!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Kələkidən Braziliyaya təbrik məktubu - Elçibəyin şəxsi mühafizəçisi danışır

!Reklam – Yazi

“1994-cü ilin futbol üzrə dünya çempionatının final oynuna hamımız birlikdə, burada baxırdıq. Bəy belə oyunlara baxanda futbolu birgə izləmək üçün xəbər göndərib Kələkinin bir nömrəli azarkeşi Həmzə müəllimi də dəvət edərdi.

Həmzə müəllim Almaniya komandasının azarkeşi idi, Əbülfəz bəy isə Braziliyanın. Həmin çempionatda Almaniya komandasının finala çıxa bilməməsi Həmzə müəllimi ruhdan salsa da, final oyununu izləməyə, üstəgəl Elçibəylə birlikdə izləməyə məmnuniyyətlə gəlmişdi. Oyunun normal vaxtı da, əlavələr də heç-heçə bitmişdi. Hər şeyi penaltilər həll edəcəkdi. Bəy sevimli komandası Braziliyanın çempionluğun bir addımlığında olduğunu görür, həyəcanla 11 metrlik cərimə zərbələrini izləyirdi. Otaqda Braziliyanın çempion olmasını istəməyənlər də az deyildi. Penalların sonunda Braziliya qazanaraq çempion oldu. Bəy komandasının bu uğurundan möhkəm sevinmişdi. Bir ara Oqtaya dönüb, (Elçibəyin köməkçisi Oqtay Qasımovdan söhbət gedir) hamının eşidəcəyi səslə, “Sabah mənim adımnan Braziliyaya təbrik məktubu göndərərsiz. Oyunu izləyənlərin də hamısının adını qeyd edərsiz sonda”, – dedi. Səhər açılmağa az qalırdı, bir az da futbol müzakirəsindən sonra Bəy məmnun halda öz otağına çəkildi.”

Kələkidə Əbülfəz Elçibəyin şəxsi mühafizəçisi və qardaşı oğlu Ədalət bəylə bu söhbətimizi son günlərin futbol atmosferində bir daha xatırladım. Dövlət başçılarının, dahi şəxsiyyətlərin idmana, əsasən də futbola münasibəti həmişə maraq mövzusu olub. Əbülfəz bəyin də prezidentlikdən əvvəl, prezident olduğu və sonrakı dövrlərdə futbola marağını bildiyimdən, bizim Cocinin (Ədalət bəyi yaxından tanıyanlar və yaxınları bu adla çağırır) bu söhbətinin ardından dərhal bir neçə sual verib, qeydlər aparmışdım ki, nə vaxtsa lazım olar. Qismət bu günə imiş.

Daha bir maraqlı xatirə Tofiq Bəhramovla bağlıdır. Coci deyir ki :

-İngiltərənin Baş Naziri xanım Marqarit Tetçerin Bakı səfərində, onun şəninə Gülüstan sarayında verilmiş ziyarətə Azərbaycanın görkəmli adamları, tanınmış ziyalıları dəvət olunmuşdu. Bəy bu siyahıya şəxsən baxıb, Tofiq Bəhramovun da adını saldırmışdı. Cərgə ilə düzülmüş insanları Əbülfəz bəy “Dəmir ledi” ilə tanış edir, haqlarında qısa məlumat verirdi. Növbə Tofiq Bəhramova çatır, Əbülfəz bəy dünya şöhrətli hakimin ad və soyadını dedikdə xanım Tetçerin üzünə təbəssüm qonur. “Bu ad mənə yaxşı tanışdır, əlavə şərhə ehtiyac yoxdur”- deyib, xüsusi mehribanlıqla hakimin əlini sıxır.

Əbülfəz bəy, Tofiq Bəhramovla əvvəldən çox yaxın olub. Hələ 70-ci illərdə mütəmadi görüşürmüşlər. Tofiq bəy adətən xarici səfərlərdən öncə ya da sonra o vaxtkı Gənclik mehmanxanasında yerləşən məşhur kafedə Bəylə görüşər, söhbətləşərmişlər.

