!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İsmət Qayıbov general Safonovun üzünə... - Helikopter vurulmadan öncə dava nə üstündə düşdü?

!Reklam – Yazi

İçərisi dövlət rəhbərləri ilə dolu helikopter. Xocavənd rayonu Qarakənddə dövlətimizin “onurğa sütunu”nun getdiyi helikopteri vuraraq, Azərbaycana böyük zərbə endirdilər.

Bu əsrarəngiz helikopterin vurulması haqqında çox sözlər danışıldı, çox sözlər yazıldı. Hər kəs öz yazdığına, “ən düzü mənim yazdığımdır”, danışan da, “ən düzü mənim dediyimdir” deyərək illərdir bu faciənin ildönümündə geriyə, yaxın tariximizə qayıdır, bu qanlı səhifəni vərəqləyərək “qana bulanmış” həqiqəti axtarır.

Bu yazını yazmaqda məqsədim bu günə qədər yazılmış yazılarda bir məqamın yer almaması, bəlkə də bu sirli, bütöv bir ölkəyə qarşı işlədilmiş cinayətin arxasında dayanan əsl məqama toxunulmamasıdır. Onsuz da yazı uzun olacaq. Ona görə də sizləri daha çox yormamaq üçün başdan mətləbə keçmək istəyirəm. Söhbət Dağlıq Qarabağın komendantı, həmin dövrdə Qarabağ ərazisində yerləşən bütün Sovet hərbi birliklərinin faktiki komandanı, general Vladislav Safonovdan gedir.

Ağdamdakı şahidlərin danışdığı bir insident helikopter cinayətinin qaranlıq məqamlarına müəyyən qədər işıq salacaq. Faciə baş verməmişdən, Azərbaycanın dövlət adamlarını aparan o helikopter Qarakənd üzərində vurulmamışdan bir-neçə saat əvvəl Ağdam aeroportunda helikopterin yanında baş prokuror İsmət Qayıbovla general Safonovun arasında mübahisə yaranıb. Şahidlərin, aeroport işçilərinin dediyinə görə, qızğın mübahisə zamanı İsmət Qayıbov general Safonovun üzünə tüpürür. Ətrafdakılar və general Safonovun səyi nəticəsində rus əsgərləri ilə Azərbaycan OMON-çuları arasında baş verə biləcək silahlı insidentin qarşısı alınır. General Safonov üzünü silərək İsmət Qayıbovu hədələyir və zirehli texnikanın müşayiəti ilə geri – Xankəndinə hərəkət edir. İsmət Qayıbov və yanındakı heyət isə 15-20 dəqiqədən sonra helikopterə minərək yola düşürlər. Şahidlərin dediyinə görə, Safonov getdikdən sonra helikopterin yanına Azərbaycan Ali Soveti sədrinin keçmiş müavini Tamerlan Qarayev gəlir və Tofiq İsmayılov, İsmət Qayıbov, Məhəmməd Əsədov və digərləri ilə qızğın söhbət edir. Tamerlan Qarayev helikopterə minmək istəsə də, İsmət Qayıbovla Tofiq İsmayılov onun Ağdamda qalmasını istəyirlər və helikopter havaya qalxır.

Şahidlər hadisəni belə xatırlayırlar:

“Helikopter yerindən qalxmağa bir az qalmış Ağdam rayonunun icra başçısı Səyyaf Verdiyev öz maşınında Şuşa şəhərinin polis rəisi Ələmdar Tağıyev və Tamerlan Qarayevla birgə aeraporta gəldi. Maşından düşən Tamerlan Qarayev qaça-qaça helikopterə yaxınlaşdı. Səyyaf Verdiyev və Ələmdar Tağıyev də onun arxasınca helikopterə tərəf getdilər.

Tamerlan Qarayev İsmət Qayıbova yaxınlaşıb israrla özünün də Xankəndinə getməsini istəyirdi. Ancaq İsmət Qayıbov buna etiraz etdi. O, Tamerlan Qarayevdən xahiş etdi ki, Ağdamda qalsın, Xocavəndin Qaradağlı kəndindən Ağdama gələn qaçqınları yerləşdirsin, yaralıların müalicəsi ilə məşğul olsun, meyitləri isə dəfn etdirsin. Bundan sonra İsmət Qayıbov helikopterə minərək digərləri ilə birlikdə Ağdam aeraportundan havaya qalxdı”.

Qarakənd üzərində üç yüz metr yüksəklikdə uçan Mİ-8 N72 helikopteri 1991-ci il noyabrın 20-də saat 14:42 radələrində vurulub. Faciə haqqında ilkin məlumat isə Prezident Aparatına saat 19:55-də çatıb…

Helikopter faciəsi haqqında ilk məlumat Xankəndindən erməni dilində yayımlanan “Vətən və vətəndaş” verilişinin xəbərlər bölümündə saat 15:30-də yayımlanıb. Həmin gün İrəvan radiosu saat 16:15-də Tehran radiosu 17:00-da faciə haqqında məlumat verir. Ancaq Prezident Aparatı saat 19:55-də bu faciədən xəbər tutur. Sizcə bunun adı nədir?

Həlak olanların siyahısı:

Tofiq Kazım oğlu İsmayılov – dövlət katibi
İsmət İsmayıl oğlu Qayıbov – baş prokuror
Məhəmməd Nəbi oğlu Əsədov – daxili İşlər naziri
Zülfi Saleh oğlu Hacıyev – baş nazirin müavini
Vaqif Cəfər oğlu Cəfərov – millət vəkili
Vəli Hüseyn oğlu Məmmədov – millət vəkili
Osman Mirzəhüseyn oğlu Mirzəyev – Prezident Aparatında şöbə müdiri
Qurban Hüseyn oğlu Namazəliyev – nazir müavini
İqor Aleksandiroviç Plaviski – DQMV-nin prokuroru
Vladimir Vladimiroviç Kovalyov – DQMV-nin Daxili İşlər İdarəsinin rəisi
Sergey Semyonoviç İvanov – Dağlıq Qarabağ üzrə milli təhlükəsizlik şöbəsinin rəisi
Nikolay Vladimiroviç Jinkin – fövqəladə vəziyyət rayonunun komendantı
Sanlal Dasumoviç Serikov – Qazaxıstan DİN-inin müavini
Mixail Dmitriyeviç Lukaşov – milis general-mayoru
Oleq Nikoloyeviç Koçerev – polkovnik-leytenant
Rafiq Məmməd oğlu Məmmədov – dövlət katibinin köməkçisi
Alı Mustafa oğlu Mustafayev – telejurnalist
Arif İsmayıl oğlu Hüseynzadə – AzTV-də işıqçı
Fəxrəddin İbrahim oğlu Şahbazov – video-operator
Vyaçeslav Vladimiroviç Kotov – helikopter heyətinin komandiri
Gennadi Vladimiroviç Domov – helikopter heyətinin üzvü
Dmitri Borisoviç Yarovenko – helikopter heyətinin üzvü.

Səxavət Məmməd

COP29

www.yenicag.az

4746
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv