Cəfər Cabbarlı adına 161 nömrəli tam orta məktəbdə “Son zəng” tədbiri KEÇİRİLDİ - FOTO/VİDEO
Cəfər Cabbarlı adına 161 nömrəli tam orta məktəbdə 13 iyun 2026-cı il tarixində təhsil ocağının “Son zəng” tədbiri böyük təntənə ilə keçirilib.
Bu ilki tədbir məktəb həyatında ikiqat bayram ab-havası ilə yadda qalıb. 11A və 11B siniflərinin məzun olduğu, eyni zamanda ibtidai təhsili başa vuran 4-cü sinif şagirdlərinin ilk uğurlarını qeyd etdiyi bu əlamətdar gündə məktəb həyəti həm vidalaşmağın hüznünü, həm də yeni başlanğıcın həyəcanını eyni anda yaşayıb.
Yenicag.az xəbər verir ki, tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və Vətənimizin azadlığı uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başlayıb.
Mərasimdə məktəbin direktoru Rəna Hüseynova, direktor müavini Nahid Fərəcov, məktəbdənkənar və sinifdənxaric tərbiyə işləri üzrə təşkilatçı Ülviyyə Şükürova, kimya laboratoriyasının rəhbəri Xuraman Qəmbərova, müəllim heyəti və valideynlər iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Rəna Hüseynova məzunlara xeyir-duasını verərək, onlara gələcək həyatlarında uğurlar arzulayıb:
“Əziz məzunlar, bu gün sizin üçün bir dövrün sonu, lakin müstəqil həyatın başlanğıcıdır. Məktəb illəri ərzində qazandığınız biliklərlə yanaşı, vətənpərvərlik və insanlıq dəyərlərini də hər zaman qoruyun. Yolunuz açıq, uğurunuz bol olsun!”
Daha sonra söz sinif rəhbərlərinə verilib və onlar öz ürək sözlərini bildiriblər:
11A sinfinin rəhbəri Züleyxa Abdullayeva yetirmələrinə olan səmimi arzularını dilə gətirərək bildirib:
“Sizlər mənim üçün bir övlad qədər əzizsiniz. Seçdiyiniz peşə yolunda məktəbimizin adını daim uca tutacağınıza inanıram. Qapımız da, qəlbimiz də sizə hər zaman açıqdır!”
11B sinfinin rəhbəri Təranə Əmiraslanlı məzunlara olan xoş diləklərini bölüşərək qeyd edib:
“Əziz məzunlarım, bu gün gözlərinizdəki işıq mənim üçün dünyanın ən böyük mükafatıdır. Hansı peşəni seçməyinizdən asılı olmayaraq, hər zaman vicdanlı və ləyaqətli bir insan kimi qalın. Biliklərinizə güvənin, hər zaman zirvələrdə olun!”
4-c sinif rəhbəri Samirə Abdullayeva şagirdlərinə və məzunlara müraciət edərək ürək sözlərini çatdırıb:
“Mənim əziz balalarım, siz artıq ilk böyük addımınızı atdınız. İbtidai təhsili başa vuraraq daha məsuliyyətli bir mərhələyə qədəm qoyursunuz. Arzu edirəm ki, ürəyinizdəki Vətən sevgisi ömür boyu sönməsin, hər zaman bilikli, əxlaqlı və mərd insanlar kimi yetişəsiniz. İnanıram ki, hər biriniz gələcəkdə ölkəmiz üçün çox dəyərli şəxsiyyətlər olacaqsınız. Yolunuz uğurlu, gələcəyiniz parlaq olsun!”
Tədbirin bədii hissəsində 4-c sinif şagirdləri vətənpərvərlik ruhunda çıxış ediblər. Şagirdlər Azərbaycan bayraqları ilə səhnəyə “Mən fəxr edirəm ki, azərbaycanlıyam” musiqisinin sədaları altında daxil olaraq hər kəsin rəğbətini qazanıblar.
Tədbirin sonunda günün qəhrəmanları – 11A və 11B sinfinin şagirdləri milli rəqs nümayiş etdiriblər. Ardınca məzunların birgə hazırladıqları möhtəşəm flaşmob tədbirə xüsusi rəng qatıb. Sonda çalınan “Son zəng” isə məzunların həyatında yeni bir səhifənin açılışını simvolizə edib.
Məzunlarımızı və ibtidai təhsili bitirən balacalarımızı təbrik edir, onlara parlaq gələcək arzulayırıq!