“Mən o söhbətlərdə nələrdən danışıldığını, xaricdə olarkən Tofiq bəyin nələrə diqqət etdiyini, hansısa səfərdə Bəyin xüsusi bir xahişini yerinə yetirib-yetirmədiyini bilmirəm. Amma bu söhbətlərinin sıradan söhbətlər olmadığı, nələrinsə müzakirə oluna biləcəyi ehtimalı yüksəkdir. Əbülfəz bəy hakimiyyətdə olduğu vaxtlarda da, Tofiq Bəhramovla əlaqə saxlayar, işləri, problemləri ilə maraqlanardı”, – bunları Ədalət mənim müvafiq sualıma cavab olaraq deyir. Adı kimidir, düzgün, ədalətli. Bilmədiyi heç nəyi deməz. Amma bilib demədiyi danışmadığı xeyli şey var.

Bu günsə mövzumuz futbol və idmandır. Bu mövzuda rahatdır, hardan soruşuramsa danışır. Bəzən də mən soruşmadan, yaddaşını vərəqləyib xatirələri çəkib gətirir. “Əl oyunları sarayında” idmançılarla bir görüşdən də danışır. O görüşdə Banişevskiyə təqdim ediləcək orden, futbolçu artıq həyatda olmadığı üçün, Əbülfəz bəy tərəfindən onun qızına təqdim edilir. Əbülfəz bəy çox sevimli futbolçusunun qızı ilə qısa görüşdə hal-əhval tutub, vəziyyətləri ilə də maraqlanır. Yəqin ki, sonradan müvafiq tapşırıqlar da verilib.

Məhyəddin bəy ( Elçibəy hakimiyyəti dövründə idman naziri və olimpiya komitəsinin prezidenti Məhəddin Allahverdiyevi nəzərdə tutur.) hələ hərəkat vaxtından, bizim dostlarla yaxın idi. Bəzi proseslərdə iştirakı, köməyi də olmuşdu. 92-də olimpiadadakı uğurumuzdan sonra Məhiyəddinin xətrini Bəy lap çox istəyirdi. Biz Kələkiyə gələndən bir neçə il sonra Məhyəddin kəndə gəldi. Bəyə “Adidas” çantada idman dəsti hədiyyə gətirmişdi. Bir neçə gün qaldı, Bəylə görüşüb getdi”.

Mən sual vermədən, özü davam edir: “- Niz Kələkidən Bakıya dönəndən sonra Eldar bəy gəlirdi. ( Beynəlxalq dərəcəli hakim, 3 dəfə SSRİ-nin ən yaxşı hakimi seçilmiş Eldar Əzimzadəni deyir.) Bir neçə dəfə Bəyin qəbulunda olmuş, xeyli söhbət etmişdilər. Bir dəfəsində Əbülfəz bəyə AFFA-nın döş nişanını hədiyyə gətirmişdi. Bəy bizə tapşırmışdı ki, Eldar müəllim gələndə gözlətməyək, həmişə hörmət və ehtiramla yola salaq.”

Səsini bir az alçaldır, sanki kiminsə eşidəcəyindən ehtiyat edirmiş kimi əlavə edir: “Bəy arada görüm-baxım edirdi Eldar məllimə, amma bunu elə edərdi ki, kimsənin xəbəri olmasın. Mən otaqda olurdum deyə, şahidi olurdum”.

Prezidentlik dövründən soruşuram, deyir ki : “Əbülfəz bəyin prezident olduğu bir il ərzində idmançılara yüksək qayğı var idi. Bir dəfə yadımdadır, idman adamları ilə böyük bir tədbir, görüş təşkil olunmuşdu. İdmançılar növbə ilə öz problemlərini bir başa cənab Prezidentin özünə deyirdilər. O isə elə oradaca müvafiq qeydlər götürür, problemin həlli üçün nə lazımsa, edilməsinə göstəriş verirdi”, – deyir.

Sonra Əbülfəz bəyin Türkiyə futbolunda hansı komandanı tutmağını soruşuram. Cavabı təqribi bilirdim, yanılmamışam. Bəy “Qalatasaraylı” imiş. Mümkün olduqca da Qalatasarayın oyunlarını izləyərmiş.

Birdən yadıma düşür, bəs 1992-ci il, Avropa çempionatı? Axı onda Elçibəy hakimiyyətdə idi. Və o qədər işin arasında futbolla maraqlanmağa vaxtı olmazdı yəqin ki.

“Yox, maraqlanırdı. 1992-ci il Avropa çempionatı siyasi yönləri ilə də maraqlı idi. SSRİ çempionata qatılmağa vəsiqə qazansa da, dağılmışdı, əvəzində MDB adı ilə təmsil olunurdu. Azərbaycan, Pribaltika ölkələri və Gürcüstan MDB-yə üzv olmadığı üçün bu tərkibdə iştirak etmirdi. Yuqoslaviya isə ölkə içində müharibə getdiyi üçün son anda çempionatdan kənarlaşdırılmış, əvəzinə Danimarka yığması daxil edilmişdi. Biz prezident aparatında oyunlara baxırdıq. Arada Əbülfəz bəy oyunların nəticələrini soruşar, nələr beş verdiyi haqda maraqlanardı. Sonra biz Türkiyəyə səfərə gedəndə, rəhmətlik Turqut Özalın mühafizəsində olan hər kəsin futbolla çox ciddi maraqlandığının, hərəsinin bir yerli komandaya azarkeşlik etdiyinin şahidi oldum. Əbülfəz bəyə bu haqda deyəndə, o bütün bunların güclü dövlət olmanın xəbərçisi olduğunu dedi. “Dövlət qüdrətləndikcə, onun idmanı da inkişaf edir. Təkcə futbolda yox, bütün sahələrdə Türkiyə getdikcə irəliləyəcək, dünyada öz sözünü deyəcək. Bu bizdə də olacaq, amma hələ bir az var. Gərək problemləri həll edək, güclənək, sonra…”

Söhbət Türkiyədən düşmüşkən, Ədalət bəy bir maraqlı faktı da xatırlayır. Bu mənə də sürpriz olur.

– Əli Şənlə münasibətləri vardı. Gəlib gedənlərlə bir- birlərinə salam göndərər, hal əhval tutardılar. Nə vaxtsa görüşüb-görüşmədiklərini bilmirəm, inanmıram ki, görüşsünlər də. Amma Əli Şənin Bəyə xüsusi ehtiramı vardı. Deyəsən, elə ilk salamı da Sevgi xanım vasitəsi ilə o göndərmişdi (Söhbət Türk Ortadoks Patrikhanesinin basın sözcüsü Sevgi Ereneroldan gedir). Həmin illərdə bizim kəndlərdən Türkiyəyə işləməyə, fəhləlik etməyə gedənlər çox idi. Qonşu kənddən iş üçün gedən iki nəfər necə olursa, İstanbulda Əli Şanın villasında işləməyə gedib çıxırlar. Əli bəy villasında işləyən fəhlələrin kimliyi ilə maraqlanır. Azərbaycanlı olduqlarını eşidən kimi, “Elçibəyi bilirmisiniz?”, – deyə sorur. Qonşu kənddən olduqlarını öyrənəndə isə, içəri keçib əlində bir banka balla geri qayıdır.

“Ebulfez Elçibey benim çok sevdiyim bir kişi. Üstelik de arkadaşım. Her zaman hal-hatır sorarık bir-birimizden. Bakın, bu balı da bene Beyefendi kendisi gönderdi. Sizin oraların balı”, – deyə bankanı fəhlələrə göstərir. Nə vaxt qayıtsalar, Bəyə salamlarını çatdırmalarını da xahiş edir…

Bəzən verilən siyasi sualları futboldan misal gətirməklə cavablayırdı. Partiya daxilində baş verən bir hadisəyə, “Dünənki futbolda oyunçu qol vurduqdan sonra formasını çıxararaq sevinc göstərişi etdi. Əvəzində isə qaydaları kobud şəkildə pozduğu üçün qırmızı vərəqə aldı. Amma məsələ o qolu vurmaq idi. Əsas odur ki, qol vurulub və sayılır”, – cavabını vermişdi…

Bu yerdə düşünürəm ki, Bəy çox haqlı imiş. Nəyinki futbolda, elə siyasətdə də əsas “qolun vurulmağıdır”. Ola bilər ki, bu “qol hətta illər sonra qeydə alınsın”, eybi yox, əsas olan “qolu vurmaqdır”. Elə rəhmətlik Əbülfəz bəyin özünün də illər öncə dediklərinin günbəgün gerçəkləşməsi, ideyalarının həyata keçməsi futbolda son illər tətbiq olunan VAR sistemi ilə baxılıb, gec də olsa, hesaba alınmış qollara bənzəyir. Elçibəyin “vurduğu qollar” bizi gec-tez qalib edəcək. Özü demişdi axı, “Biz qalib gələcəyik!”

Çingiz Özgür

www.yenicag.az

1372
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv