Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Keçmiş millət vəkili: “Qanunu şah saymırlar” – Bunu edən şəxslər CƏZALANDIRILACAQ – VİDEO

“Xətaların sərtləşdirilməsi doğru deyil. Mülkü məcəllə burada işləməlidir. Alıcı və satıcı arasında münasibət mülkü məcəllə ilə tənzimlənməlidir”.

Bunu Yenicag.az-a açıqlamasında iqtisadçı, keçmiş millət vəkili Nazim Bəydəmirli İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən “Alınan mallar geri qaytarılmır” yazılan lövhələrə görə sahibkarları 900 manatadək cərimələyəcəkləri ilə bağlı qərarı dəyərləndirərkən deyib.

İqtisadçı, istehlakçıların mağazalarda əksər vaxt hüquqlarının pozulduğunu bildirib:

“Sovet dönəmində ticarətdə belə bir şüar vardı ki, alıcı həmişə haqlıdır. Bazar iqtisadiyyatı olmasa belə, istehlakçının hüququ həmişə qorunurdu. Bazar iqtisadiyyatında isə bu şüar ikiqat aktualdır. Çünki alıcı məmnunluğu əslində özünü sahibkar hesab edən, biznesinə normal yanaşan hər bir sahibkarın, şirkətin əsas şüarı olmalıdır. Təəssüf ki, bu sahədə qarşılaşdığımız xoşagəlməz məqamlar da var. Əlimizdə qəbz olduğu halda, mağazalarda malı qaytarmırlar, başqa malla əvəzlənməsini təklif edirlər. Belə satıcılar potensial müştərini itirməyə məcbur olurlar. Hesab edirəm ki, istehlakçının hüququnun qorunması ölkə üçün vacibdir”.

N.Bəydəmirli istehlakçıları diqqətli olmağa çağırıb:

“Alıcılar qəbzlərini götürməyi unutmasınlar. Çünki bu qəbzlər sonrakı prosedurlarda əsas olmalıdır. Müsbət haldır ki, son kampaniyalardan biri ƏDV-nin geri alınmasıdır. Pərakəndə alış-veriş məkanlarında qəbzlərin götürülməsi bir ənənəyə çevrilir. Yalnız cərimələri sərtləşdirməklə bu işə nail olmaq olmaz. Hesab edirəm ki, iqtisadiyyat inhisarlaşmamalıdır. Özünü doğru-dürüst aparmayan şirkətlər adətən məmur sahibkarlığına nail olan mağazalardır. Onlar da heç vaxt qanunu şah saymırlar, belə desək, qanuna hörmət etmirlər. Çünki onların inzibati resursları çoxdur. Vətəndaş, hüquqlarını müdafiə etmək üçün məhkəmələrə müraciət etdikcə, yorulur. Ona görə bunun üzərinə getmir. Burada maarifləndirmə işi aparılmalıdır və əsas yük də medianın üzərinə düşür. Bazar iqtisadiyyatında ictimai qınaq daha effektli zərbə olar. Qanun sərt üzünü göstərməlidir, amma tək bu yolla nailiyyət əldə etmək mümkün deyil. Xətaların sərtləşdirilməsi doğru deyil. Mülkü məcəllə burada işləməlidir. Alıcı və satıcı arasında münasibət mülkü məcəllə ilə tənzimlənməlidir”.

Cəvahir

www.yenicag.az

1706