İsrail və Livan arasında KRİTİK GÖRÜŞ: Regional savaş qapıdadır?
“Livan cəbhəsinin tam şəkildə alovlanması artıq təkcə iki tərəf arasında münaqişə yox, bütün Yaxın Şərqi əhatə edən regional savaşa çevrilə bilər”.
Bu sözləri Yenicag.az-a açıqlamasında politoloq Züriyə Qarayeva bildirib.
Politoloq gələn həftə Livan və İsrail arasında keçirilməsi planlaşdırılan danışıqların üçüncü raundu və bu görüşdən gözləntilər barədə şərhini bölüşüb:
“Livan-İsrail xəttində baş verənlər hazırda dünya mediasında İran, Qəzza və Ukrayna qədər diqqət çəkməsə də, əslində, regionun gələcəyinə təsir edən ən təhlükəli ‘səssiz müharibələrdən’ biridir. Gələn həftə keçirilməsi gözlənilən danışıqlardan əsas gözlənti sərhəd boyu gərginliyin müəyyən dərəcədə nəzarət altına alınması və xüsusilə Livanın cənubunda yeni genişmiqyaslı əməliyyat riskinin azaldılmasıdır. Çünki həm İsrail, həm də beynəlxalq vasitəçilər anlayırlar ki, Livan cəbhəsinin tam şəkildə alovlanması artıq iki tərəf arasında münaqişə olmaqdan çıxıb, bütün Yaxın Şərqi bürüyən regional savaşa çevrilə bilər. ABŞ və Fransa kimi aktorlar da xüsusilə Hizbullahın sərhəddən geri çəkilməsi, Livan ordusunun cənubda daha aktiv yerləşdirilməsi və BMT qüvvələrinin rolunun artırılması kimi variantları masaya gətirməyə çalışırlar”.
“İsrail üçüncü raunddan sonra Livanın yaxasını buraxacaqmı?” sualına isə Z. Qarayeva belə cavab verib:
“İsrailin “Livanın yaxasını buraxması” yalnız ciddi təhlükəsizlik zəmanətləri qarşılığında mümkün görünür. Tel-Əviv üçün əsas məsələ şimal sərhədində Hizbullah təhlükəsinin minimuma endirilməsidir. Əgər danışıqlarda raket hücumlarının dayandırılması, silahlı qrupların sərhəddən uzaqlaşdırılması və Livan dövlətinin bölgədə real nəzarət mexanizmi qurması ilə bağlı konkret razılaşmalar ortaya çıxarsa, İsrail hərbi təzyiqi azaltmağa gedə bilər. Amma əsas problem ondadır ki, Livanın daxilindəki siyasi parçalanma olduqca dərindir və Hizbullah təkcə hərbi yox, həm də mühüm siyasi aktordur. Bu səbəbdən kağız üzərində əldə ediləcək razılaşmanın praktikada nə dərəcədə işləyəcəyi ən çətin məsələ olaraq qalır”.
Nurlan Cəfəri













