“Qısa dövr üçün İsrail üstünlük əldə edə bilər, ancaq ümumilikdə İsrailin “Hizbullah”a tək başına qalib gəlmək imkanları yoxdur”.
Bu sözləri Yenicag.az-a açıqlamasında İsraillə “Hizbullah” arasında müharibə ehtimalı, HƏMAS-la “Hizbullah”ı fərqləndirən cəhətləri şərh edən hərbi ekspert Ramil Məmmədli deyib.
Ramil Məmmədli bildirib ki, ideoloji xətti olan qruplar üzərində qalib gəlmək mümkün deyil:
“Artıq bir aya yaxındır ki, İsrail mediası və ictimai-siyasi şəxsləri bu ölkə ilə “Hizbullah” arasında qarşıdurmanın, müharibənin olacağına dair fikirlər səsləndirirlər. Belə bir fikir formalaşdırırlar ki, guya hərbi əməliyyatlar yalnız “Hizbullah”a yönələcək. Əməliyyat zamanı həmin təşkilatın strukturları atəşə tutulacaq.
Başqa bir tərəfdən isə İsrail mediasında iddia var ki, İsrail son illərdə yeni radio-elektron mübarizə (REM) vasitəsi yaradıb. Bu REM sistemin fərqi ondan ibarətdir ki, qarşı tərəfin elektron və elektriklə işləyən bütün sistemini iflic edəcək. “Hizbullah”a qarşı aparılan hərbi əməliyyatda bu silahdan geniş şəkildə istifadə ediləcək. Bununla da İsrail öz istəyinə nail olacaq. Bu iddialar hərbi mənbələrə istinadla yayılıb”.
Ekspert qeyd edib ki, HƏMAS-la Hizbullah arasında fərq olduqca böyükdür.
“Birinci ona görə ki, “Hizbullah”ın nəzarət etdiyi ərazi daha böyükdür, onun silah-texnika potensialı daha çoxdur. “Hizbullah”ın müdafiəsini təmin edəcək, davamlı təminat və təchizat işlərini həyata keçirəcək həm ölkə, həm də nəqliyyat infrastrukturu mövcuddur. “Hizbullah”ın silah-texnika parkı standart ordular səviyyəsindədir. “Hizbullah” uzun illərdir mövcud olan ideoloji xətdir. Bu, təkcə hər hansısa struktur deyil, həm də ideoloji xətdir.
Düşünmürəm ki, İsrailin “Hizbullah”la bağlı atacağı addımlar uğurla nəticələnsin. Qısa dövr üçün İsrail üstünlük əldə edə bilər, ancaq ümumilikdə İsrailin “Hizbullah”a təkbaşına qalib gəlmək imkanları yoxdur. “Hizbullah”ın komandirlərini öldürməklə bu hərəkata, ideoloji xəttə qalib gəlmək mümkün deyil”, – deyə o fikirlərini yekunlaşdırıb.
Səxavət Məmməd
www.yenicag.az