İsrail-Fələstin SAVAŞI: Son toqquşmaların STATİSTİKASI

İsrail və Fələstin arasında baş verən son toqquşmaların statistikası açıqlanıb.

Yenicag.az xarici mediaya istinadən xəbər verir ki, İsrail ordusu mətbuat xidmətinin rəhbərlərindən biri olan Yonatan Konrikusun açıqlamasına əsasən, tərəflər arasında mayın 10-u axşam saatlarından başlayan son qarşıdurmada Fələstin ərazisindən İsrailə 1000-dən artıq raket atılıb.

Atılan raketlərdən 200-ü sərhədi keçmədən Fələstinin öz ərazisində partlasa da, təqribən 860 raket İsrail hüdudlarını keçib.

Konrikusun sözlərinə görə, İsrail hərbçilərinin Fələstinə qarşı keçirdikləri “Divar keşikçiləri” əməliyyatı 38 saat davam edib. Toqquşmaların gedişində İsrail ordusuna ehtiyatdan 5 min hərbçi cəlb olunub. Əməliyyat nəticəsində Fələstindəki 500 hədəfə zərbə endirilib. “Həmas”ın 3 rəhbər şəxsinin evi dağıdılıb. İsrailin Qəzza zonasına endirdiyi zərbələr nəticəsində 35 nəfər həlak olub.

Qeyd olunur ki, İsrail və Fələstin arasında qarşıdurma yəhudilərin Yerusəlim (Qüds) gününü qeyd etmələri fonunda başlayıb. Bu tarix 1967-ci ildə baş vermiş Altı günlük müharibədən sonra İsrailin Qüdsün şərq hissəsinə nəzarəti ələ keçirməsi münasibətilə qeyd olunur.

İsrail Qüdsü özünün vahid və bölünməz paytaxtı hesab etsə də, fələstinlilər şəhərin şərq hissəsini işğal olunmuş ərazi sayırlar. BMT Təhlükəsizlik Şurasının müvafiq qətnaməsində də Qüdsün şərq hissəsi işğal olunmuş ərazi olaraq tanınır.