Kanalizasiyaya düşüb ölmüşdü: İttiham olunan sahə rəisinin məhkəməsi başladı
“Baksol yolu” ərazisində yolun çökməsi nəticəsində kanalizasiyaya düşən 27 yaşlı Cümşüd Cümşüdlünün ölümü ilə bağlı başlanmış cinayət işi üzrə ittiham edilən Bakı Sukanal İdarəsinin kanalizasiya kollektorları və təzyiq xidmətlərində qəza-bərpa üzrə sahə rəisi Azər Cümşüdovun məhkəməsi başlayıb.
Yenicag.az-ın “Report”a istinadən məlumatına görə, Nərimanov Rayon Məhkəməsində hakim Gültəkin Əsədovanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Azər Cümşüdovun vəkili Anar Ramazanov bildirib ki, o işə yeni qoşulub və cinayət işinin materialları ilə tanış deyil. Buna görə vəkil məhkəmədən iclasın təxirə salınmasını xahiş edib.
Prosesdə Azər Cümşüdov özünü təqsirli bilmədiyini deyib.
Təqsirləndirilən şəxsin vəkili cinayət işi ilə tanış olmadığı üçün məhkəmənin hazırlıq iclası dekabrın 9-na kimi təxirə salınıb.
Qeyd edək ki, Azər Cümşüdovun barəsində başqa yerə getməmək haqqında qətimkan tədbiri seçilib.
Xatırladaq ki, hadisə bu ilin iyunun 26-da baş verib, 27 yaşlı Cümşüd Cümşüdlü ərazidən keçərkən yolda çökmə baş verib və o, kanalizasiya kollektoruna düşüb.
Cümşüd Cümşüdlünün meyiti Suraxanı rayonunun Hövsan qəsəbəsində yerləşən kanalizasiya təmizləmə anbarında tapılmışdı.












