!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"Kabus" görən Tehranın AĞILSIZ HƏDƏLƏRİ: "Bu belə davam edə bilməz" - Hərbi ekspert

!Reklam – Yazi

“İran tərəfi Azərbaycan, Türkiyə və Pakistanın birliyindən qıcıqlanmaq əvəzinə, bu üç dövlətlə əməkdaşlıq etsə, özünün xeyrinə olar”.

Bu fikirləri Azərbaycan, Türkiyə və Pakistan arasında keçirilən hərbi təlimdən qıcıqlanaraq İranın ali dini lideri ayətullah Seyid Əli Xameneyinin Ərdəbil vilayəti üzrə nümayəndəsi Seyid Həsən Amilinin bilərəkdən bu üç qardaş dövləti hədəf alan sözlər söyləməsinə münasibət bildirən hərbi ekspert Tərlan Eyvazov Yenicag.az-a açıqlamasında deyib.

Tərlan Eyvazov İranın bölgədəki yeni reallıqla barışmadığını və Azərbaycanı zəif görmək istədiyini vurğulayıb:

“Hər bir iş marağa söykənir. İranın Ermənistana qardaş deməsi-filan, bunlar hamısı boş-boş şeylərdir. İranın marağı ondan ibarət idi ki, status-kvo qalsın, hər iki dövlət zəif duruma düşsün, özünün ətəyindən yapışsınlar. Azərbaycanın möhtəşəm qələbə qazanması, İrandakı soydaşlarımızın oyanışı – bunlar İranı narahat etməyə bilməzdi.

Məsələnin iqtisadi tərəfi də var. Zəngəzur koridorunun açılması ilə İranın əldə etdiyi gəlirin hamısı əlindən çıxacaq. İranın fikrində budur ki, Rusiya da, Azərbaycan da, Çin də gəlib bunun ərazisindən keçsin. Təbii ki, yol uzun olduğu və baha başa gəldiyi üçün ən uyğun variant Zəngəzurdur. Deyir, ayının yüz oyunu var bir armudun başında. Bu da elə bir söhbətdir.

Bəziləri deyir ki, İranı qızışdıran Rusiyadır. Ancaq bu məsələdə belə deyil. Koridorun açılması Rusiyanın da marağındadır.

Haqlı olaraq Eyvazlı kəndinin yaxınlığında post qurmamıza da Rusiyadan mənfi münasibət bildirilməyib. Buna görə də düşünürəm ki, Zəngəzur koridorunun açılması Rusiyanın da maraq dairəsindədir. Heç Ermənistan da o qədər yüksək etiraz etməyib. Buna “cırnayan” İrandır. İran istəyir ki, elə əvvəlki kimi ərazimizdən keçməklə, yanacaq daşımaqla pul qazansın. Bu belə davam edə bilməz. İran nə isə daşımaq istəyirsə, gəlib rəsmi Bakı ilə danışıqlar aparsın, necə ki, biz İran ərazisindən istifadə edirik, o qayda ilə İran da Azərbaycan ərazisindən istifadə etsin. Tehran isə bunu istəmir, çünki 30 ildir havayı şəkildə istifadə edib, yaxşı da pul qazanıb”.

Hərbi ekspert qeyd edib ki, İranın Azərbaycan, Türkiyə və Pakistanla əməkdaşlıq etməsi onun özü üçün xeyirlidir:

“Əvvəl Azərbaycan-Türkiyə ittifaqı var idi. Artıq bu ittifaqın bir tərəfi də Pakistan olmaqdadır. Bu, uzağa hesablanmış bir addımdır. Biz bu günlərdə oxşar ittifaqın ABŞ, Avstraliya və İngiltərə arasında da qurulduğunu gördük. Dövlətlər artıq çevik manevr etmək istəyirlər. Hər kəs özünə yaxın olan, qardaş bildiyi ölkələrlə dostluq edir. Azərbaycan, Türkiyə və Pakistanın birliyindən yenə də İran tərəfi qıcıqlandı. İran bundan qıcıqlanmaq əvəzinə, bu üç dövlətlə əməkdaşlıq etsə, özünün xeyrinə olar”.

Aqil Bəkir

www.yenicag.az

700
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv