Prezident İlham Əliyevin imzaladığı “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” sərəncamında adı yer alan jurnalist Pərviz Həşimli azadlığa buraxılıb.
“Report”un xəbərinə görə, 13 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən jurnalist artıq evindədir.
P.Həşimli mənbəyə açıqlamasında deyib ki, Prezident İlham Əliyevin belə bir sərəncam imzalaması humanist addımdır: “Azadlığa buraxılmaq mənim də haqqım idi. Çünki ittiham olunduğum maddə üzrə özümü təqsirli bilmirdim. Dövlət başçısı əfv sərəncamı imzalayaraq, mənim azadlıq haqqımı təmin etdi. Bunun üçün Prezidentə təşəkkür edirəm. Həmçinin, mənə dəstək olan mətbuat nümayəndələrinə, beynəlxalq təşkilatlara, hüquq müdafiəçilərinə minnətdarlığımı bildirirəm”.
Xatırladaq ki, P.Həşimli Bakı Ağır Cinayətlər Məhkəməsinin 2014-cü il 15 may tarixli hökmü ilə məhkum olunub.
Prezident İlham Əliyevin imzaladığı sərəncam 148 nəfərə şamil ediləcək.
Sərəncama əsasən, azadlıqdan məhrum etmə cəzasına məhkum olunan 137 nəfər cəzasının çəkilməmiş hissəsindən azad edilib. Bundan başqa, 6 nəfər islah işləri cəzasının çəkilməmiş hissəsindən, 5 nəfər isə cərimə cəzasından azad olunub.
www.yenicag.az