Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Kafe arxasına atılan Türk Şəhidliyi lövhəsinin son taleyi - FOTOREPORTAJ

Reklam: High Technic

İstiqamət Qubalı Baloğlan kəndini göstərir. Bir neçə gün öncə yol kənarında daha bir lövhə var idi – “Hacıqabul, Qubalı Baloğlan, Türk Şəhidliyi 11 km”. Artıq bu lövhə yoxdur.

Yol kənarındakı sonradan salınmış meşə zolağında işləyən fəhlələrə üz tuturuq. Onlarla söhbət zamanı məlum olur ki, sözügedən lövhə bir neçə gün öncə götürülüb. Fəhlələrə ünvanladığımız kim? necə? niyə? suallarımız cavabsız qalır.

Yenicag.az xəbər verir ki, lövhə götürüldükdən sonra onu yaxınlıqdakı kafenin arxasına atıblar. Ancaq kənd sakinlərinin və ictimaiyyətin haqlı narazılığından sonra həmin lövhə oradan götürülüb. Belə bir söhbət ortaya atılıb ki, yol qəzası zamanı lövhə əzilib, ona görə bu addım atılıb. Ancaq nə o qəzanı, nə də lövhənin yararsız hala düşməsini görən olub.

Qubalı Baloğlan kəndinə gedirik. Burada gözümüzə daha bir lövhə sataşır – “Türk şəhidliyinə 4 km”. Kəndin yolları 1 il əvvəl təmir edilsə də, çınqıl daşıyan “Kamaz”ların hərəkəti yolları artıq “əldən salıb”.

Gəzə-gəzə gəlib, “Türk şəhidliyi”nə çıxırıq. Qeyd edək ki, burada Türkiyənin Azərbaycandakı səfirliyi abidə ucaldıb. Hər iki dövlətin bayraqları abidə üzərində dalğalanmaqdadır.

Kənd camaatından öyrənirik ki, şəhid olmuş türk əsgərlərinin məzarları Hənifə kişinin həyətində olub. Sovet dövründə qəbirlər gizlədilsə də, müstəqillikdən sonra üzə çıxarılıb. Ancaq uzun illər məzarlarla maraqlanan olmayıb. Ta ki, bir neçə il əvvəl Azərbaycanda olan bir türk zabiti Qubalı Baloğlanda türk əsgərlərin qəbrinin olması barədə maraqlanana kimi. Əraziyə bir neçə dəfə Türkiyədən olan hərbçi nümayəndələr baxış keçirir və son nəticədə səfirlik məzarların olduğu yerdə abidə ucaldır.

Uşaqlığı abidənin həyətində oynamaqla keçən kənd sakini, Hənifə kişinin qardaşı oğlu Əlisəttar Əkbərov onlar uşaq ikən qəbirlərin necə qorunmasından danışır:

– Ermənilər kəndimizdə qırğın törədən zaman 1918-ci ildə Azərbaycanda olan türk ordusu bizə köməyə gəlib. O vaxt bizdən də, türk əsgərlərindən də şəhid olub. Əmim onları öz həyətində dəfn edib.  İndi gördüyünüz narlıq əvvəllər üzüm bağı olub. Əmimin həyat yoldaşı bizə icazə vermirdi ki, o tərəfdə oynayaq. Soruşanda deyirdi, olmaz. Böyüdükcə, yaşa dolduqca öyrəndik ki, həmin ərazidə türk əsgərlərinin məzarları var.

Qubalı Baloğlan kəndində təxminən 3 200 insan yaşayır. Yerli sakinlər 1918-ci ildə ermənilərlə döyüşüb, çoxlu sayda şəhid verib. Həmçinin, kəndin Qarabağ müharibəsində 10-dan çox şəhidi olub, 50-dən çox əlili var.  Burada Qarabağ müharibəsində şəhid olmuş döyüşçülərə də abidə qoyulub. Abidəni kənd camaatı öz hesabına qoydurub. Ölkənin faciə günlərinə kənd camaatı orada tədbirlər keçirir, şəhidlər üçün dualar oxuyur.

