“Yekun məhsulun ərsəyə gəlməsində çəkilən xərclər nə qədər yüksəkdirsə, qiymətlər də bir o qədər yüksək olacaqdır”.
Bunu Yeniçağ.az-a açıqlamasında iqtisadçı ekspert Asif İbrahimli deyib.
O, son aylarda kartofun həm bazarlarda, həm də mağazalarda sürətli bahalaşması ilə əlaqədar olaraq əsaslı səbəbləri qeyd edib.
“Hər hansı məhsulun və xidmətin yekun qiymətinin əmələ gəlməsi onu əmələ gətirən xərclərdən asılı olaraq dəyişir. Məhsulun əkinində istifadə olunan səpim xərcləri, məhsulun yığılması, saxlanılması və s. bu kimi çəkilən xərclər ümumi olaraq son qiymətə də təsir edir. Ümumiyyətlə, 2024-cü ildə Azərbaycanda kartofun əkilməsi əvvəlki illərə nəzərən daha az olub. Bazarda tələb və təklif formalaşdığı üçün xarici faktorlara əsasən, xaricdən gətirdiyimiz və xaricdə qiymətlərin bahalaşmasına, eyni zamanda da bizə məhsul ixrac edən ölkələr Rusiya bazarına və digər bazarlara idxal etdiklərinə görə müəyyən bahalaşmalar həyata keçirilib”.
Ekspert söyləyib ki, hazırda bazarlarda, yaxud mağazalarda satılan kartoflar anbarlarda saxlanılan yığılmış və depolanmış kartoflardır:
“Kartofun ildə 2 dəfə yığımı həyata keçirilir. Hazırda mart ayıdır və kartof yığımı həyata keçirilmir. Anbarlarda satılan kartoflar yığılmış və depolanmış kartoflar olduğuna görə müəyyən saxlanma xərcləri, daşınma və s. bu kimi məsələlər qiymətlərdəki artıma təsir göstərir. Məhsulun əkini, yığımı və saxlanması son qiymətin formalaşmasında müəyyən fərqlər yaradır. Bu gün Azərbaycanda fəaliyyət göstərən hər hansı bir anbarda və yaxud tarlada işləyən işçi keçən il 345 manat minimum əməkhaqqı alırdısa, bu gün minimum əməkhaqqı 400 manatdır və o, onun mütənasibində digər məsələlər üzrə artımlar müşahidə olunmuşdur. Buraya kommunal məsələlərinin, yanacağın qiymətində olan artım ümumi artıma da təsir göstərir”.
Nəzrin Bünyatova
www.yenicag.az