Prezident İlham Əliyevin sərəncamı ilə jurnalistlər üçün inşa edilmiş 2-ci binadakı mənzillərə çıxarışların verilməsi hələ də öz həllini tapmayıb.
Yenicag.az-ın məlumatına görə, bu gün Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin mətbuat xidməti avqustun 7-də binanın istismarına icazə verildiyini bəyan etsə də, oradakı mənzillərə çıxarışların verilməsi yenə “düyün”ə düşüb.
Başqa sözlə desək, bu gün Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin binanın istismarına icazə verməsi, mənzillər üçün çıxarışların nəhayət, sahiblərinə təqdim edilməsi üçün yetərli sayılmayıb.
Yaranmış anlaşılmaz vəziyyətlə bağlı Yenicag.az-a danışan Əmlak Məsələləri üzrə Dövlət Komitəsi mətbuat xidmətinin rəhbəri Qulu Xəlilov bildirib ki, binanın istismarına icazə verilsə də, digər zəruri sənədlər hələ onlara təqdim olunmayıb:
“Binanın istismarına icazə verilməsi o deməkdir ki, bina təhlükəsizdir, orada yaşamaq olar. Ancaq jurnalistə o binada mənzil hansı əsasla və hansı protokoldan çıxarışla verilib, həmin sənədlər bizə təqdim edilməyib. Bu sənədləri komitəyə KİV-ə Dövlət Dəstəyi Fondu təqdim etməlidir. Binadakı mənzillərin kimə verilməsi haqqında sənəd olmalıdır ki, onun əsasında çıxarış verilə bilsin. Bu sənəd isə hələ verilməyib. O bina dövlət vəsaiti ilə tikilib və hazırda dövlətin balansındadır. Bu məsələdə Əmlak Məsələləri üzrə Dövlət Komitəsi ilə bağlı bir problem yoxdur”.
Qulu Xəlilov qeyd edib ki, “bir günə çıxarışları verəcəyik” sözünün üstündə dururlar: “Hətta binanın həyətinə gəlib, sənədləri özüm yığmağa hazıram. Ancaq mənə hansı sənədləri təqdim edəcəklər? Məsələ budur”.
Səxavət Məmməd