!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İtkin düşən hərbçimiz Ermənistan sərhədini keçib? – “İnanıram ki, əsgərimiz bizə qaytarılacaq”

!Reklam – Yazi

“Ümid etmək istəyirəm ki, hərbi qulluqçumuz Hüseynov Ceyhun Tofiq oğlu yaxın saatlarda Azərbaycana qaytarılacaq. Ona görə ki, bundan əvvəl də buna oxşar hadisələr olmuşdu”.

Bu sözləri Yenicag.az-a açıqlamasında ehtiyatda olan polkovnik Üzeyir Cəfərov deyib.

Hərbi ekspert Azərbaycan Ordusunun hərbi qulluqçusu əsgər Hüseynov Ceyhun Tofiq oğlunun iyunun 9-da Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Günnüt yaşayış məntəqəsi istiqamətində naməlum şəraitində itkin düşməsi faktına münasibət bildirib.

O, xatırladıb ki, Naxçıvanda 2 hərbi qulluqçumuz – Aqşin Bəbirovla Hüseyn Axundov da yolunu azıb, pis hava şəraiti ilə əlaqədar Ermənistan tərəfə keçmişdi:

“Böyük ehtimalla, hərbi qulluqçumuz Ermənistan tərəfinə keçib. Mən də o fikirdəyəm ki, hər hansı bir başqa məqsədlə, yəni təxribat və yaxud da ki, digər niyyətlə Ermənistan ərazisinə keçməyib. Sadəcə, hava şəraiti son vaxtlar bir az mürəkkəbdir deyə, ola bilsin ki, hərbi qulluqçumuz da naməlum şəraitdə yolu azaraq, qarşı tərəfə keçib. İnanıram ki, Ermənistan xoş niyyət göstərərək, əsgərimizi bizə qaytaracaq. Ona qarşı hər hansı bir cinayət işinin açılması və yaxud da hər hansı bir uydurma ittihamların irəli sürülməsi mümkünsüzdür. Çünki hərbçimiz hər hansı bir niyyət güdmədən, xidməti vəzifələrini icra edərkən naməlum şəraitdə qarşı tərəfə keçib”.

Polkovnik diqqətə çatdırıb ki, son günlər Azərbaycan-Ermənistan şərti sərhədində hava şəraiti çox qarışıqdır:

“Orada güclü yağışlar var, dolu yağır, o cümlədən duman və yaxud da havanın çiskin keçməsi müşahidə olunur. Ona görə də ümidliyəm ki, Günnüt yaşayış məntəqəsi istiqamətində yolu azaraq, qarşı tərəfə keçən əsgərimizi Ermənistana qaytaracaq. Mən buna yüz faiz əmin olmasam da, Ermənistanın Azərbaycana xoş bir niyyəti kimi Paşinyanın komandasının yaxın saatlarda əsgərimizi Azərbaycana qaytarılması ilə bağlı qərar verəcəyini gözləyirəm. Çünki indiki həssas məqamda tərəflər arasında xoş münasibətlər var, Ermənistan Azərbaycan rəsmiləri görüşürlər, danışıqlar aparırlar. Mənə elə gəlir ki, Ermənistan elə bütün bunlardan çıxış edərək, əsgərimizi qısa bir müddətdə Azərbaycana qaytaracaq”.

Müdafiə Nazirliyinin məlumatına görə, Azərbaycan Ordusunun hərbi qulluqçusu əsgər Hüseynov Ceyhun Tofiq oğlu iyunun 9-da Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Günnüt yaşayış məntəqəsi istiqamətində naməlum şəraitində itkin düşüb.

Nazirlik qeyd edib ki, hərbi qulluqçumuzun axtarışı ilə bağlı zəruri tədbirlər görülür.

Erməni mətbuatı isə itkin düşən hərbçimizlə bağlı bir sıra iddialar irəli sürüb.

Bildirilir ki, hərbçimiz Ermənistan sərhədini keçib və saxlanılıb. Məlumatı ermənilərin teleqram kanalları da yayıb.

Ermənistan Milli Təhlükəsizlik Xidməti hadisə ilə bağlı hələlik rəsmi açıqlama verməyib.

Rafi Müslümov

www.yenicag.az

477
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv