Jurnalistlər üçün inşa edilərək, media mənsublarına hədiyyə olunmuş 2-ci binadakı mənzillərə çıxarışların verilməsi hələ də yubadılır.
Yenicag.az xəbər verir ki, sözügedən binadakı mənzillər üçün çıxarışların sahiblərinə təqdim olunması anlaşılmaz səbəblərə görə indiyə qədər öz həllini tapmayıb.
Yayılan söhbətlərə görə, bu məsələnin ləngiməsinin səbəbi KİV-ə Dövlət Dəstəyi Fondu ilə Bakı Memarlıq və Şəhərsalma Baş İdarəsi arasında sənədləşmə işləri ilə hələ də aradan qaldırılmayan anlaşılmazlığın yaranmasıdır.
Çıxarışların verilməsi üzrə məsələni dəqiqləşdirmək üçün Bakı Memarlıq və Şəhərsalma Baş İdarəsi ilə davamlı telefon əlaqəsi yaratmağa çalışsaq da, bu cəhdlərimiz gün ərzində nəticəsiz qaldı. İdarəyə məxsus telefon zənglərinə cavab verən kimsə tapılmadı.
Mövzu ilə əlaqədar fikirlərini öyrəndiyimiz Əmlak Məsələləri üzrə Dövlət Komitəsi mətbuat xidmətinin rəhbəri Qulu Xəlilov Yenicag.az-a açıqlamasında təmsil etdiyi qurumun bu məsələni ən qısa müddətdə həll etməyə hazır olduğunu bildirib:
“Qeyd olunan məsələ barəsində biz də məlumatlıyıq. Ancaq indiki mərhələdə müvafiq sənədləşmə işləri tamamlandıqdan sonra Əmlak Məsələləri üzrə Dövlət Komitəsi bu məsələni həll edə bilər. Yəni bizə qədər müvafiq sənədləşmə işləri həyata keçirilməlidir.
Öz növbəmizdə əminliklə deyə bilərik ki, sənədlər Komitəyə daxil olduqdan cəmi bir gün sonra mənzillərin çıxarışlarını jurnalistlərə təqdim etməyə hazırıq.
Bu məqsədlə hətta jurnalistlər binasının həyətində “Əmlakını qeydiyyata al və mülkiyyətinə sahib ol” kampaniyasını təşkil edə bilərik. Yetər ki, müvafiq sənədlər Komitəyə daxil olsun”.
www.yenicag.az