İstanbulda İran-ABŞ GÖRÜŞÜ: Uitkoff və Əraqçi nəyi həll edəcək?
“Bu dəfə İranda birbaşa liderliyə və rejimin əsas kadrlarına yönəlmiş əməliyyatlar ola bilər”
Bunu Yenicag.az-a açıqlamasında “Ülke TV”nin baş redaktoru, siyasi şərhçi Həsən Öztürk deyib.

O, İrana yaxınlaşan ABŞ hərbi gəmiləri fonunda pik səviyyədə olan gərginliyin regional və qlobal mümkün nəticələrini şərh edib.
Siyasi şərhçi bildirib ki, ABŞ İsrailin təzyiqi ilə İranın həm hərbi, həm də iqtisadi potensialını daha da zəiflətmək istəyir:
“ABŞ İranın parçalanmasından yana mövqe nümayiş etdirmir, bu məsələdə İsraildən fərqli düşünür. ABŞ Prezidenti Donald Trampın siyasətini nəzərə alsaq, onun əvvəlcə tonu çox yüksəldib, daha sonra isə öz maraqlarına uyğun, ağlabatan nöqtədə razılaşmaya gəlməyə çalışdığını görərik.
Bu dəfə də eyni addımı atdı: döyüş gəmilərini və aviadaşıyıcını körfəzə göndərdi, son dərəcə sərt xəbərdarlıqlar etdi, öldürücü zərbələrlə bağlı təhdidlər yağdırdı. Lakin arxa planda Türkiyənin vasitəçiliyi ilə gedən proses mövcuddur. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və XİN rəhbəri Hakan Fidan bu məsələdə ciddi təşəbbüs göstəriblər. Nəticədə isə cümə günü İstanbulda İran–ABŞ birbaşa danışıqları başlayacaq.
Trampın müşaviri Uitkoff İstanbula gələcək və İranın XİN rəhbəri Abbas Əraqçi ilə görüşəcək. Həmin görüşlər nəticəsində ortaq məxrəcə gəlmək mümkün olacaq. İran nüvə potensialını sıfırladığını sübut edəcək, eyni zamanda rəhbərlik səviyyəsində müəyyən ağlabatan dəyişikliklər edəcək. Beləliklə, böhranın aradan qalxacağını ehtimal edirəm.
Əgər İstanbul danışıqlarından nəticə çıxmasa, bu dəfə İranda birbaşa liderliyə və rejimin əsas kadrlarına yönəlmiş əməliyyatlar ola bilər. Lakin mən ABŞ-nin İranın parçalanmasına yönəlmiş bir prosesin içərisinə girmək istəmədiyini görürəm”, – deyə o bildirib.
Nəsimi Ələsgərli












