“Dünyada sabitliyin qarantı olmağa iddia edən bir ölkənin dəstəklədiyi terror təşkilatlarının belə bir qanlı əmələ əl atmaları bağışlanmaz cinayətdir”.
Bu fikirləri İstanbulda ötən gün törədilmiş qanlı terror aktının ABŞ-nin dəstəklədiyi təşkilatlar tərəfindən törədilməsi sübut olunacağı təqdirdə Ankara-Vaşinqton münasibətlərindəki mümkün təlatümləri dəyərləndirən politoloq Aydın Quliyev Yenicag.az-a açıqlamasında deyib.
Onun sözlərinə görə, əgər bu terror aktının ABŞ-min hərtərəfli dəstək verdiyi YPG-PYD tərəfindən törədildiyi təsdiqlənərsə, bu, Türkiyə-ABŞ münasibətlərində yeni bir mərhələ yaradacaq:
“Türkiyə özünün tarixi ilə müqayisə olunmayacaq dərəcədə düşmənlərinin çox olduğu bir dövrü yaşayır. Asiya, Avropa, Amerika, Yaxın və Orta Şərqdə, dünyanın demək olar, bütün guşələrində Türkiyəyə düşmən münasibəti bəsləyən qüvvələr, mərkəzlər var. Ona görə də İstanbul terrorunun kökləri ilə bağlı saysız-hesabsız ehtimallar irəli sürmək olar. Bu ehtimallardan biri də qanlı terrorun ASALA, PKK-PYD-YPG tərəfindən törədilməsi versiyasıdır.
Adıçəkilən bu terror təşkilatlarının hamısının arxasında dayanan dövlətlər bu və başqa şəkildə Türkiyəyə qarşı düşmən mövqedədirlər. Əlbəttə, burada diqqət yetirilməli olan əsas məqam məhz ABŞ-nin mövqeyidir. Əgər bu terror aktının ABŞ-nin hərtərəfli dəstək verdiyi və Türkiyənin təhlükəsizliyini təhdid edən YPG-PYD tərəfindən törədildiyi təsdiqlənərsə, bu, Türkiyə-ABŞ münasibətlərində yeni bir mərhələ yaradacaq.
Çünki ABŞ-Türkiyə münasibətlərində hökm sürən gərginliyin əsas səbəblərindən biri də Amerikanın Suriyanın şimalındakı terror dəstələrinə davamlı yardım göstərməsidir. O baxımdan, ABŞ kimi bir ölkənin bu və ya digər terror təşkilatlarını dəstəkləməsinin necə ağır nəticələrə gətirib çıxardığını, həm də gələcəkdə çıxaracağını hər kəs başa düşür. Dediyim kimi, bu terrorun arxasından ABŞ-nin himayə etdiyi təşkilatların çıxdığı isbatlanarsa, o halda Türkiyənin Amerikaya qarşı konkret ittihamla çıxış etməsi üçün tam əsas yaranacaq.
Əlbəttə, dünyada sabitliyin qarantı olmağa iddia edən bir ölkənin dəstəklədiyi terror təşkilatlarının belə bir qanlı əmələ əl atmaları bağışlanmaz cinayətdir və böyük ehtimalla, bu hadisə Türkiyə-ABŞ münasibətlərinə təsirsiz ötüşməyəcək, eyni zamanda, Suriyanın şimalında da yeni situasiya yaradacaq. Bununla belə, hələ ki İstanbul terrorunun ASALA tərəfindən törədilməsinə yönəlik qənaətləri daha ciddi hesab edirəm. Amma buna tam əmin olmaq üçün aparılan təhqiqatın yekununu gözləmək lazımdır”.
A.Zeynalov
www.yenicag.az