İsveçrədə keçiriləcək sülh sammitində Rusiya ordusunun Ukrayna ərazilərindən çıxarılması və Ukraynanın ərazi bütövlüyünün tam bərpa edilməsi ilə bağlı bundan əvvəlki tələblər yekun bəyanatdan çıxarılacaq.
Yenicag.az xəbər verir ki, bu barədə nüfuzlu “Bloomberg” nəşri məlumat yayıb.
Qəzet yazır ki, əsas tələblər nüvə obyektlərinin təhlükəsizliyi, Ukrayna taxıl ixracının təhlükəsiz təmini olacaq. Bundan əlavə, Ukrayna və Qərb buna qədər bəyanatda olan 10 bənddən 7-ni ləğv edib.
“Bu, Rusiyanın ciddi diplomatik uğurudur. Ukrayna tərəfi Çini sammitdə iştiraka həvəsləndirmək üçün çalışır, amma buna nail ola bilməyiblər. Əslində, Çin tərəfi sammitə qatılacaqdı, lakin Putinin son Pekin səfərindən sonra Çin sammitə qatılmaqdan imtina etdi. Bu sammitdən sonra Səudiyyə Ərəbistanında Rusiyanın da iştirakı ilə yeni sammit keçirilə bilər” – deyə məlumatda qeyd olunub.
Nəşrin analitiklərinin fikrincə, eyni zamanda, Qərb bu sammitin Avropada çökən ATƏT institutuna oxşar yeni təhlükəsizlik mexanizminin yaradılması üçün bir dəstək olacağına ümid edir. İddialara görə, bu mexanizm Rusiya və Qərb arasında münasibətlərin gələcək vəziyyətini müəyyən etməlidir.
Rafi Müslümov
www.yenicag.az