Qarabağ müharibəsinə döyüşmüş Rəhman Lələyevlə söhbətləşirik. Rəhman deyir, bizim kənd 1918-c ildə ermənilərlə döyüşüb, Qarabağ müharibəsində də həmçinin:

– Əsgərlik yaşım tamam olmamış könüllü cəbhəyə yollanmışdım. 4 ildən çox hərbi xidmətdə olmuşam. Kəndimizin şəhidləri üçün ucaltdığı abidəni də gördünüz. Türkiyə səfirliyi də nə yaxşı ki, gəlib “Türk şəhidlərinin məzarları”nın üstündə abidə ucaltdı. Açığı bu çox gözəl addım idi. Dəfələrlə olub ki, Türkiyənin Azərbaycandakı səfiri kəndimizə gəlib, insanlarla söhbət edib. Magistiral yolda Türk şəhidliyi lövhəsini görən türklər yolunu kəndimizdən salır. Dəfələrlə gəlib, dualar oxuyub, gedən insanlar olub.

Söhbət zamanı lövhənin yığışdırıldığını eşidən Rəhman Lələyev, hadisədən xəbərsiz olduğunu deyib:

– Aaa, indi eşidirəm. Kim, niyə söküb? Heç doğru iş görməyiblər. Bu yaxında dedilər ki, türklər kəndimizdə uşaq baxçası tikəcəklər. Bunu etsələr möhtəşəm olar. Lövhəni götürməklə doğru iş görməyiblər.

Kənd sakinlərinin sözlərinə görə, bir neçə dəfə türklər buradan keçərkən yoldakı lövhəni görüb, maşınlarının istiqamətini bura çeviriblər. Ümumiyyətlə, Türk şəhidliyinin istiqamətini göstərən lövhə qoyulması kəndə gedib-gələnlərin də sayını çoxaldıb.

Məsələ ilə maraqlanmaq üçün, Qubalı Baloğlan kəndinin bələdiyyə sədri Mircəfər Əsgərovla görüşürük. Bələdiyyə sədri deyir ki, lövhənin götürülməsindən bizim xəbərimiz olmayıb:

– Lövhə bizim ərazimizdə deyil deyə, bu barədə bizim nə deməyimizin bir anlamı yoxdur. O vaxt ermənilər babamı, iki əmim və bir bibimi öldürüblər. Deyilənə görə, bibim çox gözəl olduğu üçün, həmişə niqabda olurmuş. Ermənilər deyiblər üzünün niqabını aç, o da imtina etdiyi üçün, gülləni düz alnından vurublar. Bu vaxt türklər köməyə gəliblər. Onlardan bir neçəsi döyüşlər zamanı şəhid olub. Biz Sovet dövründə Türk şəhidliyi və ümumiyyətlə, Türkiyənin olmasından da xəbərsiz idik. 4-5 il öncə türklərin məzarı barədə maraqlanmağa başladılar və ötən il abidə ucaltdılar. Kəndimizə bundan sonra çoxlu sayda qonaqlar gəlməyə başladı. Dəfələrlə olub ki, türklər gəlib dua oxuyub gediblər. Bizim kəndin camaatı döyüşkəndir.  1918-ci ilə də, Qarabağ müharibəsində də kəndimiz döyüşüb.

Kənddən çıxıb yenidən lövhənin qoyulduğu yerə gəlirik. Kimliyini açıqlamayan bir nəfər yaxınlaşaraq deyir: “Yaxın günlərdə, lövhə yenidən yerinə vurulacaq”.

Ümid edirik, yaşayarıq, görərik…

Səxavət Məmməd

www.yenicag.az

4787
reyting.az
www.interpress.az
MARGIN-BOTTOM

www.busaat.az
Ziraat Bank New 768×90 / 320×100