqqında qanunları heçə sayaraq Mövlud Çavuşoğlunun təyyarəsinin enişini əngəlləməz, qardaş ölkənin ailə və sosial siyasət naziri Fatma Betül Sayan Kayanın Türkiyənin Rotterdamdakı konsulluğuna getməsinə mane olmaz, onun ölkədən çıxarılmasına göstəriş verməzdi.

Avropa demokratiya imtahanından kəsildi

Beləliklə, son olaylar Qərb, konkret olaraq Avropa ilə bağlı bir sıra gerçəklikləri növbəti dəfə gün üzünə çıxardı. Əvvəla bəlli oldu ki, uzun illər başqa ölkələrə demokratiyadan, insan hüquqlarından dərs keçməyə çalışan, bu prinsipləri bir dəyər kimi önə sürən Avropanın özündə demokratiya kasadlığı hökm sürür. Necə deyərlər, bu qitə öz dəyərlərini itirir və son olayların fonunda Avropa demokratiya imtahanından kəsildi. Hər halda Türkiyə ilə Hollandiya və Almaniya arasında baş verənlər, gecə-gündüz “insan haqları”, “beynəlxalq hüququn prinsipləri” deyib bar-bar bağıran Avropa ölkələrinin rəhbər və siyasətçilərinin son davranışları Avropanın bu dəyər və prinsipləri çoxdan ayaqlar altına atdığını təsdiqlədi. Çünki əksər ekspertlərin də vurğuladıqları kimi, Hollandiyanın Türkiyənin nazirlərinin öz vətəndaşları ilə görüşmə hüququnu məhdudlaşdırması, zorakı üsullarla qadağan etməsi diplomatiya tarixində görünməmiş nəzakətsizlikdir. Bu addım indiyə qədər dövlətlərarası münasibətlərdə rastlanmayan pis bir insident olmaqla yanaşı, insan hüquq və azadlıqlarına, beynəlxalq hüquqa ziddir və Avropa dəyərlərinin gözdən salınmasıdır. Başqa cür desək, Hollandiyada baş verənlər insan hüquqları, azadlıqlar kimi dəyərlərin Avropa üçün başqa ölkələrə təzyiq etmək vasitəsi olduğunu, Çörçilin təbirincə desək, demokratiyanın Avropa üçün, həqiqətən, uzaqvuran bir silah olduğunu bir daha təsdiqlədi.

Avropada islamofobiyanın növbəti təzahürü, yaxud faşizmin ayaq səsləri…

Digər tərəfdən, Almaniyada və Hollandiyada yaşananlar Qərbdə baş qaldıran və hər gün bir az daha artan islamofobiyanın təzahürüdür. Yeri gəlmişkən, hələ bir neçə il öncə Avropa İttifaqının İnsan hüquqları üzrə komissarı Nils Muiznieksin quruma üzv ölkələrdə müsəlmanların vəziyyəti ilə bağlı hazırladığı hesabatda qeyd olunurdu ki, Avropa cəmiyyətinə inteqrasiya etmək istəyən müsəlmanlar müxtəlif təzyiqlərə məruz qalırlar. Həmin vaxt aparılan sorğu zamanı isə bəlli olmuşdu ki, Avropada yaşayan hər üç müsəlmandan biri diskriminasiyaya məruz qalır. Amma bu da son deyil. Belə ki, Avropada radikal sağçı qüvvələr, daha dəqiq desək, faşist təmayüllü siyasi qüvvələr üçün islam dini əsas təbliğat mövzusuna çevrilib. Hələ bir neçə il öncə Almaniya, Norveç, Danimarka kimi ölkələrdə neofaşistlər hakimiyyətə gəlmək üçün müsəlmanlara hücum kampaniyası siyasətinə üstünlük verməyə başlayıblar. Hollandiyada yaşananlar da bunların növbəti həlqəsidir. O mənada ki, Hollandiyada mart ayında parlament seçkiləri keçiriləcək. Radikal Azadlıq Partiyasının, onun lideri Geert Vildersin bu seçkilərdə qalib gəlmək şansı yüksək qiymətləndirilir. Məlumat üçün bildirək ki, Geert Vilders Hollandiyada məscid tikilməsinin, ölkəyə müsəlmanların daxil olmasının qadağan edilməsinin tərəfdarı olduğunu bəyan edir, islamı faşizmlə, Quranı Hitlerin faşizmi təbliğ edən əsəri ilə eyniləşdirir.

Bütün bunların fonunda son hadisələr Avropada radikal sağ, neofaşist qüvvələrin aktivləşdiyini bir daha təsdiqləyir. Belə demək mümkünsə, İkinci Dünya müharibəsindən sonra Avropada yenidən faşizmin ayaq səsləri eşidilməkdədir.

Azərbaycan qardaş ölkənin yanındadır, dünya birliyi isə yenə də susur

Hollandiyada baş verənlərdən sonra KİV-ə açıqlamasında dünya birliyinə səslənən Türkiyənin ailə və sosial siyasət naziri Fatma Betül Sayan Kaya “dünya birliyi bu faşist hərəkətə cavab olaraq reaksiya nümayiş etdirməlidir” deyib. Amma təəssüf ki, dünya birliyi, insan hüquqlarını müdafiə edən beynəlxalq təşkilatlar, xüsusilə də insan hüquqları ilə bağlı ixtisaslaşmış qurum olan Avropa Şurası baş verənlərə qarşı susqunqluq nümayiş etdirirlər. Başqa vaxt “insan hüquqları”, “söz azadlığı”, “demokratiya” deyib yaxa cıran, müstəqil siyasət həyata keçirən ölkələrin üzərinə hücum çəkən “Freedom House”, “Human Rights Watch” kimi təşkilatlar nədənsə Hollandiyada yaşananları görməzdən gəlirlər. Bu isə bir daha Avropanın bu dəyərlərə sadiqliyini şübhə altına alır.

Lakin dünya birliyinin susqunluğuna rəğmən Azərbaycan növbəti dəfə qardaş ölkənin yanında olduğunu nümayiş etdirdi. Belə ki, Xarici İşlər Nazirliyi Hollandiyanın Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlunun təyyarəsinin enişinə icazə verməməsi və ailə və sosial siyasət naziri Fatma Betül Sayan Kayanın Türkiyənin Rotterdamdakı konsulluğuna buraxılmayaraq ölkədən çıxarılmasına münasibət bildirib.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib ki, bəzi Avropa təsisatları və xüsusilə Avropa Parlamentindəki bir sıra dairələr, həmçinin Niderland hər bir fürsətdə əsassız şəkildə digər dövlətləri tənqid etməkdə, insan hüquqları mövzusunda “mentorluq” etməkdə və başqalarına irad tutmaqda “adətkarlıq” nümayiş etdirir.

H.Hacıyev qeyd edib ki, insan hüquqları və demokratiyanı özünün təməl prinsipləri hesab etdiyi halda Niderland hökumətinin Türkiyə hökumət rəsmilərinə qarşı həyata keçirdiyi tədbirlər, Niderlandda yaşayan türk icması üzvlərinin sərbəst və dinc toplaşmasına imkan verilməməsi və onlara qarşı gücdən istifadə olunması qərəzli və ziddiyyətli xarakter daşıyır: “Bu, Diplomatik və Konsulluq münasibətləri haqqında Vyana konvensiyası, insan hüquqları, sərbəst toplaşma və ifadə azadlığı kimi fundamental prinsiplərin kobud şəkildə pozulması ilə müşayiət olunur. Bu kimi davranış eləcə də diplomatik-etik çərçivələrdən tamamilə kənardır. Bütün bunlar hal-hazırda Avropada yayılmaqda olan islamofobiya, ksenofobiya və ayrı-seçkilik kimi neqativ meyillərin aradan qaldırılması, multikulturalizm, dözümlülük, dialoq və anlaşmanın təşviq edilməsinə xüsusi ehtiyacın olduğunu bir daha göstərir”.
Qərbin haqsız təzyiqlərinə baxmayaraq Türkiyə daha da güclənəcək

Heç şübhəsiz, baş verənlərdə güclü Türkiyə faktoru da öz rolunu oynayır. Yəni Türkiyənin iqtisadi cəhətdən güclənməsi, regionda cərəyan edən hadisələrə çevik reaksiya verməsi, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində birmənalı olaraq ölkəmizi dəstəkləməsi, İŞİD, PKK və bu kimi ipi böyük ölkələrin əlində olan terror təşkilatlarına qarşı amansız mübarizə aparması, ən əsası isə, beynəlxalq güclərin Suriya ətrafında oynadığı təhlükəli oyunları pozması Qərbdəki dairələri ciddi şəkildə qəzəbləndirib. Bu dairələr qardaş ölkəni zəif salmaq üçün ötən ilin iyulunda Türkiyədə dövlət çevrilişinə cəhd etsələr də, sonda məğlubiyyətə uğradılar. İndi isə referendum ərəfəsində Türkiyəyə qurşaqdan aşağı zərbə vurmağa çalışırlar. Amma onların bütün cəhdləri iflasa uğrayacaq və Türkiyə bu mübarizədən daha güclü bir dövlət kimi qalib çıxacaq.

Nadir AZƏRİ

www.yenicag.az

756
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv