"İsrail planlamanı düzgün hesablamayıb" – İranın sistemi niyə çökmür? - TƏHLİL
“İsrail planlamanı düzgün hesablamayıb”
Bu fikirləri Yenicag.az-a açıqlamasında politoloq Züriyə Qarayeva bildirib.

Politoloq İsrailin hava zərbələri ilə İranın yüksək rütbəli məmurlarını hədəf alma əməliyyatlarını şərh edərək, Tel-Əvivin plana yanlış çərçivədən baxdığını diqqətə çatdırıb:
“Bu mənzərədə görünən odur ki, İsrailin yanaşması daha çox “idarəetmə iflici” üzərində qurulub. Yəni yüksək vəzifəli şəxslər aradan götürüldükcə sistemin boşluq yaşayacağı və qərarvermənin dayanacağı hesablanıb. Amma İran kimi ideoloji və institusional baxımdan çoxqatlı dövlətlərdə paralel kadr mexanizmləri əvvəlcədən qurulur və belə hallarda dərhal əvəzləmə işə düşür. Bu da onu göstərir ki, ya İsrail bu ehtimalı kifayət qədər dəyərləndirməyib, ya da məqsəd birbaşa çöküş yox, uzunmüddətli yıpratma olub. Çünki hər yeni təyinat sistemin yaşadığını göstərsə də, eyni zamanda onun üzərində təzyiqin davam etdiyini və resurslarının tədricən aşındığını da ortaya qoyur.”
İsrail və İran xalqının hava zərbələrinə qarşı reaksiyasını şərh edən politoloq bildirib ki, İsraildə hərbi vəziyyət üçün nəzərdə tutulan sığınacaqlar qurulsa da, İranda bu infrastrukturun çatışmazlığı fonunda xalq küçələrdə gecələyir:
“Cəmiyyət davranışındakı fərq isə daha çox siyasi mədəniyyət və təhlükəsizlik modelindən qaynaqlanır. İsraildə illərlə formalaşmış mülki müdafiə sistemi və texnoloji təhlükəsizlik yanaşması insanları sığınacaqlara yönəldir; bu, zəiflik yox, sistemli qorunma refleksidir. İranda isə həm ideoloji mobilizasiya, həm də alternativ təhlükəsizlik infrastrukturlarının məhdudluğu fonunda insanlar daha çox “dayanmaq və müqavimət göstərmək” davranışı nümayiş etdirir. Bu fərqi tam yanlış hesab kimi qiymətləndirmək çətindir, daha çox tərəflərin fərqli cəmiyyət modellərini və reaksiyalarını fərqli şəkildə oxuması ilə bağlıdır.”
Nurlan Cəfəri













